Azərbaycan millisinin üzvü vətəndaşlıqdan imtina edir

7 İyul 2020 15:04 Milli komanda 1 961
Azərbaycan millisinin üzvü vətəndaşlıqdan imtina edir

Sportinfo.az Azərbaycan millisinin və “Keşlə”nin sabiq futbolçusu Ruslan Qurbanovun müsahibəsini təqdim edir

- "Keşlə"dən ayrıldıqdan sonra klubsuzsunuz. Gələcək karyeranızla bağlı qərarınızı vermisiniz?
- Açığı, danışıqlar prosesində ölkəni tərk etməyim lazımdır. Məcburiyyətdən burada qalmışam, heç yerə gedə bilmirəm.

- Belə çıxır ki, karyeranızı ölkə xaricində davam etdirəcəksiniz?
- Hazırda dəqiq bir söz deyə bilmərəm. Açığı, özüm də heç nə bilmirəm, hələlik gözləyirəm. Mənimlə maraqlanan klublar Rusiya pasportumun olmasını istəyirlər. İndiki məqamda orada legioner sayılıram və bu da keçidimi çətinləşdirir. Bu üzdən bir qərar verməliyəm. Dedilər ki, Azərbaycan vətəndaşlığından imtina elə, rusiyalı kimi gəl. Hələ ki, düşünürəm. Onsuz da, Azərbaycan millisinin artıq mənə ehtiyacı yoxdur, yığmaya çağırılmıram. Buna görə də, yaxşı götür-qoy etmək lazımdır.

- Karyeranızı Rusiyada davam etdirəcəksiniz?
- Hazırda ən real variant oradadır. Düzü, digər ölkələrdən də maraqlananlar var. Amma buranı tərk edə bilmirəm ki, onlarla görüşüm. Üstəlik, Qazaxıstanda yeni mövsüm artıq start götürüb, səhv etmirəmsə, tezliklə oyunlar yenidən bərpa olunacaq.

- Rusiyanın hansı klubuna keçməyə hazırlaşırsınız?
- Klubun adını deyə bilmirəm, çünki hazırda danışıq gedir. Onu söyləyə bilərəm ki, Rusiyanın birinci liqa təmsilçisidir.

- Azərbaycan vətəndaşlığından imtina etməyə hazırlaşırsınız?
- Bu məsələyə əlavə şərh vermək istəmirəm. Əgər seçim mənim karyeramla bağlıdırsa, deməli, düzgün qərarı verəcəyəm. Burada heç kimə lazım deyiləmsə, karyeramı bitirməliyəm?

- Azərbaycandan təklifiniz yoxdur?
- Heç kim mənimlə əlaqə saxlamayıb. Açığı, çox şey də gözləmirəm. Hələ futbol oynamalıyam, cəmi 28 yaşım var, özümü yaxşı hiss edirəm. Buna görə də, yaxşı düşünəcəyəm, valideynlərimlə məsləhətləşəcəyəm, ondan sonra qərarımı verəcəyəm.

- Burada qalmayacağınız deyəsən dəqiqdir...
- Azərbaycandan heç bir təklifim yoxdur. Əlbəttə ki, qalmayacağam. Karyeramla bağlı qərar verməliyəm. İndi "Keşlə"nin mənə olan borcunu ödəməsini gözləyirəm. Sənədləri toplamaq və ölkəni tərk etmək istəyirəm. Buna görə də, klubun öhdəliyini yerinə yetirməsini istəyirəm. Ailəm də yanımdadır, hamımız borcun ödənilməsini gözləyirik.

- Dediniz ki, Azərbaycan vətəndaşlığından imtina edə bilərsiniz. AFFA ilə heç bu barədə söhbətiniz olubmu? Bəlkə onlar yenidən milliyə çağırılmağınızı istəyirlər...
- Hələ heç kimlə danışmamışam. Hər şeyi düşündükdən sonra yeni komanda seçimimi edəcəyəm. Bundan sonra milliyə çağırılmayacağam, bunu bilirəm.

- Haradan bilirsiniz? AFFA ilə hər hansı bir probleminiz var?
- Xeyr, heç bir problemim yoxdur. Əksinə, AFFA həmişə kömək edib. Amma bilirəm ki, artıq onlara lazım deyiləm. Yeni gənc nəsil yetişir. Hiss edirəm ki, dəvət almayacağam. Yalnız ölkə xaricində legioner həyatı yaşasam, çağıra bilərlər. (apasport.az)

Digər Xəbərlər
Xəbər Lenti