AFFA-da GİZLİ GÖRÜŞ: Elxan Məmmədov ondan küsən adamı yanına çağırdı və…

6 İyul 2020 17:10 Azərbaycan Futbolu 1 652
AFFA-da GİZLİ GÖRÜŞ: Elxan Məmmədov ondan küsən adamı yanına çağırdı və…

AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov millinin keçmiş qapıçısı Kamran Ağayevlə görüşüb.

Qəbul federasiyanın inzibati binasında baş tutub.

Məmmədov mətbuata verdiyi son açıqlamalara görə Ağayevə öz narazılığını ifadə edib. Söhbət 1 ildən artıqdır futbolsuz qalan kiperin AFFA və şəxsən Elxan bəyin barəsində söylədiyi fikirlərdən gedir.

Həmin müsahibədən sitat: «Son bir ildə iki dəfə Elxan Məmmədovla görüşmüşəm. Üçüncü dəfə isə belə görüş olmayacaq. Çünki özüm istəmərəm ki, onunla üz-üzə gəlim. Mən ondan pul, bəziləri kimi klub tapmasını istəmədim. Şükür Allaha, futbol oynadığım dönəmdə gələcəyim üçün nəsə etməyi bacarmışam, güzəranımdan şikayətçi deyiləm. Məmmədovdan yeganə xahişim məşq etmək üçün mənə müəyyən şəraitin yardılması idi. Ancaq... Bilirsən, çox şey danışmaq istəyirəm və danışacam da. Yaxın vaxtlarda mətbuat konfransı keçirməyi qərarlaşdırmışam. Ayrı-ayrılıqda jurnalistlərin suallarını cavablamaqdansa, düşünürəm ki, hamısını bir araya gətirib bütün suallara cavab verim. Orda hər şeyi açıb danışacam, son iki ildə başıma gələn oyunları ictimaiyyətə açıqlayacam. Orda deyəcəm ki, Portuqaliyaya necə getdim, mənim ora yollanmağım kimlərə dividend qazandırdı. Çoxları məni Portuqaliyada qalmadığıma görə qınayır. Ancaq heç kim bilmir ki, “Boavişta”da aldığım maaş yarımaylıq xərclərimi qarşılayırdı. Heç kim bilmir ki, mən orda hansı şəraitdə qalırdım. Mənə deyirdilər ki, səbirli ol, növbəti ildə daha yaxşı kluba gedəcəksən, hər şey daha yaxşı olacaq. Ancaq bütün bunların hamısı boş söz-söhbət idi. AFFA-da oturanlara o lazım idi ki, kimin və ya kimlərinsə qarşısında hesabat verərkən “Kamran Portuqaliyada çıxış edir, filankəs digər Avropa ölkəsində oynayır” desinlər. Bizim, mənim üzərimdən özlərinə gün ağlayırdılar. Həmin vaxt mətbuata nəsə açıqlama verən kimi də “belə açıqlama vermə” deyirdilər. Mənə “xasiyyəti pisdi, çox danışır” deyirlər. Bəli, heç vaxt haqqı nahaqqın ayağına verməmişəm. Buna görə də həmişə pis olmuşam. Mən futbolun o üzünü də görmüşəm, “gül vaxtını” da. Şlanqdan gələn su ilə çimib, “peraşki” yediyimiz vaxt da olub, yaxşı pul qazandığımız dönəm də. Ancaq hər iki dönəmdə düz danışmağı sevmişəm. Elə olub ki, şərəfini qoruduğum klublarda öz maaşımdan əməkhaqqı az olan oyunçularımıza yardım etmişəm ki, futboldan küsməsinlər. İndi həmin adamlar da mənimlə əlaqə saxlamırlar. Əslində buna ehtiyacım da yoxdu. Ancaq onların keçmişlərini belə tez unutmaları mənə yer edir. Karyeramın zirvə vaxtında hər kəs deyirdi ki, Kamran mənim yetirməmdi, onu Azərbaycan futboluna mən bəxş etmişəm. İndi hardadı həmin dırnaqarası mütəxəssislər? Niyə biri zəng vurub maraqlanmır ki, yetirməm dediyi oğlan hardadı, nə iş görür? Mən futbola pula görə gəlməmişdim. Bizim vaxtımızda heç belə şeylərə diqqət verən də yox idi. Bizimki topa, bu oyuna olan sevgi idi. Və indiyə qədər də bu sevgi davam edir, belə başa düşürəm ki, heç vaxtda bitməyəcək. Mən futbol oynamışam, futbolla oynamamışam. Ancaq görürəm ki, AFFA-da oturanların çoxu məhz futbolla oynamaq üçün bu sahəyə üz tutublar. Bu qədər adlı-sanlı veteranlarımızın işsiz qaldığı vaxtda futboldan bixəbərlərin ora yığışması, görünür, kimlərəsə sərf edir. Buna görə də futbolumuz nəinki inkişaf edir, heç yerimizdə də saymırıq. Hər gün böyük addımlarla geriyə qayıdırıq».

E.Məmmədov K.Ağayevə xatırladıb ki, onun Portuqaliya və Çexiyada legioner həyatı yaşamasına AFFA yardımçı olub. Həmçinin bildirib ki, 32 yaşında karyerasına ara verməsinin səbəbini özündə axtarmalıdır.

Federasiya rəsmisi formasını geyindiyi bütün klublarda problem yaşamasını onun yadına saldırıb. Deyib ki, hara gedib, orada ya məşqçilərlə, ya da rəsmilərlə münasibətləri düz gəlməyib.

O, son olaraq, «Keşlə»ni misal çəkib. Belə ki, komandadaxili iclas zamanı Tərlan Əhmədovun sözünü kəsən qapıçı «sən səhv danışırsan» söyləyib və baş məşqçini pərt edib.

İcraçı vitse-prezident bu kimi xüsusiyyətlərini bildiyi üçün indi heç kimin onunla işləmək istəmədiyini Kamrandan gizlətməyib. AFFA bir neçə Premyer Liqa məşqçisinə onu heyətə qatmağı təklif etsə də,heç biri razılaşmayıb.

Bununla belə, E.Məmmədov söz verib ki, fedlerasiya onun yenidən futbola qayıtmasına cəhd göstərəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti