Kinə pul tapmaq olar, Premyer Liqaya 2 klub gətirmək olmaz?

30 İyun 2020 14:50 Azərbaycan Futbolu 1 092
Kinə pul tapmaq olar, Premyer Liqaya 2 klub gətirmək olmaz?

"Mançester Yunayted"in əfsanəvi futbolçusu, irlandiyalı Roy Kin Azərbaycan yığmasını çalışdıra bilər.

"The Sun"ın yaydığı xəbərə görə, AFFA hazırda komandanın baş məşqçisi postuna əsas namizəd olan Kinə rəsmi təklif göndərib.

Özü də son vaxtlar futbol şərhçisi işləyən irlandiyalı 48 saat ərzində Azərbaycan tərəfinin təklifinə cavab verməlidir.

Onu UEFA Millətlər Liqasında iştirak üçün Azərbaycan millisinə cəlb etmək istəyirlər. Komanda "C" Divizionunda mübarizə aparacaq. Bildirilir ki, AFFA-nın təklif etdiyi müqavilənin şərtləri Kin üçün cəlbedicidir.

"Lakin mütəxəssisi, bəlkə də Azərbaycan yığmasının baş məşqçisi postunu tutmağa inandırmaq lazım olacaq, çünki o, düzgün seçim edəcəyindən əmin olmaq istəyir", - qəzet qeyd edir.

Roy Kin 1993-cü ildən 2005-ci ilə qədər "Mançester Yunayted"də çıxış edib. Baş məşqçi qismində "Sanderlend" (2006-2008) və "İpsviç"i (2009-2011) çalışdırıb, İrlandiya yığmasının (2013-2018), "Aston Villa" (2014) və "Nottingem Forest"in (2019) məşqçi heyətində olub.

Kinin məşqçiliyə qayıtmaq niyyətinin olduğu bildirilir. Amma o, təklifi qəbul etməzdən əvvəl Azərbaycan yığmasının potensialına bələd olmaq istədiyini bildirib.

Ola bilsin ki, Kin, ümumiyyətlə, bu amili nəzərə almasın. Məlumata görə, AFFA ona fantastik məbləğdə məvacib vəd edib. Bu amil həlledici ola bilər.

AFFA baş məşqçisi vəzifəsinə namizəd olan mütəxəssislərlə danışıqları bərpa edib. Bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov iyunun 1-də "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində bildirmişdi: "3 məşqçi ilə danışıq gedirdi. Onlardan biri ilə martın sonunda müqavilə imzalanmalı idi. Təəssüf ki, pandemiyaya görə danışıqları dayandırmalı olduq. Amma 1 həftə öncə həmin məşqçilərlə danışıqları bərpa etdik. Millətlər Liqasının vaxtı dəyişilməsə, yeni təyinat avqustda gözlənilir".

Azərbaycan millisinə son olaraq Nikola Yurçeviç rəhbərlik edib. 2019-cu il fevralın 11-də yığmaya baş məşqçi təyin olunmuş xorvatiyalı mütəxəssis dekabrın 13-də AFFA İcraiyyə Komitəsinin qərarı ilə istefaya göndərilib.

AFFA-nın Kinin üzərində nə qədər dayanıb-dayanmayacağını qarşıdakı günlər göstərəcək. Aydın məsələdir ki, britaniyalı bura gətirmək üçün külli miqdarda vəsait xərclənəcək.

Amma o da bəllidir ki, irlandiyalı məşhur illərlə qazandığı nüfuzu Azərbaycanda «xərcləmək» istəməyəcək. Gələcəksə, öz tələb və şərtlərini ortaya qoyacaq və heç də qısammüddətli deyil.

O, futbolçu karyerası ərzində «n» qədər pul qazanıb, varidat toplayıb və indi yenidən məşqçilik həyatına atılmaqda məqsədi gündəmdə qalmaq, əksər həmyaşıdları kimi özünü bu sahədə tianıtmaq, isbatlamaqdır.

Məsələyə bir də Azərbaycan futbolunun aynasından baxaq. AFFA bir tərəfdən deyir ki, Premyer Liqa iştirakçılarının sayını artırmağa pul tapmırıq, o biri yandan, Kin başda olmaqla, bir çox avropalı məşqçilərin arxasınca düşüb.

2016-cı ildən Premyer Liqada klub sayı 8-dir və federasiya hər dəfə eyni özü təkrarlayır, imkansızlıqdan şikayətlənir, dolayısı ilə SOCAR-ı nişan verir.

Neft şirkətinin imkanı məhduddursa, AFFA Kinə veriləcək məbləğ haradan və kimdən alacaq? Olmaya, Elxan Məmmədov qızıl dolu küp tapıb, yaxud irlandın təyinatını şəxsi büdcəsindən qarşılayacaq?

Heç olmasa, ilinə 2-2,5 milyon avro alacaq? Yəqin ki. bu məbləğə I Diviziondan 2 komandanı Premyer Liqaya gətirmək otlmazdı? Olardı, amma… AFFA-ya sərf etmir. Sərf etmir…

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti