"2 ay futbolsuz qalmaq hər bir futbolçu üçün çox çətindir. Mart ayının sonunda Liqa dayandırıldı. "Online" məşqlər keçsək də, bu, meydanda keçən məşqlərlə eyni deyil".
Sportinfo.az xəbər verir ki, bu sözləri Küveytin "Əl-Salmiyə” klubunda çıxış edən azərbaycanlı futbolçu Kamal Mirzəyev koronavirusa görə futbolsuz qaldığı günlərdən bəhs edərkən bildirib.
"İyunun 10-da məşqlər bərpa olundu. Fiziki yüklənmələrlə məşqləri davam etdiririk. Çempionatın sentyabrın axırlarında bərpa olunacağı bildirilir. Karantin olduğuna görə, elə evdə oturub başımı qatmağa çalışıram", deyə 26 yaşlı futbolçu sözlərinə davam edib.
Dünyanı lərzəyə gətirən pandemiyaya görə sevdiyi peşədən uzaq qalan futbolçuya sərhədlərin bağlanması səbəbindən vətəni və ailəsindən uzaq qalmaq da əlavə çətinlik yaradıb:
"Burada təkəm. Klub legioner futbolçuları ölkələrinə qaytarmaq üçün variantlar axtarır. Amma hələ ki, komadanın heç bir oyunçusu ölkəni tərk edə bilməyib. Hamımız burada qalmışıq".
Son olaraq Kamal Mirzəyevdən Küveytdə koronavirusun hansı səviyyədə yayıldığını, ölkədə vəziyyətin necə olduğunu soruşduq: "Karantin rejimi tədbiq edilsə də, virusun qarşısını almaq olmur. Amma rejim bir qədər yüngülləşdirilib. Restoranlar, istirahət yerləri bağlıdır. Yeməyi restoranlardan "online" şəkildə sifariş edirəm. Mən olduğum şəhər yaxşıdır. Başqa şəhərlər var ki, yoluxma çox olduğu üçün giriş qadağandır". (Sport7.az)