Mahiri “Ayntraxt”a təklif etdi: “Azərbaycandan gedişimin tək səbəbi bu idi”

1 İyun 2020 13:54 Azərbaycan Futbolu 1 052
Mahiri “Ayntraxt”a təklif etdi: “Azərbaycandan gedişimin tək səbəbi bu idi”

Bu yaxınlarda dostlarla söhbətdə indiyə qədər ölkəmizdə çalışmış əcnəbilərlə, xüsusən də almanlarla bağlı danışanda bu ölkədən olan mütəxəssislərə nifrətimi gizlətmədim.

Berti Foqts, Hans-Yürgen Gede, Bernard Lippert, Oliver Pilzer, Nikolay Adam, Bernard Raab, Vinfrid Şefer...

Bunlar hələ adı yadıma gələnlərdi, unutduqlarım da var. Son 12 ildə neftin pullarını cibinə qatlayan almanlardan ciddi fayda görmədiyimiz danılmaz faktdı.

İş elə gətirdi ki, Nikolay Adamı kifayət qədər yaxından tanıyan biri “ağzımdan vurub”, bu adamın insani keyfiyyətlərindən, gördüyü və görmək istədiyi işlərdən danışdı.

Açığı, inanmadım, amma telefon bağlantısı zamanı ortaya hal şahidləri də çıxınca, susmağa məhkum oldum.

Məlumatım oldu ki, hər axşam yatmazdan əvvəl güzgünün qarşısında dayanıb öz-özünə “mən bu gün işimi vicdanla görə bildimmi” sualını verən Adam Azərbaycana və azərbaycanlılara olduqca bağlıymış. Neçə-neçə məşqçinin kateqoriyaya sahib olmasına səbəb olan alman mütəxəssis özü getsə də, arxasında xoş xatirələr buraxıb.

Belədə U-17 ilə “Caspian Cup”da 2-ci, U-19-la “Qranatkin turniri”ndə 18 komanda arasında 5-ci olan, elə həmin U-19-la elit mərhələyə yüksələn Nikolay Adamla danışmaq qərarına gəldim. Məlum oldu ki, U-17 ilə U-19-un sabiq çalışdırıcısı Mahir Əmrəlini “Ayntraxt”a təklif edib.

“O vaxt mənim yerimdə kim olsaydı, düşünmədən “hə” deyərdi”
- Necəsiz? Neynirsiz? Haralardasız?
- Hər şey yaxşıdı. “Koronalı” günlərdə bu sözləri deyə bilirəmsə, deməli, dünyanın xoşbəxtlərindən biriyəm. Ailəm, iki oğlum, yaxınlarım, dostlarım – hamısı özünü yaxşı hiss edir. O ki qaldı nə etməyimə, 2017-ci il sentyabrın 1-dən Frankfurt “Ayntraxt”ında Beynəlxalq Layihələr Departamentinin rəhbəri vəzifəsində çalışıram. Siz necəsiz? İşlərinizdə irəliləyiş var?

- Bizik də, Bakıya qapanmışıq, “korona” ilə əlləşirik.
- Narahat olmayın, keçib gedəcək. Bir az diqqətli olmağımız lazımdı, sadəcə.

- Bakı üçün darıxmırsız?
- (gülür) Darıxmamaq əldə deyil. Siz ki məni yaxşı tanıyırsız. Azərbaycan üçün nə qədər darıxdığımı azərbaycanlı Etibar İbrahimovdan soruşun, o sizə Hindistanda olduğumuz müddətdə başını nə qədər xarab elədiyimi desin. Azərbaycanda keçirdiyim illər həyatımın ən parlaq dönəmlərindəndi. Tək iş mənasında demirəm. Uşaqlarım körpə yaşdan orda böyüdülər, böyük oğlum baxçaya və birinci sinfə orda getdi və təbii ki, ordakı inanılmaz dərəcədə ürəyi təmiz dostlarım. Həqiqətən darıxıram. Yaxşı ki, ara-sıra danışırıq, ünsiyyətimiz var.

- Azərbaycandakı 5 illik karyeranızı necə qiymətləndirirsiz? Siz istəyən kimi oldu?
- Narazılıq etməyə haqqım yoxdu. 1996-97-ci il təvəllüdlü futbolçularla, yəni U-19-la elit raunda yüksəlməklə ölkə adına uğura imza atmış olduq. Həmin turnirdə Fransanın heyətində azərbaycanlı futbolçuların qarşısını kəsməyə çalışdığı Kinqsli Koman bu gün “Bavariya”nın şərəfini qoruyur (həmin görüşdə Fransa Azərbaycanı 2:0 hesabı ilə məğlub etmiş, hər iki topu Koman vurmuşdu – H.). İngiltərə kimi futbol nəhənginə 0:1 hesabı ilə uduzmuşduq. Məncə, məşqçilər heyəti və futbolçularla birgə gözəl iş görməyi bacardıq, 3-4 il çəkilən əziyyətin bəhrəsini sonda gördük.

- Bakı haqda yüksək fikirdəsiz, üstəlik, işləriniz də pis getmirdi, əhatənizdəki insanlar və s. Hətta Bakıdakı alman dostlarınıza “mən azərbaycanlıyam” deyirmisiz. Belədə niyə Azərbaycanı Hindistana dəyişdiz?
- Hindistandan aldığım təklif zarafat deyildi. Hindistan Futbol Federasiyasından Almaniya Futbol İttifaqına (AFB) aşağı yaş qruplarından ibarət yığmaların Almaniya sistemində sıfırdan hazırlanmasına dair müraciət ünvanlanmışdı. AFİ-dən də mənim namizədliyim irəli sürülmüşdü. Məqsəd Hindistanın U-17 yığmasını 17 yaşlıların dünya çempionatına hazırlamaq və iştirakına şərait yaratmaq idi. Razılaşaq ki, o vaxt mənim yerimdə kim olsaydı, düşünmədən “hə” deyərdi. Çünki Azərbaycanın U-19-nu elit mərhələyə daşımaqla müəyyən mənada uğura imza atmışdıq. Budəfəki çağırış isə əzəmətli görünürdü: dünya çempionatı. Azərbaycandan gedişimin tək səbəbi bu idi.

“Bu sualı siyahıdan çıxaraq”
- Bir nəfərdən eşitmişdim ki, Azərbaycandakı kateqoriya kurslarına əcnəbi mütəxəssislərin qatılmasına qarşı çıxmısız. Hətta bir dəfə əsəbləşib demisiz ki, mənim işim azərbaycanlılara nəsə öyrətməkdi, kənardan gələnlərə yox. Bir növ onları növbə tutmağa çağırmısız. Olub belə söhbət?
- (uca səslə gülür) Bu sualı siyahıdan çıxaraq.

- Çıxarmayaq. Elə müsahibənin “canı” bu sualdı.
- (düşünür) Onda belə deyim, mənim üçün əsas hədəf çörəyini yediyim, havasını udduğum ölkənin idmanına və insanlarına fayda verməkdi. Azərbaycanda işləyirəmsə, azərbaycanlılara kömək etməliyəm. Mənim müqaviləm AFFA ilədi, başqa federasiyalarla yox. Ona görə də ilk növbədə yerli mütəxəssislərin təhsil və kateqoriya almasının tərəfdarıydım. Təsəvvür edin, ərzaq növbəsidi, yaxınlıqda yaşayanlar qalıb kənarda, başqa ərazilərdəkilər gəlib durub hamıdan qabaqda. Sevmirəm belə şeyləri.

- Azərbaycana gələn əcnəbi məşqçilər özləri ilə bir dəstə həmyerlisini, yəni köməkçisini gətirib. Belə baxanda, dünyanın hər yerində belədi. Lakin siz Hindistana gedəndə hansısa almanı yox, 5 gündü tanıdığınız Etibar İbrahimovu apardız. Səbəbi indiyə qədər mənə maraqlıdı.
- Etibarı Hindistana yollanmamışdan cəmi bir neçə ay əvvəl tanımağa başlamışdım. Səhv etmirəmsə, 2014-ün yayı idi, məşqçi kurslarına qatılmışdı. Onun danışığı, davranışı, düşüncələri dərhal futbol adamı olduğunu göstərdi. Hiss olunurdu ki, bu adamın “qab”ında çox şey var, sadəcə, gizli saxlayır, nəyə görəsə açıb ortaya qoya bilmir. Kurslarda iştirak edə-edə C, B, A və yekunda PRO kateqoriyalarına sahib oldu. İnsani keyfiyyətləri də inanılmaz dərəcədə möhtəşəm idi. Və ən əsası, ingiliscəsi də vardı. Hindistana gedəndə yanımda doymuş, görmüş yox, uğur acı olan, enerjili birinə ehtiyac var idi. Həmin vaxt isə ağlıma belə bir alman həmkarımın adı gəlməmışdı. Ona görə də Etibarla işləmək istəmişdim. Doğru seçim etdiyimi düşünürəm. Çünki bundan sonra da eyni imkan yaransa, Etibar yenə yanımda olacaq.

- Bəhlul Mustafazadə, Mahir Əmrəli, Elnur Cəfərov, Qismət Alıyev, Yusif Nəbiyev, Ehtiram Şahverdiyev, Fəhmin Muradbəyli... Bu adların hər biri sizə yaxşı tanışdı.
- Nəinki tanışdı, onların hər biri mənə övlad, kiçik qardaş qədər doğmadı. Hər birinin xətrini çox istəyirəm. Mahirlə ara-sıra danışıram, başqalarına da sizin vasitənizlə salamlarımı çatdırıram.

“Bəhlula baxıram, yığmanın əsas heyət üzvünə çevrilib, Mahir Çempionlar Liqasının qrupunda çıxış edib”
- Adları boşuna çəkmədim. Vaxtilə xoş gələcək vəd edən bu futbolçular karyerasını xaricdə yox, Azərbaycanda davam etdirir. Niyə?
- Əla sualdı, amma mənim cavab verə biləcəyim deyil. Azərbaycanı 5 il əvvəl tərk etmişəm. O vaxt adını çəkdiyiniz futbolçular peşəkar karyeralarına yeni başlayırdılar, böyük futbolda ilk addımlarını atırdılar. Deyim ki, doğru yoldaydılar və hər biri Avropada oynaya biləcək potensiala sahib idi. Sonradan nə oldu, niyə çıxa bilmədilər – bunu deyə bilmərəm. Elnur, Mahir, Bəhlul – bu uşaqlar möcüzə idilər.

- Səbəbini özləri də bilmir, mən də bilmirəm, futbolsevərlər də “bilmirəm” deyir. 5 il Azərbaycanda çalışmış, burdakı vəziyyəti görnüş alman mütəxəssis də çiyinlərini çəkirsə, kimdən soruşaq?
- Dediyim kimi, bu uşaqlar rəhbərliyim altında oynayanda çox gənc idilər, hətta premyer-liqada iştirak etməyənlər də vardı. O vaxt üçün olduqca potensiallı görünürdülər. Amma sonradan mən onların çıxışını izləyə, performansını görə bilmədim. Ona görə də hələ də Azərbaycanda qalmalarının səbəbinin kimdən, nədən asılı olduğunu demək çətindi mənim üçün. Bəhlula baxıram, yığmanın əsas heyət üzvünə çevrilib, Mahir Çempionlar Liqasının qrupunda çıxış edib. Bu faktların özü böyük tarixdi. Amma yenə deyirəm, işin içində olmadığım üçün “niyə Avropada oynamırlar” sualı qarşısında susmağa məcburam.

- Bundesliqada çıxış edən “Ayntraxt”da çalışırsız, hansı ki, vaxtilə Emil Balayev həmin komandanın formasını geyirdi. Bu müddət ərzində əlaqə vasitələrinizdən istifadə edib hansısa azərbaycanlının xidmətini “Ayntraxt”a, yaxud başqa klublara təklif etmisiz?
- Bəli, etmişəm.

- Kimin?
- Mahir Əmrəlinin. “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışından sonra “Ayntraxt”ın skaut departamentinin rəhbəri Ben Manqa ilə söhbətdə Mahir haqda məlumat vermiş, vaxtilə rəhbərliyim altında oynadığını və əla potensiala malik olduğunu demişdim. Xüsusən də fiziki göstəricilərini və hər iki ayaqla oynamaq bacarığını vurğulamışdım. Yəni mən öz üzərimə düşəni etmişdim.

“Böyük adlar böyük uğur demək deyil”
- Amma xəbər çıxmadı...
- Mənim “Ayntraxt”da gördüyüm iş ölkə xaricindəki layihələrin hazırlanması, məktəblərin açılması ilə bağlıdı. Belə deyim, əsas, yaxud ikinci komandanın seleksiya işlərinə qarışa bilmirəm. Bəli, mütəxəssis kimi hansısa məsləhət verə bilərəm, təəssüf ki, kiməsə “bunu etməlisiz” demək ixtiyarım yoxdu. Mahir haqda lazım olanları demişdim, ondan sonra nə oldu, bilmirəm. Bilmək olmaz, bəlkə hələ də izləyirlər, maraqlanırlar.

- 15 ildən çoxdu Azərbaycan futboluna milyonlar xərclənir. İnfrastruktur göz oxşayır, potensiallı futbolçular var, klublar beynəlxalq arenalarda uğur qazanır. Lakin yığmaların durumu bərbaddı, nəticələr ürək ağrıdır. Sizcə, bunun səbəbi nədi?
- Bu cür vəziyyətdə sırf bir səbəb axtarmaq yersizdi. Çünki burda söhbət qlobal problemdən, nəticəsizlikdən gedir. Bu suala sırf Azərbaycan karyeramdan yanaşaraq yox, illərdi topladığım beynəlxalq təcrübəyə əsasən cavab verəcəm. Birinci cavabım odu ki, böyük adlar böyük uğur demək deyil. Əksinə, vaxtında uğur qazanmış adlara hədsiz güvən uğursuzluğa sürükləyən səbəblərdəndi. Azərbaycan kimi ölkə üçün yüksək hədəfləri düşünürsənsə, bacarıqlı, amma ac birinə güvənməyə ehtiyac var. Elə bir adam olmalıdı ki, gördüyü və görəcəyi nələrsə onu ruhdan salmasın, əksinə, həvəsləndirsin, daha yaxşısını etməyə çalışsın. İkinci cavabım isə vaxt və sistemdi. Çünki bunların hər ikisi bir-birinə bağlıdı. Vaxt verilməlidi ki, sistemi qura biləsən. Çox dərin mövzudu, inanın, saatlarla danışmaq, müzakirə aparmaq olar. Lakin ən qısa cavabı istəyirsizsə, “doğru seçim” deyərdim. Masa arxasında oturanda gələcək adına xoş vədlər verənə yox, gözlərindən uğur axan, lakin vəd verməyə tələsməyənlərə güvənmək gərəkir.
Mən o vaxt Azərbaycanda çalışmaq təklifi alanda ailəmdə o qədər çətinlik vardı. Təsəvvür edin, oğlum körpəydi, xanımım ikinci övladımıza hamilə idi. Və belə bir vəziyyətdə tanımadığın ölkəyə getmək, ora uyğunlaşmaq, hər cür çətinliklərə sinə gərmək – bunlar zarafat deyildi. Amma qorxmadım, “mən bunu bacaracam” deyib getdim, gördüyünüz kimi, pis alınmadı. Başqa ölkəyə gedən əcnəbi ilk növbədə həmin ölkəyə nə verəcəyini, onun üçün nə edəcəyini düşünməlidi (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı