"Bir neçə futbolçumuzun xaricə yollanmasına köməklik göstərəcəm"

24 May 19:00 Azərbaycan Futbolu 421
"Bir neçə futbolçumuzun xaricə yollanmasına köməklik göstərəcəm"

Menecer Erkin İbrahimov azərbaycanlı gənc futbolçuları ölkə xaricinə aparmağa çalışdığını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, agent bununla bağlı sosial şəbəkə hesabında məlumat yayıb:

"Azərbaycanda futbolçu yetişmir deyənlərə həsr olunur. Tural Bayramlı 2019/20 mövsümünün kəşfidir desəm, yanılmaram. Hələ ötən mövsüm bu perspektivli oyunçunu futbol mütəxəssisləri belə tanımırdı.

Tural "Sumqayıt"ın ikinci komandasında çıxış edirdi. Açığı, "Sumqayıt" gənc futbolçulara ən çox şans verən klubdur. Bunu mən yox, statistika deyir.

Sadəcə olaraq, həmin vaxt komandanın orta xəttdə seçim imkanı çox olduğundan Tural yetərincə forma şansı qazanmırdı. Bu futbolçu haqda öncə dostum, futbol duyumu çox yüksək olan Sərxan İbrahimoğlu məlumat vermişdi.

Turalı canlı izlədim və Sərxan ilə qərara gəldik ki, onun xaricdə çıxış etməsinə şans yaratmaq lazımdır. Latviyanın "Dauqavpils" klubu Bayramlını bəyənərək, ona müqavilə təklif etdi.

Qısa zamanda Tural komandanın aparıcı simasına çevrildi. İş elə gətirdi ki, yayda nəinki Tural, komandanın bir çox aparıcı oyunçusu ilə yollar ayrıldı. Gənc futbolçu son ana qədər Azərbaycana qayıtmaq istəmirdi.

Latviyanın bir iddialı klubu ilə danışıqlar uzandı. Viza probleminə görə Bayramlı vətənə qayıtmalı oldu, və həmin an "Keşlə"dən təklif gəldi. Sonrası hamıya məlumdur.

Tural mövsüm boyu yaşına uyğun olmayan futbol sərgilədi. Buna görə "Keşlə" klubuna, Turala hər zaman dəstək olmuş Tərlan Əhmədova minnətdaram.

Turalın Avropaya getməsində hərtərəfli dəstək göstərmiş AFFA və "Sumqayıt" klubunun rəhbərliyinə da çox sağ ol düşür. Qısa zaman ərzində Tural karyerada çox böyük addım atdl.

Gənc futbolçularımıza sözüm budur ki, ölkəni tərk etməyə çəkinməyin. Hamı birdən-birə La Liqada oynaya bilməz. Avropanın ortabab çempionatlarında belə çıxış istənilən futbolçunun inkişafına gətirib çıxardir.

Vaxtı ilə Mirabdulla Abbasovu xaricə göndərəndə onu da geniş kütlə tanımıdı. Di gəl ki, sonradan o ölkəmizdə ilin futbolçusu seçildi.

Koronavirus pandemiyası bitsin, bir neçə futbolçumuzun xaricə yollanmasına köməklik göstərəcəm. Keçən ilin iyun ayında AFFA-nın İcraiyyə Komitəsi vacib qərar qəbul etdi.

Xarici klublarda çıxış edən (baxışa yollanan və müqavilə imzalamaq ehtimalı yüksək olan), milli komandalara dəvət olunan və ya potensial namizəd olan yaşı 21-ə qədər azərbaycanlı futbolçulara dəstək göstərilməsi məqsədilə onların səfər xərci AFFA-dan ödəniləcək.

Milli komandamızın inkişafını istəyiriksə, perspektivli futbolçularımızı mütləq Avropaya göndərməliyik!"

Digər Xəbərlər
Xəbər Lenti
14 İyul 10:10 Bravo Sizi gözləyir!
13 İyul 21:00 1 il də "Sumqayıt"da