Musa və Qurban qardaşlarının İstanbulda gördükləri – VİDEO+FOTO

5 Aprel 2020 20:30 Azərbaycan Futbolu 989
Musa və Qurban qardaşlarının İstanbulda gördükləri – VİDEO+FOTO

Koronavirus pandemiyasına görə, dünyanın bütün sahələrində durğunluq davam edir.

Bundan ən çox əziyyət çəkən sahələrdən bir də idman mediasıdır.

Ölkə çempionatlarının dayandığı, heç bir yarışların keçirilmədiyi, hətta komandaların məşqlərinin belə olmadığı günlərdə idman mediasındakı xəbər qıtlığının izaha ehtiyacı yoxdur. Müsahibələrdə, açıqlamalarda olan oxşarlıqlar yazana nə qədər yorucudursa, oxuyan üçün də bir o qədər bezdiricidir.

Belə bir vaxtda düşündük ki, baş vuraq futbolumuzun keçmişinə. Bununla həm yaddaşımızı təzələmiş olarıq, həm də fasilə müddətini daha səmərəli keçirərik.

Ölkəmiz müstəqillik qazanandan sonra futbol üzrə ölkə çempionatı 1992-ci ildən keçirilməyə başlayıb. Amma klublarımızın Avropa arenasındakı debutu bir qədər gec baş tutub. Yalnız 1994-cü ildə UEFA-ya müstəqil dövlət kimi üzv olduqdan sonra qitə turnirlərində çıxış etmək imkanı yaranıb.

İlk iştirakçımız həmin ili çempion olan "Turan" olub. Təmsilçimiz 1994-cu ilin 9 avqust tarixində UEFA kuboku turnirinin ilkin təsnifat mərhələsi çərçivəsində Türkiyədə "Fənərbaxça" nın qonağı olub.

Oyun İstanbul şəhərinin "Şükrü Saracoğlu" stadionunda baş tutub və meydan sahibləri 5:0 hesabı qələbə qazanıb. Bu oyun futbol tariximizə avrokuboklardakı ilk oyun kimi həkk olub. Görəsən, "Fənərbaxça" ilə oyun, həmin gün meydanda olan futbolçuların yaddaşında necə qalıb?

Musa Qurbanov : "Hər iki oyunda da məğlub olduq. Cavab görüşündə, bəlkə də heç-heçə edə bilərdik. Amma son 5 dəqiqədə 2 qol buraxıb məğlub olduq. İlk dəfə idi avrokuboklarda çıxış edirdik. Təcrübəsizlik, həyəcan vardı. Oyunu çox səbirsizliklə gözləyirdik. 2 həftə öncədən artıq Türkiyədə toplanışdaydıq. Türkiyə tərəfi bizim bütün xərclərimizi çəkmişdi

VAXT AZLIĞINA GÖRƏ VERİLİŞLƏRDƏN İMTİNA EDİRDİM

Oyuna İstanbulda maraq daha böyük idi. O dövrlərdə komandanın ən populyar oyunçularından biri mən idim. 35 qolla ölkə çempionatın bombardiri olmuşdum. Türklər məni çox araşdırmışdılar. Bütün qəzetlər bu və digər mənə aid məlumatlardan yazırdılar. Kanallarda idman verilişlərinə çağırırdılar. Hətta vaxt azlığına görə, bir neçə dəvətdən imtina etmişdim. Çox sağ olsunlar yaxşı qarşılamışdılar.

“FƏNƏR”Ə QOL VUR, SƏNİ "QALATASARAY” APARAQ

Bizə təlim məşq toplanışını təşkil edən insanlar "Qalatasaray"a daha yaxın insanlar idi. Hətta arada mənimlə zarafatlaşırdılar ki, "Fənər"ə bir qol vursan, səni "Qalatasaray"a transfer edəcəyik. Oyundan sonra mənə konkret təklif olmadı. Ancaq çox danışırdılar ki, maraqlananlar var.

STADİON SANKİ YANIRDI

Fərdi səhvlərdən qollar buraxdıq. Kimisə günahlandırıb, kimdəsə səhvlər oldu demək istəmirəm. Biz ilk dəfə o cür azarkeş qarşısında çıxış edirdik. Hətta oyundan öncə isinmə hərəkətləri üçün meydana çıxanda, bəzi futbolçularımız məşqi unudub tribunalara baxırdılar. Məşqçilər dilə gəlib dedilər ki, bəsdirin tribunalara baxdınız. Elə futbolçularımız vardı, tribunalara baxa-baxa deyirdi ki, görəsən, biz hara düşmüşük belə? Tribunalarda güclü atəşfəşanlıq vardı. Düzdü, biz "Neftçi"də oynayanda stadion tam dolurdu. Amma buranın ab-havası tamam başqa idi. Stadion sanki yanırdı. Bunlar bizə yad şeylər idi".

ARAMIZDA NARAZILAR VARDI

Komandanı gücləndirmək üçün digər klublardakı yaxşı yerli futbolçuları komandamıza cəlb etmişdilər. Adlarını çəkmək istəməzdim, amma 2-3 nəfər buna narazılıq edənlər vardı. Ki, biz çempion olmuşuq, niyə kənardan futbolçular gətirilir. Amma bu narazılıqlar 5-0-a səbəb oldu deyə biləcəyimiz həddə deyildi.

QARPIZ SATAN QAPIÇI

İlkin mərhələdə təlim məşq toplanışını "Neftçi baza"da edirdik. O zaman türkiyədən məşqlərimizi izləməyə jurnalistlər gəlmişdi. Jurnalistlər qapıçımız Nizami Sadıqova yaxınlaşıb, soruşdu ki, futbola necə başlamısan? Yanlarından keçəndə mən də zarafatla dedim ki, bazarda qarpız boşaldan olub. Sonra getdik Türkiyəyə. Heç bu söhbət yadımıza da düşmürdü. Orda gördük ki, qəzetlərin üzərində maşın və maşının üstündə Nizamı Sadıqovun qarpızla şəkli. Başlıqda təxminən belə bir şey yazmışdılar ki, "Turan"ın qapıçısı qarpız sataraq futbola gəlib. Qəzet son zamanlara kimi məndə idi".

Məqsəd Yaqubəliyev: "Fənərbaxça ilə oyun ərəfəsində təlim-məşqə yığılmalıydıq. Hazırlaşırdıq Türkiyə getməyə. Elə bu vaxt püşkatmada bizə rəqib "Fənərbaxça" düşdü. Hazırlığımızı Türkiyədə davam etdirdik. Bu günlərdən fərqli olaraq o vaxtlar hələ təzə-təzə peşəkarlığa başlayırdıq. Ancaq normal hazırlıq gedirdi.

BU HAL İLK DƏFƏ ”TURAN” ÜZƏRİNDƏ OLDU

O zamanlar belə bir qərar vardı ki, Azərbacanı avropada təmsil edən klubun heyəti digər klublarda çıxış edən güclü oyunçularla gücləndirilisin. Bu, yaxşı çıxış etməyimiz üçün hesablanmış addım idi. Burda rəsmi kontraktlardan söhbət gedə bilməzdi. Bu hal ilk dəfə "Turan" komandası üzərində oldu. O zamanlar futbolçular bunu tam qəbul edə bilmirdi. Ona görə, bu haqq-hesab komandada pis atmosfer yaratdı. Mən o vaxt komandanın heyətində iştirak edən bir futbolçu kimi bunu deyə bilərəm ki, bu qərar bizim aramızdakı mehribançılığa pis təsir etdi. Oyundan qabaq müəyyən problemlər yarandı. Oyuna 3-4 gün qalmış əsas futbolçularımız olan Vidadi Rzayev və Eldar Bədəlov heyətdən uzaqlaşdırıldı. Bunlar komandamızda ruh düşkünlüyü yaratdı.

OYNAMAQ ÜÇÜN AĞRILARIMI GİZLƏTMİŞDİM

Hər bir futbolçu istəyərdi ki, bu oyunda meydanda olsu. Musa Qurbanovun və mənim ayağımda mazol vardı. Mən ağrını gizlədirdim ki, çıxıb oyanmaq lazımdır. Belə ağrılarla istədiyin oyunu ortaya qoya bilmirsən. Onda peşəkarlıq aşağı idi. Oyuna az qalmış yeni butsilər paylandı. Bu da əlavə çətinliklər yaradırdı.

70 DƏQİQƏ TAB GƏTİRƏ BİLİRDİK

Oyunda ilk sarı kartı mən almışdım. Təbii ki, Azərbaycan çempionatı ilə avropadakı futbolun sürət eyni deyildi. Azərbaycan çempionatında gücümüz 90-dəqiqəyə bəs edirdi, avropada 70 dəqiqə ancaq tab gətirə bilirdin".

Bəxtiyar Musayev: "Çempionat bitən kimi mən və Mirbağır İsayev "Neftçi"dən "Turan"a dəvət almışdıq. Beynəlxalq arenada ilk oyunumuz idi. Rəqibimiz adlı-sanlı, köklü klub idi. Güclü rəqibə qarşı çıxış etdik. Acı məğlubiyyət oldu. Təcrübəsizlik və fiziki vəziyyət öz sözünü dedi.

İLK DƏFƏ "ŞÜKRÜ SARACOĞLU"DA GÖRDÜM

Bizə qarşı çox yaxşı münasibət var idi. Televiziyalardakı idman proqramlarına dəvət etmişdilər. Jurnalistlər olduğumuz otelə gəlirdilər. İki həftə əvvəldən orda toplanışda olduq. Elə ordan da birbaşa oyuna getdik. Orda olduğumuz müddətdə çox isti qarşılandıq. Bundan əvvəl "Neftçi"nin oyunlarında daha artıq artıq azarkeşin qarşısında çıxış etmişdim. Amma belə çılğın, ilk dəqiqədən son dəqiqəyə kimi möhtəşəm dəstəyi "Şükrü Saracoğlu"da gördüm. Türkiyəli azarkeşlər tam başqa idi.

MƏŞQDƏN ÇIXMAQ İSTƏMİRDİK

Müharibə şəraiti istənilən kimi məşq etməyə imkan vermirdi. O vaxt məşq meydançalarımız bərbad idi. Bilmirdin bərbad meydanla mübarizə aparasan, yoxsa rəqiblə. Cəmi 4-5 topla məşq edirdik. Türkiyədə elə şəraitlə rastlaşdıq ki, məşqdən çıxmaq istəmirdik. Məşq bitirdi, amma biz meydanda qalıb davam edirdik. Meydanlar əla, top sayı çox. Amma bunu il boyu davamlı etmək lazım idi. Bunlar hamısı zəncirvari bir-birinə bağlıdır. Belə şeylərə baxmayaraq sona kimi mübarizə apardıq. O vaxt "Turan"da ustalıq səviyyəsi yaxşı olan futbolçular çox idi".

Qurban Qurbanov: ”Bu oyunla bağlı xatirələrimdən öncə, bir qədər əvvələ getmək istəyirəm. Futbolçu kimi "Turan”da ilk çempionluğumu yaşadım. Bu həm də ”Turan”nın ilk çempionluğu idi. Bundan sonra ”Fənərbaxça”ilə oyun ilk avropa təcrübəmiz oldu. İlk dəfə azərbaycan klublarından ”Turan” olaraq bu bizə qismət oldu. Xatirələrimin hamısını bölüşə bilməyəcəm. Çünki bu oyundan xeyli vaxt keçib. Bizim üçün çətin idi. Klub olaraq avropa təcrübəmiz yox idi. Həm də ilk görüşü ”Fənərbaxça” kimi komandaya qarşı oynamalı olduq. Azarkeşləri həddindən artıq çılğın və aqressiv idilər. O dönəmlə 30 minlik stadion idi. Çox fərqli ab-hava yaratmışdılar. İstər-istəməz mən daxil bütün komandada həyəcan vardı.Oyuna çox böyük həvəslə çıxmışdıq. Düzdü, böyük hesabla məğlub olduq. Amma bu oyun bizə böyük təcrübə verdi. Orda hiss etdik ki, avropa klubları ilə ayaqlaşmaq bizim üçün heç də asan olmayacaq.Xatirələr həqiqətən çoxdur. Uzun müddətdi bu oyun mənim yadımda deyildi. Vasitənizlə bir daha bu oyunu xatırlamış oldum".

Nizami.Sadıqov: ”Azərbaycanı avropada təmsil etmək yükü ilk dəfə bizim üzərimizə düşdü. İlk dəfə İstanbula getməyimiz orda oyuna hazırlığımız, səsli-küylü ”Fənər”azarkeşləri heç vaxt yaddan çıxmaz. Stadiona yaxınlaşanda artıq o vahiməni hiss edirdin. İlk 25 dəqiqə çox çətin keçdi. Ancaq yavaş-yavaş buna alışdıq.

O QOLU UNUDA BİLMİRƏM

Nilsonun cərimə zərbəsindən vurduğu qolu hələ də unutmamışam. Məncə o qola mane ola bilərdim, sadəcə topa gecikdim. Bəzi futbolçuların olmamasına, yeni qoşulan futbolçulara görə, ab-hava korlanmışdı. Bəlkə də bunlar öz təsirini göstərdi. Daha yaxşı oynaya bilərdik. Amma.5-0 uduzsaq belə heç də pis oynamamışdıq. Yaxşı kollektivimiz vardı. Elə kollektiv çox az hallarda olur. Bir neçə yaxşı qol epizodlarımız da oldu. Buraxdığımız qollar əks hücumlardan, standart vəziyyətlərdən oldu. Amma unutmayaq ki, ”Fənərbaxça”nın heyətində Türkiyənin və başqa millilərin futbolçuları oynayırdı. Səviyyə fərqi bilinirdi".

ACIĞA OYUNA DA BAXMADIM

Vidadi Rzayev: "İstanbulda komanda ilə bir yerdəydim. Ancaq nizam -intizama görə, "Fənərbaxça" ilə görüşdən kənarda qaldım (gülür). Kazbek Tuayev məni meydana buraxmadı. İnanmayacaqsız, amma baş məşqçi məni oynatmadı deyə, acığa heç oyuna da baxmadım. Açığı, düz edib oynatmamışdı. Ancaq Sumqayıtdakı cavab görüşündən əvvəl məni bağışladı və 90 dəqiqə meydanda oldum.Çox mehriban komanda idik. Mən hələ elə bir komandada oynamamışdım. Burdakı oyundan sonra mənə təkliflər oldu. Açığı özüm istəmədim. Kənarda qalmaq mənlik deyildi".

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!