"Bakıya qayıtmaq söhbəti hələ gündəmdə deyil"

4 Aprel 2020 14:22 Azərbaycan Futbolu 598
"Bakıya qayıtmaq söhbəti hələ gündəmdə deyil"

Koronavirus pandemiyası insanları evdə oturmağa məcbur etməklə doğmaları bir-birindən uzaq salıb.

Sportinfo.az xəbər verir ki, vətəndən kənarda legioner həyatı yaşayanların durumu ürək ağrıdır.

Futbolun dayandığı, məşq və oyunsuz qaldığımız vaxtda top dalınca qaçanlar gününü dörd divar arasında tək keçirməyə məcburdu. Bir var ailə üzvlərinin əhatəsində olasan, bir də var yad ölkədə.

Bosniya və Hersoqovinaya futbol oynamağa gedən, lakin “Çelik”də hələ də rəsmi debüt edə bilməyən Elvin Yunuszadə Bakıya qayıtmaqda çətinlik çəkirdi.

Bir müddət öncə Sarayevo-İstanbul-Bakı reysi ilə bura qayıtmağı planlaşdırsa da, Türkiyədə “ilişmişdi”. Jijkov “Viktoriya”sının uğurları üçün tər tökən Fərid Nəbiyev də Çexiyadan çıxmaqda çətinlik çəkir.

Azərbaycanın başqa ölkələrlə giriş-çıxışının bağlandığını nəzərə olsaq, onların hansı vəziyyətdə olduğunu təsəvvür etmək çətin deyil. Hər iki futbolçu ilə əlaqə saxlayıb son durumları ilə maraqlananda məlum oldu ki, Elvin artıq vətəndədir (Futbol+).

Elvin Yunuszadə: “Düzdü, bir neçə gün Türkiyədə qalmalı oldum. Lakin artıq Azərbaycandayam. Hamı kimi mən də futbolun bərpa olmasını və yenidən yaşıl meydanlara dönməyimizi gözləyirəm”.

Fərid Nəbiyev: “Hazırda Çexiyadayam. Hələ ki topsuz fərdi məşqlərlə kifayətlənirəm. Məşqçilər heyətinin verdiyi proqram üzrə məşqlərimizi evdə davam etdiririk. Bakıya qayıtmaq söhbəti hələ gündəmdə deyil. İnşallah, qısa zamanda çətin günlər arxada qalar və biz də yenidən sevdiyimiz işlə məşğul olarıq”.

Xəbər Lenti