Onlarda Hakan, Caner, bəs bizdə kim?

30 Mart 2020 20:20 Azərbaycan Futbolu 883
Onlarda Hakan, Caner, bəs bizdə kim?

Koronavirus pandemiyasının sürətlə yayılması dünya futboluna bütün seqmentlər üzrə fəaliyyətini sıfıra endirib.

Ən azı aprelin 14-nə kimi klublarımız nə oyunlara çıxa biləcək, nə də məşqlərə.

Virusdan qorunmağın ən yaxşı yolu evdə qalmaqdır. Əbəs yerə deyilmir ki, evdə qalaq, sağlam olaq. Bu aksiyaya hər sahədən olan insanlar kimi, futbol ictimaiyyəti də çoxluqla qoşuldu və dəstəklədi.

Ancaq bu aksiyanın bir mənfi cəhəti var ki, məhz insanlar günlərdi onun üzərində müzakirələr aparır. «Evdə qal, sağlam ol» deyirik, deyirsiz, bura qədər gözəl. Bəs evdə qalıb sağlam olmaq üçün həm də normal qidalanmaq, gündəlik ehtiyacları qarşılamaq lazımdır.

Hazırda cəmiyyətimizdə böyük bir kəsim gündəlik ehtiyaclarını ödəmək üçün işləməlidir. Belə insanların evdə qalıb, sağlam qalmaq potensialları sıfırdır.

Bu, yalnız bir halda mümkün ola bilər ki, onlara imkanı çatan şəxslər yardım etmiş olsunlar.

Dünyada nə çox futbolçular var ki, «evdə qal, sağlam qall» aksiyasına qoşulmaqla bərabər, həm də evdə qalmasına səslədikləri insanlar arasında olan imkansız ailələrə yardım etməklə məşğuldur.

Məsələn, "Barselona"nın və Uruqvay millisinin hücumçusu Luis Suares ölkəsində eyni vaxtda 500 ehtiyaclı ailəni 500 zənbil ərzaq payı ilə sevindirib. Qonşu Türkiyədə Caner Erkin 1000, Hakan Balta isə 706 ehtiyaclı ailəni öz himayəsinə götürüb və bütün ərzaq ehtiyaclarını ödəyəcəklərini bildiriblər.

Bizdə isə bu tendensiya zəifdir. Düzdü, mental olaraq bizlərdə belə bir adət var ki, sağ əlin verdiyini sol əl bilməməlidir. Bəlkə də bu deyimə əməl edib, xeyirxah əməlləri ilə məşğul olan futbolçularımız var. Varsa, çox gözəl. Allah min əvəzin versin.

Məncə, artıq elə bir dövrə gəlmişik, sağ əlin verdiyini nəinki sol əl, hətta bütöv cəmiyyət bilsə, daha yaxşı olar. Ki, bu digərlərinə nümunə olsun, həm də belə nəcib addımlara qoşulmuş olsunlar. Bəzən heç bu nümunəyə də baxan olmur, o da qalmışdı sol əldən gizlin sağ əllə yardım edələr ...

Ölkəmizdə də pandemiya ilə mübarizədə öz dəstəyini əsirgəməyən futbol adamlarımız var. Qeyd etməsək, haqsızlıq etmiş olarıq. Öncə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 20 min, komandanın digər futbolçuları 50 min manatı Koronavirusla Mübarziyə Dəstək Fonduna ödəmə etdilər.

Bundan sonra "Neftçi"nin idman direktoru Ceyhun Sultanov aksiyaya qoşuldu. O, öz hesabına fonda 1000 manat yardım etdi. Bir də, bu gün AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov 4000 manatından keçib. Vəssalam!

Hələ ki, digər federasiya funksionerlərindən, klub rəsmilərindən və futbolçularından aksiyaya qoşulanları yoxdur. Razıyam, istənilən futbolçunun və ya klub rəsmisinin fonda yardım etmək gücündə olduğunu düşünmək ağılsızlıqdır. Amma arasında bunu edə biləcək gücdə olan 5-10 nəfərdəmi yoxdur?

Sizcə, aşkarda olan belə bir fonda 1 manatını əsirgəyən adamlar yüzlərlə ailənin həftələrlə ehtiyacını qarşılayarmı? Bəzən, "sağ əl verdiyini sol əl bilməməlidir" misalı kimlər üçünsə yaxşı qalxan rolunu oynayır. Həm də millətimizin belə çətin günlərində...

İdman adamlarının Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna göstərdikləri yardımın məbləği ilə sizləri tanış edirik:
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov – 20 min manat
“Qarabağ” futbolçuları – 50 min manat
AFFA-nın baş katibi Elxan Məmmədov – 4 min manat
Azərbaycan yığmasının sabiq futbolçusu Kamran Ağayev – 1000 manat
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov – 5000 min manat
“Neftçi” klubunun idman direktoru Ceyhun Sultanov – 1000 manat
Cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli – 1000 manat

Xanoğlan İmanov

Xəbər Lenti