“İndi heç kimin yadına futbol düşmür” - SORĞU

30 Mart 2020 10:10 Azərbaycan Futbolu 514
“İndi heç kimin yadına futbol düşmür” - SORĞU

Koronavirus pandemiyasının dünyada, o cümlədən Azərbaycanda yayılması, idmana, xüsusilə də futbola təsirsiz ötüşmədi.

Təxminən 15-20 gündür ki, Avropanın əksər çempionatları dayandırılıb, avrokubok oyunları da keçirilmir. Bəs pandemiya idman jurnalistlərinin işinə nə dərəcədə təsir göstərib?

Vəziyyət belə davam edəcəyi halda, idman yazarlarının hansısa planı varmı? Bu suallarla bir neçə idman jurnalistinə müraciət etdik.

Amal Abuşov (Sport7.az):

“Pandemiyanın fəsadlarından əziyyət çəkməyən insan demək olar ki, yoxdur. Ən çox övladlarımıza, böyüklərimizə görə narahatam. Onların bu virusa yoluxmamasını arzulayıram. Özüm də mümkün qədər evdə oluram. Gündə bir dəfə evdən ən zəruri ehtiyaclar üçün çıxıram. İşimizi evdən davam etdirməyə çalışırıq. Telefon və internetlə “Sport7.az” saytının işini əməkdaşlarla kordinasiya edirik. Hələ ki, çalışırıq uyğunlaşaq, dövlət orqanlarının qoyduğu qadağalara əməl edək. Mən 6 ildir ki, hər həftəsonu rayona, atamın yanına gedirdim. Artıq bu səfərlər də mümkün deyil. Atamı qohumların, qonşuların qayğısına etibar etmişik. Uşaqlar bağçaya, məktəbə gedə bilmirlər. Havaya çıxmaq olmur. Bütün bunlar psixoloji gərginlik yaradır. Ümid edirəm ki, aprelin sonunadək problemin ciddi mərhələsini arxada qoyacağıq, normal həyata geri dönəcəyik. Hələ ki, xüsusi bir planım yoxdur, müvafiq orqanların tövsiyəsinə uyğun, gündəlik rejimimizi qurmuşuq. Hamıya səbr və dözümlü olmağı arzulayıram”.

Aydın Bağırov (Qol.az):

“Bu pandemiya başqa sahələrə olduğu kimi, bizim də işimizə mənfi təsir göstərir. Öz saytımız adına deyə bilərəm ki, yarandığı 12 ildə belə hadisəylə qarşılaşmamışdıq. Son 15 gündə, xüsusilə, futbol liqalarının dayanması oxucu sayının ciddi azalmasına gətirib çıxarıb. Vəziyyətin mart ayı üçün kommersiya reklamlarına təsiri olmayıb, amma aprel ayından bunun təsiri olacaq. Çünki saytımızın gəliri daha çox klublardan deyil, kommersiya reklamlardandır. Məlumdur ki, pandemiya onların da gəlirinə təsir edib. İstər-istəməz bu vəziyyətin mediaya, bizə də təsiri olacaq. Düşünürəm ki, media belə problemlərə hazır olmalıdır, bu cür sınaqlara hazır olanlardan biri də media olmalıdır, o cümlədən idman mediası. Planımızda hansısa dəyişiklik olmayacaq, əvvəl necə idisə, o şərtlərlə də işimizə davam edirik. Təbii ki, maddi təsirlər ola bilər, amma planlarımızda ciddi dəyişiklik yoxdur. Digər əsas problem odur ki, informasiya baxımından korluq çəkirik. Bu da təbiidir, futbol yoxdur, idman tədbirləri dayanıb. Bu da bizim işimizə təsir edir”.

İlkin Vaqifoğlu (Sportinfo.az):

“Koronavirusin bu şəkildə yayılması, açığını demək lazımdırsa, bizim üçün şok oldu. Martın 19-dan redaksiya şəraitində çalışmağa ara vermişik. Hər halda, 7-8 nəfərin bir yerdə işləməsi təhlükəlidir. Düzdür, redaksiyada mütəmadi olaraq təmizlik işləri görülürdü, ancaq yenə risk etməməyi qərara aldıq. Hamımız ev şəraitində çalışırıq. Redaksiya başqa, ev başqa – bunun effekti də başqadır. Hamı necə, biz də elə. İnanıram ki, bu, müvəqqəti çətinlikdir və tezliklə rahat nəfəs alacağıq. Dövlətimizin koronavirusla mübarizə üçün gördüyü bütün işləri, atdığı bütün addımları dəstəkləyirik. Ölkəmizin, xalqımızın bu bəladan qurtulması üçün vacib qərarlar verilib və hər birimiz öz üzərimizə düşəni etməliyik. Sağlamlığımızın qayğısına qalmaq hər şeydən vacibdir. Karantin müddəti uzansa, nə edəcəyik? Nə edə bilərik ki… Hazırkı rejimdə fəaliyyətimizi davam etdirib, pandemiyanın başa çatmasını gözləyəcəyik. Ümumi vəziyyət elədir ki, səbr etməkdən başqa yol yoxdur. İndi heç kimin yadına futbol düşmür. Koronavirusla bağlı xəbərlərə üstünlük verməkdəyik. Fərqi yoxdur, bu, futbolun özüylə bağlıdır, ya adi həyatla. Hər halda, gündəlik həyatın içindən xəbər vermək, oxucuları məlumatlandırmaq bu gün daha vacibdir”.

Aygül Qarayeva / komanda.az

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular