Kasıb onsuz da kasıbdır

20 Mart 11:48 Azərbaycan Futbolu 256
Kasıb onsuz da kasıbdır

Dünya cəza evinə çevrilib, hamı ev dustağıdır. İraq, Suriya, Əfqanıstan, Venesuela, Yəmən, müharibələr, qaçqın-köçgünlər, öldürülən günahsız insanlar, evsiz-eşiksiz qalan qadınlar, uşaqlar yaddan çıxıb. Hər kəs öz hayındadır…

“Korona” krallı-kraliçalı, prezidentli-fəhləli, varlı-kasıblı heç kimi tanımır, saymır. Adına uyğun hərəkət edir. Bir çox bəşər padşahlarından fərqli uşaqlarla çox da işi yoxdur. Məsuliyyət yükünü daşıyan yaşlı, qocalardan bərk yapışıb.

Tarixdə ən dəhşətli ll dünya savaşında belə planet kütləvi karantinə alınmamışdı. Müharibələr, qırğınlar da adiləşib artıq. Müasir dünya çox bəlalar görüb. Beləsi hələ olmamışdı. Siçan ilində mədəni ifadə etsək, qaçıb gizlənilir, nəsə axtarılır…

Var-dövlət, yağlı vəzifələr, müxtəlif ölkələrdəki varidatlar, banklarda, yastıq altda yığılan milyonlar da kara gəlmir. Mollar, stadionlar, əyləncə, qazanc mərkəzləri, zavod, fabriklər ulayır. Neft də su qiymətinə düşüb, dünya iqtisadiyyatı çöküb, dayanıb artıq…

Bioloji silahdan, “qızıl milyarddan” tutmuş Tanrı cəzasına kimi bütün versiyalar müzakirə edilir.
Nə olursa-olsun, fərq etməz, fakt faktlığında qalır, bəşər aləmi acizdir. Ayrı-ayrılıqda insanlar deyil, kütləvi halda sivilizasiya, böyüklü-kiçikli ölkələr sınağa çəkilib.

Çində virus yayıldı, “həşərat yeyənlərə bu da azdır” deyildi. İran vuruldu, “müsəlman çirkabın içindədir, ölməlidir” fəryadı qoparıldı. “Korona” İtaliyaya baş vurdu, ehtiyatla “onlar da Avropanın qaralarıdır” fikirləri dolaşdı. Fransa, İspaniya, Almaniya, İngiltərə, Vatikan çökəndə, hamı susdu…

Məqsədli-məqsədsiz bütün proqnozlar, niyyətlər alt-üst oldu. Nümunə göstərilən, inkişaf etmiş ölkələr necə bu hala düşə bilərdi?! İnsanlar çaşqınlıq içərisindədir. Təbliğat işləmir. Bəs müsəlman mifi, acından ölən, çirkab içində olan dövlətlər? Avropa çökməsəydi, Amerikaya gedib çatmasaydı, virusa “islam terorizmi” damğası da vurulacaqdı.

“Korona” çox müstəqildir, təsir altına düşmür, hələ ki, istədiyi gedişlərini edir, bildiyini vurur.
Bahalı kruiz gəmiləri, klub prezidentləri, deputatlar, vergini artıranlar, milyonlar qazanan artistlər, məşqçilər, futbolçular… Taclanmış virus ipək yolu ilə tacirlik edir, malını icazəsiz, vizasız istədiyi ölkəyə daşıyır…

Kasıb onsuz da kasıbdı. Öldü nə fərqi, qaldı nə fərqi. Zavod çörəyinə həsrət qalmış canlı meyit kimidilər. Kasıbın bəxti gətirəndə şəhid olur ancaq. “Korona” adına uyğun olmayan xalq kütləsi ilə dostluq edir, dünyada şahlıq edənlərə meydan oxuyur. Krallar, dövlət rəhbərləri əl verib görüşməyə belə çəkinirlər…

Böyük dövlətlər 100 milyardlarla dollar xərcə düşürlər. Dünənə kimi mitinqlərdə küçələrə çıxan fağırları tapdalayanlar, indi evlərdən çıxmamaları üçün yalvarırlar. Kasıba olan sevgidən etmirlər, özlərini düşünürlər. Yoluxmaqlarından, ölümlərindən qorxurlar…

“Korona”ya qarşı ayrılan 100 milyardlarla hər gün dünyada aclıqdan ölən bir insan da belə ac qalmazdı, körpələr ölməzdi. Xəzinə indi yada düşüb. Gündə yeni növ silahlar istehsal edilir, fəryad qoparan kimsəsizlər əzilir, bir gözəgörünməz virus qarşısında isə aciz qalınır…

Dünyada padşahlıq edənlər necə də cılızlaşıblar. Planet təbii zindana çevrilib. Nə atom bombası köməyə gəlmir, nə də F-35-lər, S-400-lər. “Korona” sanki kimsəsizlərin görünməz silahına çevrilib. Bəlkə bundan sonra azğınlaşmış dünya ayıla…

Yer kürəsi kainatda bir nöqtə də deyil. Gedəcək bir yer də yoxdur. Evlərə sığınmaqla dünya qurtulmaz. İnsanların elə tək evi balaca dünyanın özüdür. Və bu evin təməlini nə varlılar, nə də kasıblar qoymayıb, ərsəyə gətirməyib, insanlara sevgidən havayı hədiyyə edilib…

Qarşılığında heçnə istənilmir, ancaq dərk edilmək, şükr etmək, sınaqlardan üzü ağ çıxmaq vəzifəsi var. O da mütləq deyil, seçim hüququ hər bir şəxsin özünə verilib. Pis və ya yaxşı olmaq, xeyir və şəri tutmaq da insanın özündən asılıdır.

Mənəviyyatsızlıq dünyanı bürüyəndə isə “korona”lar göndərilir, bəlalar gətirir, düşündürür, dərs verir, düz yola səsləyir. Təkəbbürlükdən, dünya malından, ədalətsizlikdən, haqsızlıqdan uzaq olun, ayılın, bu dünyanın öz mərhəmətli sahibi, Yaradanı var deyir.

“Korona” virus deyil, bəşər aləmini bürüyən viruslara qarşı göndərilmiş vasitədir. Hər kəs dərk etməlidir, dinindən, irqindən, mənsubiyyətindən asılı olmayaraq hər bir insanın bu dünyada yaşamaq haqqı var.

Koronavirusun son aylar bəşəriyyətə verdiyi mesajlar insanları oyatmalı, dünyaya, yaşam tərzinə, mənəvi tellərə yenidən baxılmalıdır.

Ölkələr, insanlar səviyyəsində mərhəmət, qayğı, qarşılıqlı hörmət, haqq-ədalət olmadan, daxili viruslar ruhlardan çıxarılmadan zaman-zaman “korona”lar hələ çox gəlib-gedəcək…

Evlərə çəkilib düşünməyə yetərincə vaxt var…

TAHİR SÜLEYMANOV

Digər Xəbərlər
Xəbər Lenti
7 Aprel 19:16 Rüşvət veriblər?
7 Aprel 15:18 Messi "İnter" yolunda?