"Burada fantastik pullar yoxdur, inşallah, peşman olmaram"

19 Fevral 2020 00:38 Azərbaycan Futbolu 963
"Burada fantastik pullar yoxdur, inşallah, peşman olmaram"

Sportinfo.az xəbər verir ki, daha bir futbolçumuz ölkə xaricində legioner həyatı yaşayamağa başlayıb.

Gürcüstan, Küveyt, Tayland kimi ölkələrin ardından növbəti dayanacaq Bosniya və Herseqovinadır.

“Neftçi” və ”Qarabağ”ın sabiq futbolçusu, Avroliqa və Çempionlar Liqasının həyəcanını yaşayan, yığmanın sabiq müdafiəçisi Elvin Yunuszadə bundan sonra “Çelik”in formasını geyəcək.

Dekabrda “Səbail”dən ayrılandan sonra klubsuz qalan Elvinin birdən-birə xaricdə peyda olması maraq doğurmaya bilməz. Mətbuatda yayılan xəbərlərə görə, ucaboy mərkəz müdafiəçisinin Dzekonun vətənində peyda olmasında “Qarabağ”dakı sabiq komanda yoldaşı İbrahim Şehiç vasitəçi rolunu oynayıb.

Odu ki, Elvin bundan sonra azərbaycanlı futbolsevərlərə yaxşı tanış olan Ümit Özatın rəhbərliyi altında çıxış edəcək. Maraq üçün qeyd edək ki, Zenitsa təmsilçisi sonuncu mövsümü 7-ci yerdə başa vurub. Qarşıdakı çempionatda hədəflər isə yüksəkdi. Səbəbkarla söhbətdə daha dolğun məlumatlar almağa çalışdıq (Futbol+).

- Gözlənilməz transferdən başlayaq. Necə baş tutdu?
- Düzü, belə bir transferin olacağını özüm də gözləmirdim. Komandanın yeni baş məşqçisi Ümit Özatdı. Özü mənimlə əlaqə saxlayıb, komandasında görmək istədiyini bildirdi. Əslində Türkiyə variantım var idi. Bütün işlər görülmüşdü, qalırdı imza atmaq. Son anda alınmadı. “Transfer pəncərəsi” bağlandığından məsələ yarımçıq qaldı. Belarusdan da təklif almışdım – Jodino “Torpedo”sundan. Seçim arasında qalmışdım, iki klubdan birini seçməliydim. İçimdən gələn səs “Çelik” dedi. Gizlətmirəm, burda Ümit Özat amili də xüsusi rol oynadı. Belə bir şəxsin rəhbərliyi altında oynamaq sevindiricidi. Üstəlik, mənimlə telefon danışığı da seçimimdə xüsusi rol oynadı.

- Mətbuatda transferin baş tutmasında Şehiçin əsas rol oynadığı deyilir. Nə dərəcədə doğrudu?
- Xeyr, Şehiçin bu məsələ ilə yaxından-uzaqdan əlaqəsi yoxdu. Bəlkə də “Çelik”lə anlaşdığımdan da xəbərsizdi (gülür). “Çelik”in rəhbərliyi də türkdü, baş məşqçisi də. Sırf onların istəyinə görə bu gün burdayam.

- Ölkə daxilindən maraqlananlar var idi?
- “Səbail”dən ayrılandan sonra yeganə məqsədim legioner həyatı yaşamaq idi. Artıq müəyyən təcrübə sahibiyəm. Düşündüm ki, xaricdə top qovmağın vaxtıdı. Ona görə də heç kimlə ciddi söhbətimiz olmadı. Bir klubla danışığım oldu, o da ki xaricdəki variantlar alınmayacağı təqdirdə baş tutacaqdı.

- Gecikdiyini düşünmürsən? Bu addımı indi yox, 3-5 il əvvəl atmalıydın...
- Tam haqlısız. Gənc yaşlarında adam vətənə, ailəyə, dostlara daha çox bağlı olur. Məncə də daha əvvəl getməliydim. İndi düşünəndə öz-özümə “kaş illər öncə bu addımı ataydım” deyirəm. “Köhnə qitə”də hansı ölkədə, hansı klubda oynamağından asılı olmayaraq, daim avropalıların gözü qarşısında olursan. Özünüz də bilirsiz ki, Serbiya, Xorvatiya, Bosniya və Hersoqovina kimi ölkələr daim skautların, məşqçilərin diqqət mərkəzindədi. Burdan daha səviyyəli, adlı-sanlı komandalara üz tutmaq asandı. Yetər ki, bacardığını göstərəsən. Bosniya liqasından xeyli sayda futbolçu İtaliya, Türkiyə kimi ölkələrə üz tutub. Ona görə də hər bir azərbaycanlı futbolçuya məsləhətim budu ki, şans düşən kimi düşünmədən xaricə yollansın.

- Səmimi de, Azərbaycanı tərk etməyə səni nə məcbur etdi: klubsuzluq, pulsuzluq, yoxsa həqiqətən də xaricdə oynamaq həvəsi?
- Dediyim kimi, Azərbaycanda danışıq apardığım klub var idi. Hətta müqavilə bağlaya da bilərdim. Düzünü desəm, legioner həyatı yaşamaq çoxdankı arzum idi. Sadəcə, alınmırdı. Hətta “Səbail”lə müqaviləyə bənd saldırmışdım ki, xaricdən təklifim olsa, təzminatsız gedəcəm. Yayda Kipr və İspaniya sequndasından təkliflərim var idi. Sadəcə, danışıqlar zamanı bəzi səhvlərə yol verdim. Ona görə də alınmadı.

- Hansı səhvə?
- Təfərrüata varmaq istəmirəm. Sadəcə, onu deyim ki, danışıqları uzatdım, vaxtında cavab vermədim. Sonradan buna görə peşman oldum.
- Niyə uzatmışdın ki?
- Açığı, Avroliqada oynamaq istəyinə görə oldu. Düşünürdüm ki, Avroliqada çıxış edib sonra gedərəm. Mən avrokuboklarda oynayana qədər onlar lazım olan mövqeləri gücləndirdilər.

- Azərbaycanlı futbolçuların legioner həyatı qısa sürür. Nümunələr saysızdı: Kamran Ağayev, Rauf Əliyev, Ruslan Qurbanov, Elnur Cəfərov, Budaq Nəsirov və daha kimlər. Eyni yolu getməyəcəksən ki?
- Gizlətmirəm, bura gəlməkdə əsas məqsədim daha da irəli getməkdi. Yaxın gələcəkdə Azərbaycana qayıtmaq niyyətim yoxdu. Bosniyadan daha üstün liqalara getmək şansım çoxdu. Ümit bəy oyunlarımı izləyib, nəyə qadir olduğumu bilir. Özü şəxsən mənə bildirdi ki, gəl “Çelik”də əsl bacarığını ortaya qoy, gerisi mənlikdi. Bu sözlər mənə böyük stimul verdi. İnşallah, özümü ən yaxşı tərəfdən göstərməklə baş məşqçimizin köməyi sayəsində daha üstün liqaya və ya komandaya keçərəm. Bundan sonrası özümdən asılıdı.

- Yəqin ki, “Çelsi”, “Atletiko”, “Roma” kimi komandalara qarşı oynadığını bilirlər.
- (gülür) Yəqin ki. Bu dəqiqə komandamızda “Qalatasaray”ın iki yetirməsi var. Daha 3-4 nəfər də Türkiyə superliqasında oynamış futbolçulardı.

- Telefon danışığı öz yerində, Ümit Özatla üzbəüz söhbətin olub? Nə deyir, nə düşünür?
- Komandaya qoşulan gün ikili söhbətimiz oldu. Dərhal da məndən gözləntilərinin böyük olduğunu bildirdi. Mənə güvənir deyə, bu məni ikiqat məsuliyyətli olmağa səsləyir. Həqiqətən özümə də xoşdu. Nə olur-olsun, baş məşqçimizin ümidlərini doğrultmalıyam.

- Nə vaxtsa Ümit Özatın çalışdırdığı komandalara qarşı oynamışdın? Ümumi tanışlığınız var idi?
- Xeyr-xeyr, ilk dəfə burda tanış olduq.

- “Çelik”də mərkəz müdafiəçiləri kimlərdi? Əsas heyətdə möhkəmlənmək çətin olmayacaq?
- Düzü, komandaya qoşulana qədər güclü rəqabətin olmayacağını düşünürdüm. Amma buranın futbolu fərqlidi. Mövqeyimdə çıxış edən oyunçuların fiziki hazırlığını görəndə başa düşdüm ki, heç də asan olmayacaq. Mərkəz müdafiəçisi mövqeyində məndən başqa 5 futbolçu var. Biri superliqadan - “Çaykur Rizəspor”dan gəlib, digəri “Antalyaspor”un sabiq futbolçusudu. Bir sözlə, güclü rəqabət var.

- “Çelik”də maliyyə durumu necədi? Yəqin burdakından çox qazanacaqsan.
- “Qarabağ”la “Neftçi”ni çıxsaq, burdakı durum Azərbaycanın başqa klublarındakı kimidi. Fantastik pullar yoxdu, amma az olduğunu da deyə bilmərəm. Sırf maliyyəni düşünsəydim, Asiya variantı var idi, onu seçə bilərdim. Halbuki “Səbail”də, hətta burda qazandığımın üçqat artığını təklif edirdilər, istəmədim. Belarusda da “Çelik”dəkindən iki dəfə artığını söz vermişdilər. “Çelik”lə müqavilə bağlayana qədər Belarusdan zəng edirdilər. Sadəcə, Bosniyanın Avropanın gözü qarşısında olması və Ümit Özat amili seçimimdə əsas rol oynadı. İnşallah, peşman olmaram.

Digər Xəbərlər
Xəbər Lenti