İki kresloda əyləşən adam: Qurban Qurbanova olmaz, Elxan Məmmədova olar?

15 Fevral 2020 16:14 Azərbaycan Futbolu 1 281
İki kresloda əyləşən adam: Qurban Qurbanova olmaz, Elxan Məmmədova olar?

AFFA rəhbərliyi yeni baş katib axtarır. Bu vəzifəni icra edən Elxan Məmmədov tezliklə postunu tərk etməlidi.

Sportinfo.az Futbolinfo.az saytına istinadən xəbər verir ki, AFFA Nizamnaməsinə edilən son əlavə və dəyişikliklərdən sonra müstəsna hüquqları bir az da artan baş katib hətta prezidentin vəkalətnaməsi olmadan da fəaliyyət göstərə, istənilən sənədə imza ata bilər. İnzibati orqan rəhbəri üçün anormal olan by səlahiyyətlər baş katibə verilib, lakin əslində, belə olmamalıdı. Katibliyin işi İcraiyyə Komitəsinin qərarlarını həyata keçirməkdən, mühasibat işini təşkil etməkdən və dəftərxana işlərini nizamlamaqdan ibarət olmalıdı. Belə bir urumun rəhbərinin həm də prezident statusunda olması, 43-cü maddənin buna imkan verməsi absurddu.

Nizamnaməni bu qədər qarışıq hazırlamaq Elxan Məmmədovun ideyası idi. O, əyləşdiyi kreslonu qorumaq, futbolda əsas söz sahibi olmaq üçün bunları etdirmişdi. Plan o idi ki, yeni yaradılan icraçı vitse-prezident postuna yiyələnməsə, ən azı baş katib kimi istədiyi səlahiyyətlərə malik olsun. Lakin o, yeni vəzifəsində də hər cür səlahiyyətlərə nail oldu, belədə baş katibliyi kiməsə güzəştə getmədi. Çünki bu posta gələcək adam 43-cü maddənin 1-ci bəndinə görə, faktiki, onunla eyni səlahiyyətdə olacaqdı.

Proseslərin gedişində elə alındı ki, AFFA baş katib postunu da Elxan bəyə etibar etdi. Bu vəzifəsini müavini Sərxan Hacıyevə belə etibar etməyən Məmmədov hazırda külli-ixtiyar sahibidi. İcraçı vitse-prezident həm ali icra orqanında əsas söz sahibidi, həm də inzibati orqana rəhbərlik edir. Baş katibi təyin etmək və onu vəzifədən azad etmək hüququ (Maddə 38.1) İcraiyyə Komitəsindədi və bu qurumun da birinci şəxsi Məmmədovdu. Kəsəsi, Elxan bəy özünü vəzifəyə təyin edə, işdən çıxara, özünün gördüyü işə özü nəzarət edə, özü özünə hesabat verə bilər. Bu, anormallıqdı, lakin reallıqdı. Hətta qanunla tənzimlənsə də, nonsensdi.

AFFA sanki ailə şirkətinə çevrilib. Halbuki belə durum dünyanın heç bir ölkəsində yoxdu, analoqsuzdu. Məmmədov Nizamnaməni qəbul etdirib və təkhakimiyyətliliyini təmin edib. Hər şey bir şəxsin iradəsindən asılıdı.

Bu durumdan narazılar da var. AFFA-da heç də hamı Məmmədovun şahlığından razı deyil və kuluarlarda ondan narazıların qaynaşması başlayıb. Baş katib postuna bir neçə namizəd tapılıb və onlardan birinin təyinatı üçün işlər aparılır.

Təbii ki, bu vəziyyət Elxan bəyin ürəyincə deyil. Özü Nizamnaməni elə hazırlayıb ki, baş katib icraçı vitse-prezidentlə eyni səlahiyyətdədi və bu vəzifəyə gələn onunla eyni statusda görünəcək. Son Konfransda o, iki vəzifəni də ələ keçirməklə təhlükədən qurtuldu, lakin zamanla vəziyyət dəyişir.

Əslində, bir adamın iki postu tutması fiziki cəhətdən də mümkün deyil. Qurban Qurbanovun “Qarabağ”ın və milli komandanın baş məşqçi postlarını eyni anda tutmasını mümkünsüz hesab edənlər indi özü iki kresloda əyləşir. O zaman Qurbanovun istefasına bu yolla nail oldular, amma özləri eyni vəziyyətə başqa don geyindirir. Bumeranq effektidi, etdikləri qabağına çıxır. Hələlik külli-ixtiyar sahibidi, istədiyini edir, amma narazılar daim var və bu məqamdan narahatlıqlar başlayıb.

İndi Elxan bəy çıxılmaz durumdadı – o ya iki vəzifədə duruş gətirməli, ya da yenidən Nizamnaməyə dəyişiklik etdirməli, baş katibin səlahiyyətlərini azaltdırmalıdı. Gec-tez bu posta yeni bir sima gətiriləcək və onun ən yüksək səlahiyyətlərə malik olması Məmmədovun başını ağrıdacaq (futbolinfo).

Proses başlayıb…

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı