Son nəfəsini verən "Gənclik" – Ölümünü gözləyən qocaya bənzəyir

11 Fevral 2020 21:06 Azərbaycan Futbolu 1 605
Son nəfəsini verən "Gənclik" – Ölümünü gözləyən qocaya bənzəyir

Bu gün Azərbaycanın futbol sarıdan bəxti gətirməsə də, danılmaz faktdır ki, sovet dövründə adını tarixə yaza bilmiş futbolçularımız və futbol klublarımız olub.

Düzdür, həmin dövrlərdə idmana indiki kimi maraq olmayıb və idmanın inkişafı üçün indiki kimi səy göstərilməyib.

Amma idmana, xüsusən də futbola sevgi insanların ürəyindən gəlib. Nə məcburiyyət var idi, nə də mənfəət gözləmək. Hər şey mənəvi dəyərlər üçün idi.

Həmin dövrlərdə Bakının Buzovna qəsəbəsi də futbolun ən çox sevildiyi, baxıldığı, oynanıldığı qəsəbə kimi tanınıb. Böyüklü-kiçikli hamı bu oyunun pərəstişkarı olub. Kimi məktəb stadionlarında, kimi məhəllədə, kimi isə dəniz kənarında futbol oynayıb. Qəsəbə sakinlərinin bu sevgisi də dəyərləndirilib, Buzovnada 5000 tamaşaçı tutumu olan olan "Gənclik" stadionu tikilib. Qəsəbənin "Gənclik" adlanan ilk futbol klubu da 1974-cü ildə yaradılıb.

Sportinfo.az xəbər verir ki, 1990-cı illərdə "Gənclik" dağılıb və onun bazasında "Xəzri-Eltac" fyaradılıb.

"Xəzri" komandasının ilk məşqçisi Məsud Əliyev olub. Elə komandanın "ev" görüşləri də "Gənclik" stadionunda keçirilib. Komanda tarixi boyu bir gümüş və bürünc medal qazana bilib. "Xəzri" klubu hətta Azərbaycanı UEFA-da da təmsil edib.

"Gənclik" stadionu sözün əsl mənasında "yetim" qalıb

Həmin dövrlərdə Buzovna "Xəzri" ilə nəfəs alıb. Kənd sakinləri həmin dövrləri xatırlayaraq deyirlər ki, bir zamanlar "Xəzri"nin oyunlarından əvvəl afişalar vurulurmuş, stadion dolurmuş.

Ancaq 1997-ci il mayın 28-də "Xəzri" böyük hesabla məğlub olduqdan sonra dağılıb. Elə həmin vaxtdan da "Gənclik" stadionu sözün əsl mənasında "yetim" qalıb. Ölkənin çətin dövrü və baxımsızlıq stadiona da möhürünü vurub (sputnik.az).

Bundan sonra stadion gah uşaqların futbol meydançası olub, gah da heyvanların örüş yeri.

Buzovna qəsəbəsində yerləşən "Gənclik" stadionunda sanitar qovşaq

Bu gün "Gənclik" stadionu həyatının “ahıl dövrünü” yaşayır desək, bu da yalan olar. Stadion ölümünü gözləyən qocanı xatırladır. Çünki bir zamanlar azarkeşlərin səsi ucalan, qələbələrə, məğlubiyyətlərə şahid olan stadiondan indi sökülüb dağılmış oturacaqlar və qırılmış lövhələr qalıb.

Hazırda stadion xarabalığı xatırladır. Sadəcə Buzovna sakinlərinin futbola olan sevgisi imkan vermir ki, bura da zibilxanaya çevrilsin. Sakinlər özləri arada təmizlik işi aparır, bacardıqları qədər “Gənclik” stadionunun ömrünü uzadırlar.

Buzovnada "Gənclik" stadionunun acınacaqlı vəziyyəti

"Xəzri"nin dağılmasından 20 ildən çox bir zaman keçib. İndi xarabalığı xatırladan "Gənclik" stadionunda uşaqlar futbol oynayır. Uşaq klubun adı isə "Xəzər-Buzovna"-dır. Həvəslidirlər, soyuq nə olduğunu hiss etmirlər. Hətta normal geyinib-soyunma otaqları olmasa belə, futbol sevgisi ilə yaşayırlar. Düşünürlər ki, bəlkə Azərbaycan futboluna yeni nəfəsi onlar gətirəcəklər...

Bilmək olmaz, bəlkə doğrudan da can verən futbolumuzu onlar həyata qaytara biləcəklər? Amma bunun üçün heç olmasa azacıq şəraiti olan stadion olmalıdır. “Gənclik” ölüm astanasından qaytarılmalıdır. "Gənclik" stadionu Gənclər və İdman Nazirliyinin balansındadır.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!