Yeni seçildi, Abdullayevə xəbərdarlıq etdi - MÜSAHİBƏ

28 Yanvar 2020 12:55 Azərbaycan Futbolu 1 678
Yeni seçildi, Abdullayevə xəbərdarlıq etdi - MÜSAHİBƏ

"Neftçi"nin keçmiş bazası adlanan olimpiya yığmalarının təlim-məşq bazasının futbol meydançasının istismar müddəti bitib".

Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib. O bildirib ki, meydançanın örtüyünün dəyişdirilməsi ilə bağlı direktor Oqtay Abdullayevə müraciət olunub: "Qarşıdakı 4 ay müddətində örtük dəyişdirilməsə, orada Azərbaycan çempionatının oyunları keçirilməyəcək".

AFFA rəsmisi uşaq futbol liqalarındakı oyunların soyuq havada keçirilməsi fikri ilə razılaşmayıb: "Hazırda uşaq futbolu üzrə çempionat oyunları "Dalğa Arena"nın meydanlarında təşkil olunur. Lakin həmin məkanın da uzaqda yerləşdiyini deyirlər. Hər cümə axşamından hava proqnozuna baxırıq ki, həftəsonu hava necə olacaq. Hələ Bakıda temperatur heç 0 dərəcəyə çatmayıb".

- Rövnəq Abdullayev bildirdi ki, Şamaxıda yeni arena inşa olunacaq. Şimal zonasında Sumqayıtı çıxmaq şərtilə normal futbol oynamağa meydança yoxdur. Buna bir tədbir görüləcəkmi?
- “Sumqayıt”da yenidənqurma prosesinə start verilib. Digər bölgələrdə də yeni infrastruktur imkanları yaratmağa çalışacağıq.

- “Hər yerdə futbol” devizinə başlamısız. Bəs buna kim nəzarət edəcək?
- Bu, sağlam həyat tərzini və kütləviliyi təbliğ etmək üçündür. Biz kəndlərdə stadion tikməyəcəyik. Məktəblərin yanında normal qapılar quraşdırılacaq, toplar veriləcək. Oradakı müəllimlər uşaqları idmana cəlb etmək məsuliyyəti daşıyacaq. İlk olaraq 50 məktəbdə bu prosesə başlayacağıq.

- Sizin təyinatınız hansı ehtiyacdan yaranır?
- Əvvəllər iki vitse-prezident mütəmadi olaraq AFFA-da oturmurdular. İcraçı vitse-prezident və bir vitse-prezident artıq mütəmadi AFFA-da olacaq. İcraiyyə Komitəsində 13 üzv varsa, icraçı vitse-prezidentin sayı da artmalı idi. AFFA prezidentinin də təklifi o idi ki, iki vitse-prezident daim AFFA-da olsun. Ötən il UEFA-da bir komitəyə sədr seçildim. Eyni zamanda, UEFA-da və FİFA-da icraçı vitse-prezident kimi daha çox imkanlar yaranacaq.

- Növbəti yığıncaqda millinin baş məşqçisi bilinəcək?
- Namizədlər çoxdur. 32 namizədimiz var. Heç biri ilə danışıqlar aparılmayıb. Onlar hazırda vakant məşqçilərdir. İcraiyyə Komitəsi ümumi istiqamət bildirmək üçün öz fikirlərini bildirdi. Hər İcraiyyə Komitəsi üzvü növbəti iclasa qədər öz fikrini bildirəcək. Növbəti iclasa qədər siyahı 13-15-ə enəcək.

- Əvvəl yüksək ödənişli məşqçilər, sonra daha aşağı ödənişli məşqçi çalışdı. Seçimdə bu, rol oynayacaq?
-Fikirləri bilirik. Bəziləri titullu, böyük məşqçiləri məsləhət gördülər. Bəzilər tanınmamış, köməkçi-məşqçilər təklif etdi. Qonşu ölkələrdən məşqçi gətirilməsi, Azərbaycanda işləmiş əcnəbi məşqçi məsələsi müzakirə olundu. İşi daha da asanlaşdırmaq üçün üzvlər konkret namizədlərini bizə göndərəcəklər. Çox güman ki, 15 gündən sonra növbəti iclas olacaq.

- Müavininiz Sərxan Hacıyevin taleyi necə olacaq?
-O, yenə baş katibin müavini vəzifəsində qalacaq. Qeyri-rəsmi məlumatlara inanmayın. Onun işindən tam razıyıq.

- Premyer Liqada və I divizionda komanda sayı hələ artmayıb. Növbəti mövsüm üçün hansı addımlar atılacaq?
- Məqsədimiz Premyer Liqada 10 komandanın iştirakıdır.

- Bəzi regionlarda stadion var, futbolçu yoxdur. Futbolun inkişafı yönündə nə vaxt konkret addımlar atılacaq?
- Azərbaycanda elə bölgə yoxdur ki, AFFA tərəfindən keçirilən yarışlarda mütəmadi iştirak etməsin. Bu, mümkün deyil. Varsa deyin, biz bir tədbir görək. Ölkəmizdə Premyer Liqa necə olmalıdırsa, uşaq futbolu da o qaydada keçirilməlidir. Bəzi qurumlar bu məsələdə passivdirlər. Bizim prioritet məqsədimiz uşaq futbolunu genişləndirməkdir. Ola bilsin ki, hansısa şəhər stadionunda oynamırlar. Bizə yüksək qiymət deyə bilərlər ki, bizə də bundan imtina edirik.

- 2015-ci ilin dekabrında yaradılan Media Komitəsi 2 il fəaliyyət göstərildi. Sonra deyildi ki, bu məsələ müzakirəyə çıxarılsın, amma bir xəbər çıxmadı. Belə bir situasiya yaranıb ki, AFFA bu qurumun yaradılmasında maraqlı deyil və bəzi media orqanlarına maliyyə dəstəyi edir...
- Media Komitəsinin yaradılmasını AFFA təşəbbüs göstərmişdi. İki il ərzində fəaliyyət göstərdi. Özlərinin fəaliyyət göstərməsi üçün şərait yaratdı. Ancaq sonra gördük ki, həmin komitənin daxilində problemlər yarandı. Kənardan izləmək qərarına gəldik. İki illik fəaliyyətdən sonra maliyyə hesabatında öz əksini tapdı. İdman nazirliyinin tərkibində belə bir federasiya yaranırsa, bizim bunu bərpa etməyimiz düzgün olmaz. AFFA rəsmisi Firuz Abdulla da artıq orda təmsil olunur. Əminəm ki, idman nazirliyinin təşəbbüsü ilə yaradılan jurnalistlər federasiyası uğurlu layihələr ortaya çıxaracaq. O ki qaldı maliyyə dəstəyinə, biz milli komandanın səfər oyunlarına media nümayəndələrini aparırıq. Biz onlara bu baxımdan dəstək göstərmək istəyirik. O mediaya ki, etik normalara riayət edir, sağlam tənqidə savadı, mədəniyyəti, davranışı çatır. Belə media orqanlarına hörmətlə yanaşacağıq və dəstəkləyəcəyik. Təhqirə yol verən, yalan məlumatlara yol verənləri milli ilə səfərdə görmək istəmərik. Sonra İcraiyyə Komitəsi üzvləri administrativ heyətə irad tuturlar. Daha çox imkanımız olsa, gənclərdən ibarət yığmanın səfərləri zamanı da media nümayəndələrini özümüzlə aparacağıq. Ədalətli medianı dəstəkləməyə davam edəcəyik.

- Region Liqası çox maraqlı turnirdir. Regionlarda buna maraq çoxdur. Son final matçında Qusardan 800 azarkeş gəlmişdi. Qeyd etmişdiz ki, ən azı üç il orda oynayan komandaya baxıb, diviziona buraxmaq olar.

– Bunu uğurlu layihə saymaq olar. Hər iclasda Region Liqasıyla bağlı müzakirələr olur. Çempionatda iştirak edən sabit komanda olanda, əvvəlcə divizionda, sonra da Premyer Liqada oynasın. Hazırda o mərhələyə gəlirik, danışırıq ki, Region Liqasından hansısa komandanı diviziona gətirək.

– Klubların üzərində şərt qoyulmasa, onlar akademiyanın yaradılmasının lehinə deyil. Bu məsələ uzun müddət davam etsə, yenə deyəcəyik ki, futbolçu yoxdur. Klublar üzərində hansı təzyiqlər olacaq?

– UEFA-dan vəsait daxil olur və biz də bunu dərhal klublara göndəririk. Ancaq bəzi klublar bu pulun 50 faizini uşaq futboluna yatırır. Son zamanlar görürük ki, akademiyalarda irəliləyiş var. Biz də onlara dəstək olmalıyıq.

Digər Xəbərlər
Xəbər Lenti