"Elxan Məmmədovun simasındakı rəngi hamı 3D formatında gördü" - MEDİA İTV-DƏKİ TELEDEBAT HAQDA

11 Dekabr 2019 17:20 Azərbaycan Futbolu 1 624
"Elxan Məmmədovun simasındakı rəngi hamı 3D formatında gördü" - MEDİA İTV-DƏKİ TELEDEBAT HAQDA

2 aya yaxındır səbrsizliklə gözlənilən "Dadaş Dadaşlinski-Elxan Məmmədov" dueli nəhayət, baş tutdu. Verilişin ənənəvi formatından fərqli, budəfəki efir təxminən 30 dəqiqə çəkdi.

Robot aparıcı ilə AFFA-nın baş katibinin qarşılaşması yetərincə marağa səbəb oldu. Lakin ictimaiyyət Dadaşlinskinin Məmmədovu bundan da çox küncə sıxışdırmalı olduğunu düşünür.

Bəlkə də verilişin vaxtının azlığı və yaxud Dadaşın futbol camiəsinin birbaşa içində olmaması baş katibə ünvanlanmalı bəzi mühüm sualların arada qalmasına gətirib çıxardı.

İstənilən halda “Dadaşlinski-Məmmədov” qarşıdurmasını 3D-nin ən çox müzakirələrə səbəb olan, ən çox baxılan çəkilişi kimi qiymətləndirə bilərik.

Bəs görəsən, idman mediası nə fikirdədir? Görəsən, Elxan Məmmədov Dadaş Dadaşlinskinin bütün suallarına cavab verdi? Yaxud Dadaş Dadaşlinski Məmmədova verilməli olan, futbol ictimaiyyətinin gözlədiyi sualları ünvanlaya bildi?

İlkin Vaqifoğlu (Sportinfo.az saytının baş redaktoru):

"Mən dünən bir daha əmin oldum ki, Elxan Məmmədov qırmızı rəngi çox sevir. Danışdıqlarında o qədər yalan, o qədər iftira var idi… Bunları yalnız "qırmızı adam" söyləyə bilərdi. O da ki, AFFA-nın baş katibindən başqası ola bilməz. 12 ilə yaxındır bu adamı tanıyıram, hələ-hələ doğru danışan deyil. Hörmətli Elxan müəllim xoşlayır ki, cəmiyyəti, nəhayət, futbolda da uğur olmasını gözləyən insanları aldatsın. Bu, onun həm yaşam, həm də fəaliyyət tərzidir.

Ötən illər ərzində o qədər yalanlar uydurub, onu-bunu günahlandırıb ki, artıq heç kim bu adama inanmır. "Gopçu Pirim"in müasiri olub gedib. Konkret İTV-dəki verlişə gəlincə, Dadaş Dadaşlinskini təbrik edirəm. Şəraitin imkan verdiyi qədər baş katibə konkret suallar verdi. O əsnada Elxan Məmmədova bir qədər yazığım da gəldi, açığı. Robot-aparıcının hüzurunda əməlli-başla tər axıtdı, sıxıldı, udqundu. Gör, pul bu adam üçün necə şirin, necə vazkeçilməzdir ki, belə gülünc hala düşməsiylə razılaşır. Hələ mən onu demirəm ki, veriliş tam efirə getmədi, çəkilişin xeyli hissəsi montajda "qayçılandı".

Dadaşlinski sualları elə qoyurdu, elə tərzdə təqdim edirdi ki, bəlkə AFFA-nın baş katibi Azərbaycan futboluna vurduğu zərbələrə görə utana və ilk dəfə üzr istəyə. Elxan Məmmədov bunların heç birini eləməsə də, hər halda Dadaşlinskinin işinin öhdəsitndən layiqincə gəldiyini düşünürəm. Mənim diqqətimi bir məqam da çəkdi, onu mütləq qeyd etməliyəm. Elxan Məmmədovun sözündən belə çıxdı ki, AVRO-2020-nin 4 oyununun Bakıda keçirilməsi onun uğurudur. Mən indiyədək onun dilindən hər cür yalan eşitmişdim, bu, lap ağ oldu.

O kimdir ki, dövlətin gördüyü işi öz adına çıxır? Bu qədərmi "şişib", yəni? Azərbaycan güclü dövlətdir, ölkəmizin prezidenti beynəlxalq aləmdə böyük nüfuz sahibidir. Cənab İlham Əliyev bütün sahələrə olduğu kimi, idmana da hərtərəfli qayğı göstərir. Azərbaycanda futbolun bir nömrəli himayədarı və dəstəkçisi odur. Azərbaycan hər il müxtəlif mötəbər beynəlxalq turnirlərə ev sahibliyi edir. Ölkəmiz təşkilatçılıq baxımından inanılmaz təcrübə toplayıb. Beynəlxalq idman təşkilatları həmişə Azərbaycanın yüksək təşkilatçılığından razı qalıb. Sözsüz, dövlətimizin zəmanəti və nüfuzu olmasaydı, UEFA həmin 4 oyunu Bakıya salmazdı. Amma Elxan Məmmədov son çıxışında bircə dəfə dövlətin futbol üçün gördüyü işlərdən danışmadı, minnətdarlıq etmədi. Halbuki, heç olmasa, bu məsələdə həqiqəti söyləyə və təşəkkür borcunu dilə gətirə bilərdi.

Elçin Cəlilov (futbolpress.az saytının baş redaktoru)
“Elxan Məmmədovun cavablandırmadığı sual qalmadı. Özümüz də gördük ki, verilən bütün suallar cavablandırıldı. Sadəcə, mən daha çox “interşum” gözləyirdim. Niyə? Çünki Bu veriliş kanalın öz təşəbbüsü ilə elə bir mərtəbəyə gətirilmişdi, o qədər ajiotaj yaradılmışdı ki, istər-istəməz futbolla məşğul olmayan adamlar da qeyri-adi bir şey gözləyirdi. Mənə görə, qeyri-adi nəsə baş vermədi. Bunu da Dadaşlinskinin spesifik sahəyə aid olmamasına bağlayıram. Şou-biznes nümayəndəsi, millət vəkilləri və yaxud müxtəlif sahələrin təmsilçilərini verilişə çağırıb yaxşı-tutarlı suallar verirdi. Amma futbol çox spesifik sahədir. Bu proqramda fikir verirdizsə, sualların kökü yaxşı qurulurdu, lakin konkret sual verilməli olan hissə - yekunda Dadaşlinski sanki çox uzadırdı. Hiss olunur ki, Dadaşlinski mövzulara hazırdır, amma bu sahənin içindəki incəlikləri bilmir. Mən şəxsən daha çox şey gözləyirdim. Elə suallar var ki, verilmədi. Əks suallar, cavabdan çıxan suallar olmadı. Müsahibənin qaydasında ən çox vurğulanan məqam məhz budur, ancaq Dadaşlinskinin verilişində belə halı müşahidə etmədik”.

Əli Sahib (fanat.az saytının baş redaktoru)
“Maraqlı oldu. Təbii ki, verilişin formatına uyğun olaraq vaxt problemi vardı. Aparıcı sualları bu vaxta sığışdırmağa çalışdı. Bəli, futbol sahəsindən tam məlumatlı olmaması nəzərdən qaçmadı. Spesifik sahə olduğundan qınamaq olmaz. Di gəl ki, son zamanlarda istər brifinq olsun, istər radio, istərsə də televiziyada götürülmüş müsahibələrin ən yaxşısı idi. Suallara gəlincə, düşünürəm ki, ilk yalnışlığa Dadaşlinski yol verdi. İlk sualda AÇ-2020-ni Bakıya gətirdiyi üçün Elxan Məmmədova təşəkkür edən aparıcı “dəqiqə bir, qol bir” deyiminə uyğun qol buraxdı. Başa düşürəm, qonağı rahatlatmaq üçün manevr ola bilərdi, amma səhv fikir idi, məncə. Avro-2020-ni Bakıya gətirən Elxan Məmmədov deyil! Dövlətin idman siyasətindəki uğurlu gedişini şəxsin adına yazmamalıydı. Haqqını da yemək olmaz. Ən azından çəkdiyi əziyyətə görə təşəkkür etmək olardı. Qaldı ki, verilişin gedişatına, Elxan Məmmədov həqiqətən suallar qarşısında aciz idi. Mikayıl Nərimanoğlu, Emil Balayev və Bəhlul Mustafazadə söhbətlərində konkret yalan danışdı. Berlin layihəsində “mat” vəziyyətinə düşdü və xərclənən məbləği yalan dedi. Azmış kimi, AFFA-nın saytında da illik hesabatda bu məbləğin göstərildiyini vurğuladı. Yalan idi. Hər il hesabatda gələn gəlir, əmək haqqı, tutulan vergi rəqəmlərlə göstərilir. Qalan rəqəmlər ümumidir. Sonda onu deyə bilərəm ki, Elxan Məmmədov baş katib olandan bu günə qədər ən çətin sorğu-sualı gördü və heç birini düzgün cavablandıra bilmədi. Səsləndirlən açar suallara “yalandır” deməklə yaxasını kənara çəkməyə çalışsa da, simasındakı rəngi ictimaiyyət “3D” formatında gördü”.

Amal Abuşov (sport7.az saytının redaktoru)
“Biz aysberqin görünən tərəfini gördük, məncə, kadrın arxasında daha maraqlı proseslər baş verib. Burada kadrın arxası deyərkən həm də pərdənin arxasını nəzərdə tuturam. Azərbaycan standartlarını, televiziyalar qarşısında duran şərtləri gözəl bilirəm. Əgər, adicə bir jurnalist, reportyor bu gün AFFA-nın təzyiqləri ilə üzləşirsə, belə bir populyar proqrama və layihə rəhbərlərinə hansısa təzyiq, yaxud təkliflərin olması da mümkündü. Bu baxımdan geniş ictimaiyyətin gözlədiyi səviyyədə debatın baş tutmaması anlaşılandır. Ümumilikdə isə prosesin özünü müsbət dəyərləndirirəm. Ən azından ona görə ki, Elxan Məmmədov təslim oldu, "3D" proqramına getdi”.

Vüsal Mahmudov (futbolinfo.az saytının baş redaktoru)
“Ümiyyətlə, bu verilişin bu qədər şişirdilməsinin əleyhinəyəm. Şou idi. Elxan Məmmədov o qədər böyük fiqur deyil ki, onun hansısa verilişə getməsi belə rezonans doğursun. Amma az qala əlçatmaz şəxs kimi reklam edilir. Baş katibin mətbuat qarşısında cavab vermək borcudur. Lakin Dadaşlinskinin onu efirə dəvət etmək üslubu ideal deyildi, bu səbəbdən ucuz şouya çevrildi. Suallara gəlincə, Məmmədovun Avro-2020-ni ölkəmizə gətirən adam kimi təqdim olunması səhv giriş, aparıcının məlumatsızlığının nəticəsi idi. Bu yarış dövlətin səyi nəticəsində ölkəmizdə təşkil olunacaq, təəssüf ki, Məmmədovun şəxsi maraqlarının, özünü reklam etməsinin qarşısı alınmır. Bəli, maraqlı suallar var idi, lakin Dadaşlinskinin futbol təsərrüfatı haqda bilgiləri az olduğundan katib vəziyyətdən çıxmağa çalışdı, cavablardan çıxan suallarla onu “mat” etmək olardı. Necə ki, bir neçə dəfə pərt oldu, deməyə söz tapmadı, sifət cizgiləri dəyişdi. Lakin məncə müsahibə yaxşıca qayçılanmışdı, ən azı aparıcı "təlimat" almışdı. Elxan bəy "qarantiya" almasa, o verilişə çıxmazdı. Onu hələ ki, kimlərsə, nə üçünsə qoruyur”.

Rəşad Ergün (komanda.az saytının baş redaktoru)

"Jurnalistin işi nədirsə, İTV-nin əməkdaşı da onu etdi - pis etdi, yaxşı etdi, o başqa məsələ. Mən sadəcə, gecə-gündüz stadionlarda olub, Elxan haqda yüzlərlə tənqidi yazı yazmış, müsahibələr etmiş jurnalistlərin haqqına girmək istəmirəm".

Elvin ƏHƏD

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!