Elxan Məmmədov çaşdı, yalan danışdı, amma...

11 Dekabr 2019 11:20 Azərbaycan Futbolu 1 775
Elxan Məmmədov çaşdı, yalan danışdı, amma...

AFFA-nın baş katibi Elxan Məmmədov Dadaş Dadaşlinskinin qonağı oldu. Əslində buna “qonaq olmaq” da demək olmaz. Baş katibi zorla onun hüzuruna gətirdilər. Elə verilişin gedişində də bu atmosfer hiss olunurdu. Elxan Məmmədov sanki iynə üstündə oturmuşdu. Baxmayaraq ki, Dadaş Dadaşlinskinin futbol sahəsi ilə bağlı ciddi məlumatının olmadığı hiss olunurdu, ancaq bu amil Elxan Məmmədovun biabırçı duruma düşməsinin qarşısını ala bilmədi.

Baş katib, çaşdı, yalan danışdı, amma... Məsələn, Elxan Məmmədov “Bəhlul Mustafazadə, Emil Balayev kimi futbolçular yetişdirmişik” deyərkən, Dadaşlinski ondan, yetişdirdikləri daha bir futbolçunun adını çəkməyi tələb etdi. Elxan Məmmədov tutuldu, gücəndi-gücəndi, amma ad çəkə bilmədi. Həmin anda o, altını batırmış uşağı xatırladırdı. Dadaşlinskinin futbol sahəsindən daha çox məlumatı olsaydı, deyərdi ki, Bəhlul Mustafazadə “Qəbələ”nin, Emil Balayev də “Sabahın ulduzları”nın yetirməsidir. O “Sabahın ulduzlar”ı turnirindən söhbət gedir ki, onun axırına da məhz Elxan Məmmədov çıxdı. Eybi yox, Dadaşlinski demədi, demədi, amma inanıram ki, Bəhlulu, Emili öz adına çıxarkən, “Qəbələ”nin hansısa rəsmisi “yalansa sənin...”, Tahir Süleymanov isə “ey, şarlatan, dayan!” deyib.

Elxan Məmmədov Berlin futbol məktəbi ilə bağlı verilən sualda da kəkələdi. Yalan danışdı, dedi ki, ildə 100 min manat ayırmışıq o məktəbə. Yalan danışdığını özü də bilirdi, elə ona görə də, “ola bilsin səhv edim” deyirdi. Bəli, səhv edirdi, özü də bilə-bilə səhv edirdi. Berlin məktəbinə ildə 250 min manatdan artıq vəsait ayrılıb. Məmmədov orda məktəb açmalarını azərbaycanlı uşaqların futbola cəlb edilməsi məqsədi daşıdığını dedi. Bax, bu yerdə Dadaşlinski ona bu sualı verməli idi: “Ay Elxan müəllim, Almaniyada daşı atırsan, futbol məktəbinə düşür, azərbaycanlı uşaqlar o futbol məktəblərinə gedə bilməzdilər? Türkiyə Almaniyada futbol məktəbi açıb? Amma Almaniyanın futbol məktəblərində xeyli türk futbolçu yetişib”.

Hə, Elxan Məmmədov “nəticələr hansı həddə aşağı olmalıdır ki, vəzifənizdən gedəsiniz” sualı qarşısında da kələklədi. Bildirdi ki, onları futbol ictimaiyyəti seçib, yəni onlar göndərə bilərlər. Bu yerdə Dadaşli nsiki “hansı futbol ictimaiyyətini, Elşad Nəsirov, Rauf Əliyev, Mahir Məmmədov, Elmar Məmmədyarov, Firudin Qurbanovu nəzərdə tutursunuz?” sualını mütləq verməli idi.

Və deməli idi ki, İtaliya yığması DÇ-2018-in final mərhələsinə vəsiqə qazanmayanda federasiya prezidenti istefa verdi, Ermənistan yığması İtaliyaya 1:9 hesabı ilə məğlub olanda federasiya prezidenti istefa verdi, “bizi ictimaiyyət seçib” bəhanəsini gətirmədilər.

Dadaşlinski bunları demədi. Amma bununla belə, tərlətdi Elxan Məmmədovu. Baş katib çaşdı, yalan danışdı, amma utanmadı. Utanmaq hissi ülvi, məhrəm hissdir. Ləyaqətli, abırlı insanlarda olur bu hiss. Utanmaq hissi olanlar istefa verməyi də bacarırlar. Utanmaq hissi olanlar ictimaiyyətin, “Elxan Məmmədovun dediyi ictimaiyyətin yox ha) danlağını, tənbehini, bəzi hallarda isə söyüşünü qəbul etmirlər. Utanmaq hissi yaxşı hissdir. Adamı abırdan düşməyə qoymur! Çalışın, hərdən utanın. Utanmaqdan utanmayın!

Natiq Muxtarlı

Digər Xəbərlər
Xəbər Lenti