Elxan Məmmədov “3D” ilə bitdi - AFFA-ya İTV nümunəsi

11 Dekabr 2019 11:04 Azərbaycan Futbolu 1 357
Elxan Məmmədov “3D” ilə bitdi - AFFA-ya İTV nümunəsi

Dünən ümumdünya futbol günü idi. İllər öncə bu gün Azərbaycanın gəlmiş keçmiş ən yaxşı futbolçusu Anatoli Banişevski həyata gözlərini əbədi yummuşdu. Bəlkə də burda tarixin bir ironiyası vardı...

...Ümumdünya futbol günü İTV-də Banişevski haqda verilişlə başladı, Elxan Məmmədovlu “3D” ilə bitdi. Verilişin aparıcısı Dadaş Dadaşlinski nə qədər nəzakətli olmağa çalışsa da futbolumuzun bərbad durumu haqda xalqın ürəyində olan sualları verməyə bilməzdi. Əslində bu sualların demək olar hamısı ritorik idi. Elxan Məmmədovsuz da cavablar bəlli idi.

Azərbaycan futbolu bataqlıqdadı və buna görə birbaşa cavabdehliyi on ildən artıqdı futbolumuza rəhbərlik edən Elxan Məmmədov daşıyır. Sadəcə baş katibi efirdə bayramdan-bayrama görmək mümkündü. Ona əvvəllər başqa kanallarda verilən suallar daha çox razılaşdırılmış suallara bənzəyir. Amma İTV-də bu variantlar keçmir. Nəticədə Elxan müəllim böyük tərəddüddən sonra iki ay dirəniş göstərsə də axır ki, Dadaş Dadaşlinskinin verilişinə təşrif gətirdi. Və gözlədiyi kimi indiyəcən yaxın ətrafının da verməyə çəkindiyi ritorik sualları eşitdi. Dadadaşlinskinin Məmmədova demək ola,r bütün suallarının cavabı normalda “istefa verirəm” olmalı idi. Amma və lakin bizlərdə bu addımı atmaq nəinki hər oğulun, bəlkə də heç nər oğulun da işi deyil.

Elxan müəllimə böyük hörmətim var. İlk dəfə ötən il “Kosovo faciəsi” vaxtı bütün media Elxan Məmmədovu istefaya çağıranda mən Sportinfo.az-da yazmışdım ki, bəli, Məmmədovun AVRO-2020-nin 4 oyununun və Avropa Liqası finalının Bakıya verilməsində xidmətləri var (sonradan bu AFFA rəhbərliyinin adamlarının sevimli tezisinə çevrildi). Düzdür, cənab prezident İlham Əliyev Milli Olimpiya Komitəsinə gələn gündən bütün idman növlərində Azərbaycan dünyada nüfuz qazandı və bir çox mötəbər turnirlərə ev sahibliyi etdi. Amma yenə də, yəqin ki, bu 4 oyunun Bakıya verilməsində Elxan Məmmədovun da xidməti var. Fəqət, buna görə Elxan Məmmədov qitənin autsayderinə çevirdiyi, uşaq futbolundan böyük futboluna tam bərbad duruma saldığı Azərbaycan futboluna əbədi rəhbərlik etməməlidir. Elxan Məmmədovun getmək zamanı çoxdan çatıb. AVRO-2020-də təşkilati işlərə AFFA baş katibi olmadan, və ya o heç AFFA-da olmadan da köməklik edə bilər. İndiyəcən Azərbaycanda saysız mötəbər yarışlar keçirilib və hamısı da yüksək səviyyədə alınıb. Bu dəfə də istisna olmayacaq, Elxan Məmmədov AFFA-da qalsa da, getsə də...

“3D”nin sonunda verilişin qəhrəmanlarından Əziz heç kimə, o cümlədən qəbuluna düşmək üçün aylardı gözlədiyi Dadaş Dadaşlinskiyə heç nə demədən çıxıb getdi. Bu Elxan Məmmədova çox incə bir eyham, işarə idi.

Cəmi iki gün sonra keçiriləcək İcraiyyə komitəsinin 2019-cu il üçün yekun iclasında Elxan müəllimin gedişi gündəlikdə olmasa da, o özü bir istefa mədəniyyəti göstərə bilər. Tam səmimi deyirəm, Elxan Məmmədov həqiqətən çox mədəni insandır. Baş katib özü də etiraf edir ki, bilsə ki, futbolumuz inkişaf edəcək, istefa verər. Vallah inkişaf edəcək, Elxan müəllim! Billah, inkişaf edəcək! Yetər ki, siz istefa verin!

Futbolumuzun bütün uğursuzluqlarına baxmayaraq Elxan Məmmədovun başqa sahədə uğur qazanacağını düşünürəm. İstər qarşıdan gələn parlament seçkilərində iştirak etsə, istərsə də hansısa başqa bir sahədə məqsəd qoysa, uğurlu olacağına əminəm. Amma futbolda keçirilən illər artıq hədsiz çoxdur. Bu müddətdə heç bir uğur, inkişaf cücərtisi yoxdusa, bu etimad limiti bitməlidir. Hər şeyin bir sonu olduğu kimi Elxan Məmmədovun AFFA karyerasının da bir sonu olmalıdı...

Anar Şabanoğlu

Digər Xəbərlər
Xəbər Lenti