Vaqif Sadıqov: "İclasdan öncə nəsə deməyim düzgün olmaz, etik normanı qorumalıyıq"

10 Dekabr 2019 18:03 Azərbaycan Futbolu 692
Vaqif Sadıqov: "İclasdan öncə nəsə deməyim düzgün olmaz, etik normanı qorumalıyıq"

Xəbər verdiyimiz kimi, dekabrın 13-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Saat 10:00-da başlayacaq iclasın gündəliyində duran əsas mövzu millinin baş məşqçisi Nikola Yurçeviçin hesabatı və "Qəbələ" klubunun maddi durumu ilə bağlı vəziyyətin müzakirəsidir.

Ümumilikdə isə iclasın gündəliyinə 13 məsələ daxildir. Bunlar Gəncə şəhər stadionunun ərazisində yeni, standart ölçülü (105x68 m.) süni örtüklü məşq meydanının inşasının başa çatması ilə bağlı məlumat, Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri ilə əlaqədar müzakirə, Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin Avro-2020-nin seçmə mərhələsi ilə bağlı hesabatı, Premyer Liqa klublarına uşaq futbolu üçün UEFA-dan ayrılmış maliyyə vəsaiti ilə bağlı hesabat, “Klubların lisenziyalaşdırması üzrə vəsait”in növbəti buraxılışı üçün əlavə və dəyişikliklərin müzakirəsi, Avro-2020-nin Bakıda keçiriləcək oyunlarına hazırlıq prosesi ilə bağlı qısa məlumat, AFFA-nın Fair Play mükafatının təsis olunması və Əsasnaməsinin hazırlanması, “Azərbaycan Futbolunun Etik Kodeks”inin hazırlanmasının müzakirəsi, AFFA-nın Futbol Veteranları Fondunun Əsanaməsinə uyğun olaraq müvafiq şəxslərə təqaüdün ayrılmasının müzakirəsi, “Elit Məşq” kitabı ilə bağlı məlumat, AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərin hazırlanması, “Qəbələ” Futbol Klubu ilə bağlı müzakirə və AFFA-nın növbəti Konfransının tarixinin müəyyənləşdirilməsidir.

Yığıncaqda müzakirə olunacaq məsələlərlə bağlı daha dolğun məlumat almaq üçün İK-in bəzi üzvləri ilə əlaqə saxlamağa çalışdıq. İsgəndər Cavadov həmişə olduğu kimi, yenə zənglərimizi cavabsız qoydu.

Kazbek Tuayev isə saytımızı tanımadığını deyərək fikir bildirməkdən boyun qaçırdı: "Üzrlü sayın. Mən sizin saytınızı tanımadığım üçün bu barədə hər hansı açıqlama vermək istəmirəm".

Sportinfo.az-ın suallarına cavab verən yeganə İK üzvü isə Vaqif Sadıqov oldu. AFFA Məşqçilər Komitəsinin sədri əvvəlcə gündəlikdə duran məsələlər haqda qısaca danışdı: "Hər hansı təklifimiz olsa, nəyisə müzakirə etsək belə, indidən bunu necə açıqlaya bilərəm? İstər-istəməz bütün məsələlərlə bağlı tək mənim yox, Məşqçilər Komitəsinin öz fikri, rəyi var".

İclasda millimizin baş məşqçisi Nikola Yurçeviçin aqibəti müzakirə olunacaq. Sadıqov indi bu haqda danışmağın düzgün olmadığını söylədi: "Siz iclasdan öncə məndən rəsmi cavab almaq istəyirsiz. Mən İK-in üzvüyəm, rəsmi şəxs sayılıram. Nəyisə təklif edərkən, Məşqçilər Komitəsinin ümumi rəyini bildirəcəm. İclasda sırf Yurçeviçlə bağlı məsələyə də toxunulacaq. Nəticə göz qabağındadır. Bundan sonra nəyin necə olacağı şübhə altındadır. MK-nın iclasında bunu öz aramızda müzakirə etmişik və İK-in yığıncağında fikrimizi açıqlayacam. İndi sizə "hə-yox" deməyim düzgün olmaz. Etik normanı qorumalıyıq".

Sadıqov "Sizcə, milliyə yerli, yoxsa əcnəbi mütəxəssis başçılıq etməlidir" sualına isə bu cür cavab verib: "Bu da müzakirə olunacaq. Hesab edirəm ki, bu gün bu işi görə biləcək yerli mütəxəssislər də var. Eyni zamanda, əcnəbi məşqçi ətrafında da müzakirələr apara bilərik. Bu sual açıq olaraq qalır. Hər birimizi maraqlandıran və narahat edən məsələdir. Düzgün qərar qəbul etməyə çalışacağıq.

İstiqamət müəyyənləşəndən, strateji addımlar atılandan sonra tək özümün yox, Məşqçilər Komitəsinin rəyi ilə lazım olan namizədin ətrafında müzakirə apara bilərik".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"