AFFA-nın "üstü bəzək, altı təzək" işi və ya sonradan gəlib bizi ötənlər

9 Dekabr 2019 20:55 Azərbaycan Futbolu 1 192
AFFA-nın "üstü bəzək, altı təzək" işi və ya sonradan gəlib bizi ötənlər

Bizdə illər ərzində fikir olub ki, millimiz UEFA deyil, AFC (Asiya Futbol Konfederasiyasında) oynasaydıq, nəticələrimiz daha ürəkaçan olardı. Hətta dünya çempionatına çıxa biləcəyimizi belə söyləyənlər olub.

Azərbaycanın müstəqil ölkə kimi FİFA üzvlüyümüzdən sonra 7 Asiya dövləti (bu qitənin Konfederasiyasına sonradan qoşulan Avstraliya daxil olmaqla) dünya çempionatına qatılıb və hazırda bu ölkələrdən reytinqə görə ən zəifi sirli Şimali Koreyadır ki, onları da hansısa beynəlxalq turnirdə qabaqlayacağımızı əminliklə demək olmur.

Buna rəğmən, məğlubiyyətlərdən bezmiş azarkeşlər arasında hələ də Asiyada oynamağın lazım olduğunu söyləyənlər var. Qazaxıstan isə bu “arzu”nun tam əksinə gedərək, 2002-ci ildə Asiyanı Avropaya dəyişdi. 2004-cü ildən rəsmi olaraq, UEFA turnirlərinə qatıla bildi. 8 sentyabr 2004-cü ildə UEFA bayrağı altında ilk rəsmi oyununu keçirdi və evdə Ukraynaya 1:2 məğlub oldu.

Qazaxıstan siyasi, iqtisadi, mədəni baxımından bizimlə çox oxşar ölkədir. Futbolumuz da bir-birindən kəskin fərqlənmir deyəcəkdim, amma təəssüf… Qazaxlar illər ərzində gəlib bizə yaxınlaşdı, hətta bu seçmə mərhələ göstərdi ki, keçdilər. Elə klublar səviyyəsində də.

O zaman onların bizə yaxınlaşacağına belə inanmırdım. Belə ki, UEFA-ya keçdikdən sonra - 2004-cü ildə öz meydanlarında yoldaşlıq görüşündə üz-üzə gəlmişdik və onlardan qat-qat yaxşı oynayıb, 3:2 hesabıyla qazanmışdıq.

Onda inanırdım ki, qazaxlar hələ uzun müddət həm klub, həm də yığma səviyyəsində bizim 3 xal mənbəyimiz olacaq.

HAŞİYƏ: Təəssüf ki, 15 il ərzində onlar az-çox doğruları elədisə, biz yanlış üstünə yanlışlar qoyaraq, futbolumuzu elə günə saldıq ki, son oyunumuzda (05 iyun 2018-ci il tarixində) 3:0 məğlub olduq. Onlar UEFA yarışlarına qədəm basdığı dönəmdə FIFA reytinqdində 145-ci yerdə idilər (6 oktyabr 2004-cü il tarixli reytinq cədvəli) biz isə 114-cü. Son - 28 noyabr 2019-cu il tarixli reytinqdə 118-ci pilləyə qədər yüksəliblər, biz isə hazırda 114-ci pillədəyik. Bu gedişlə, yəqin ki, növbəti seçmə mərhələdən sonra bizi bu siyahıda keçərlər artıq. UEFA əmsallar cədvəlində 2004/2005-ci ilin reytinqində 50-ci olan Qazaxıstan indi Azərbaycanı 2 pillə qabaqlayaraq, 24-ci yerdədir.

Bəs niyə UEFA-ya sonradan qoşulan Qazaxıstanı qabaqlaya bilmədik? Səbəblər çoxdur, lakin ölkə çempionatlarının müqayisəsi, eləcə də futbolun idarəedilməsinin hər ik ölkədə təhlili bizə çox mətləbləri aydın edəcək.

Yuxarıda çox məsələdə oxşarlığımızın olduğunu yazmışdıq. Elə çempionatlarımızın da adı eynidir. Qazaxıstanın premier liqa adlanan çempionatında 12 klub iştirak edir. Noyabrın 10-da çempionatları başa çatdı və «Astana» ardıcıl 7-ci çempionluğunu qazandı.

"Atırau" və "Aktobe" 1-ci liqaya düşdü və onları "KızılZar" və "Kaspiy Aktau" əvəzlədi. "KızılZar" ötən mövsüm liqanı tərk etmişdi və 1 il aradan sonra yenidən mövqeyini geri qaytardı.

Deyəcəksiz ki, bunlar normal şeylərdir, ancaq ardıcıl iki il bir komandanın aşağı liqada çempionluğunu görəndən sonra… Bunlar bizim üçün qeyri-adidir. 8 komandamız ötən ildən bu ilə "word proqramı dili"ndə desək, “copy paste” olunub. I Divizion isə formallıq xatirinə keçirilən turnirə çevrilib.

Qazaxıstanın hətta ikinci liqası da var ki, o yarışmanın qalibi birinci liqaya vəsiqə qazanır. Biz isə ikinci liqa əvəzinə heç bir peşəkar statusu və əhəmiyyəti olmayan, hətta iştirakçıları heç kubok yarışına buraxılmayan Region Liqasıyla kifayətlənirik.

Azərbaycan Premyer Liqasında 8 komandadan 6-sı Bakıda oynayır. Qazaxıstanda 12 klubun hər biri müxtəlif şəhəri təmsil edir. Qazaxıstan I liqasında 14 normal klub var. Bizdə isə 13 iştirakçıdan 7-si Premyer Liqa nümayəndələrinin əvəzedici heyətidir.

Qazaxıstan futbol klublarının səhmdarları məsələsində dövlətin geniş rolu məsələsində bizimlə oxşardırlar. Lakin bizdən fərqli, heç olmasa, orada diversifikasiya təmin olunub. Klublar əsasən öz regionlarının idarəetməsinə verilib. Özəl sahibkara məxsus "FK"lar azdır. Ölkənin ən güclü klubu sayılan "Astana" isə yerli Milli Rifah Fondu olan “Samruk-Kazna”nın himayəsindədir.

Bizdə 8 Premyer Liqa klubunun 4-nün sponsorluğu SOCAR-ın əlindədir ki, yaxın zamanlarda “Qəbələ”nin də bu sıraya qoşulması gözlənilir.

Qazaxıstan çempionatının bizim “Bakı çempionatı”ndan daha maraqlı olması ortalama azarkeş sayında da özünü göstərir. Məşhur "transfermarkt" saytına əsasən, Qazaxıstan premyer liqasında 1 oyunu ortalama 3635 nəfər izləyir ki, bu, bizim göstərici ilə müqayisədə 3 dəfə çoxdur (hətta bir az daha artıq).

Çempionatlar arasındakı fərq özünü milli komandada göstərməyə bilməzdi. Azərbaycan Avro-2020-nin seçmə mərhələsində 1 xal, qazaxlar 10 xal yığdı. Təbii ki, optimist azarkeşlərimiz bunu qrupumuzun güclü olması ilə əlaqələndirir.

Qazaxların topladığı 10 xaldan San Marinodan qazandıqları 6 xalı çıxsaq, yenə bizdən daha çox xal toplamış olduqları görünür. Qazaxların həmin bir hesab - 3:0-la qalib gəldikləri Şotlandiya bizim qrupda 1 xal belə ala bilmədiyimiz Macarıstanla aşağı-yuxarı eyni reytinqli komandadır (bu arada yadıma düşdü ki, 90 dəqiqə hücüm etməsək də, “1 xal aldıq, hakim vermədi” təsəllimiz də var).

Qazaxıstan Futbol Federasiyasının idarəetməsində futbol adamları demək olar yoxdur. Bizdəki kimi. Maliyyə hesabatlığını da çox da şəffaf adlandırmaq olmaz. Lakin federasiya layihələr məsələsində AFFA-dan çox şəffafdır.

Hər bir layihənin tapşırığı, hədəfi və konkret icra müddətini öz saytında dəqiq əks etdirir. Məsələn, “futbol akademiyaları” layihəsinə əsasən, 2021-ci ilin may ayına qədər 3 akademiya təhvil verilməli və akademiyalara cəlb olunan futbolçu sayı 300-ə çatdırılmalıdır.

Eyni zamanda “Futbol kadrları”, “Qazaxıstanın futbol fəlsəfəsi” və “Xüsusi futbol məktəbləri” kimi faydalı layihələr üçün də analoji kontent müəyyən olunub. AFFA-nın isə daha “bəzəkli” saytında çoxlu şəkil, hesabat və s. görsək də, konkret layihələr üzrə hədəflər, icra müddətləri bu “bəzəklər” arasında görünmür.

Təbii ki, Qazaxıstan baxıb örnək götürəcəyimiz futbol ölkəsi deyil. Onlarda da futbol özəl sektora açılmayıb, özəl sektor zəif cəlb edilib, biznes modellər inkişaf etdirilməyib. Müqayisəmin məqsədi futbolumuzun nə dərəcədə acı durumda olduğunu göstərmək idi.

Şəhriyar Əhmədov

Digər Xəbərlər
Xəbər Lenti