Vay o qırğızların halına ki...

3 Dekabr 00:52 Azərbaycan Futbolu 385
Vay o qırğızların halına ki...

Qırğızıstan Futbol Federasiyasının vitse-prezidenti Dastanbek Konokbayev, İcraiyyə Komitəsinin üzvü Asılbek Kadıralıyev və Bişkek şəhər meriyasının əməkdaşlarından ibarət nümayəndə heyəti Bakıya gəlib.

Məqsəd nədir? Yox, Dastanbek Azərbaycan futbolu ilə bağlı dastan yazmayacaq. Qırğızlar AFFA-nın infrastruktur layihəsini öyrənəcəklər.

Amma bilinmir ki, qırğızlar hansı infrastruktur layihəsini öyrənəcəklər? Hələ əhli-Azərbaycan bu infrastrukturu görməyibsə, ümumiyyətlə, infrastruktur layihəsi yoxdursa, bu qırğız qardaşlarımız nə öyrənəcəklər? Nəyə baxıb öyrənəcəklər?

Ucundan-qulağından xəbər tutmuşuq ki, Bişkek şəhərində Qırğızıstan yığma komandası üçün təlim-məşq bazasının tikintisi planlaşdırır. Allah evinizi yıxmasın, yazıqsınız, Azərbaycan yığmasının təlim-məşq bazası var ki?

Rəhmətlik Fuad Musayev “Şəfa” stadionunu tikdirmişdi. Yığma komandalar üçün əsl təlim-məşq bazası ola bilərdi. Amma bizim AFFA ən azı 300 milyon dollar dəyəri olan bu kompleksi cəmi-cümlətanı 4 milyon manata satdı. Kimə və necə satdıqlarını isə heç şeytan da bilməz. Nöşün ki, bizim AFFA rəhbərliyi şeytana da “papış” tikə bilir.

Mən belə başa düşdüm ki, qırğızlar bizim AFFA-nın təcrübəsini öyrənmək niyyətinə düşüblərsə, deməli, nəsə tikmək fikrində deyillər. Bəs onda zəhmət çəkib Bakıya niyə gəliblər? Zənnim məni aldatmırsa, onlar burda “pul yumağın” yollarını öyrənəcəklər. Amma ki, qırğızların da bir o qədər “yuyulası” pulları olmasın gərək ki...

Bir sözlə, tam müəmmadır, qırğızların səfəri. Bütün hallarda “vay o qırğızların halına” deməkdən savayı əlimizdən nəsə gəlməz. Bir ölkənin ki, federasiyası bizim AFFA-nın təcrübəsini öyrənmək istəyirsə, deməli, qırğızların görəcəkləri günləri var.

Natiq Muxtarlı

Digər Xəbərlər
Xəbər Lenti
15 Dekabr 20:50 "Zirə" onu da göndərir
15 Dekabr 15:15 Sportinfo.az-dan yenilik!
15 Dekabr 01:52 4 cavabsız qol - VİDEO