"Ə, bajoğlu"...

13 Noyabr 2019 21:00 Azərbaycan Futbolu 1 847
"Ə, bajoğlu"...

Azərbaycan futbolunda Ramin Musayev adlı bir əfsanə var. Polis işçisindən PFL prezidentiliyinə kimi şərəfli yol keçib.

"Neftçi"nin vitse-prezidenti işləyərkən hətta küçə uşaqları belə onun leksionunda olan söyüşləri heyrətlə dinləyirdilər. O, komandasının oyununda səhv edən hakimlərin 7 arxa dönənini - böyük, kiçik, ağsaqqal düzürdü, yan-yana. Musayev "Tofiq Bəhramov"da hakimlərin üstünə bağıranda "Topqapı"da, "Çanaqqala"da badə qaldıranların əli əsirdi, kabab yeyənlərin tikəsi boğazında qalırdı.

Hələ bu harasıdır, Vlastimil Petrjela Bakıya gələndə ağıllı-başlı adam idi, "Zenit"ə gümüş medal qazandırmışdı, bütün MDB onun başına and içirdi. "Neftçi"nin baş məşqçisi olmuş çexi Bakıdan gecə ilə qovdular, heç düz-əməlli əşyalarını da götürə bilmədi. Səbəb də çox sadə idi: Musayev paltardəyişmə otağına girib "komanda" vermək istəyəndə Petrjela onu oradan uzaqlaşdırmışdı. Yazıq Vlastimil Bakıdan gedəndən sonra heç cür məşqçilik karyerasını bərpa edə bilmədi, hətta bir müddət psixiatr yanında müalicə aldı.

Musayevin PFL-in prezidenti olduğu ilk illərdə "qılıncı"nın dalı da kəsirdi, qabağı da. İndi "futbolu elə günə salmısız ki" dediyi jurnalistləri hər il Antalyaya aparıb "yaxşı dayday" statusu da qazanırdı. Hər axşam "ə, bajoğlu" müraciəti ilə başlayan məclislər gecəyarısına kimi davam edirdi. Ramin müəllimin şahənşahlığı çox çəkmədi. Elxan Məmmədov PFL prezidentinin bütün "krantları"nı bağladı. İndi PFL mətbuat nümayəndələrini heç rayonlara apara bilmir, o ki, qaldı Antalya. Onu hələ də postunda saxlayan AFFA prezidenti Rövnəq Abdullayevin mərhum qardaşı Abbas Abdullayevlə tələbə yoldaşı olmasıdır. Bir də PFL-in vicdanlı, peşəkar kadrları.

Ramin Musayev Azərbayan futoluna nəzarəti 80-90 faiz əldən versə də, transfer bazarındakı "rıçaqları" hələ də möhkəmdir. Hər klub onun yaxın qohumu Polad Nəbizadədən futbolçu götürməlidir. Əvəllər "dayday"ın qohumuna "yox" deyənləri hakimlərin əli ilə sıxırdılar. İndi hakimlər də Elxan Məmmədovun kurasiyasına keçib. Amma köhnə xətir-hörmətə görə, yenə də əksər komandalar mövsümün əvvəlində və qış fasiləsində Nəbizadənin oyunçularını "yuxarı başa" keçirirlər.

İki-üç ay əvvəl "Topaz"a meydan oxuyub, xarici bukmeker şirkətləri ilə danışıq aparan PFL prezidentinə həyatı başa saldılar ki, Azərbaycan qanunvericiliyi var və buna uyğun hərəkət etmək lazımdır. Odur ki, 8 komandalı Bakı şəhərinin açıq birinciliyi bu dəfə də sponsorsuz qaldı. Bunun da günahı jurnalistlərdədir. Ümumiyyətlə, dəb düşüb, kimin nəyisə əyri bitən kimi günahı mediada görür. Sabah Ramin müəllimdən "maşınım 100-ə 20 litr benzin "yeyir", günah jurnalistlərdədir, bağımda yaxşı ağac bitmir, günah jurnalistlərdədir, "Bakıya soyuq hava siklonları gəlir, günah jurnalistlərdədir" açıqlamaları eşitsəm, təəccüblənmərəm.

Ümumiyyətlə, Ramin müəllimin rübdə bir dəfə belə gündəmə gəlməyi var. Neynəsin e, başqa cür artıq Musayev heç kimə lazım deyil. Rövnəq Abdullayevə, Elxan Məmmədova, Qurban Qurbanova deyə bilmədilklərini atır medianın üstünə.

Belə də "daydaylıq" olar?

BAJIOĞLU CAVİD

Xəbər Lenti