Dadaşlinskinin Elxan Məmmədova verəcəyi suallar

13 Noyabr 2019 15:51 Azərbaycan Futbolu 2 071
Dadaşlinskinin Elxan Məmmədova verəcəyi suallar

Deyəsən, AFFA-nın baş katibi Elxan Məmmədov Dadaş Dadaşlinskidən qaça bilməyəcək. Artıq baş katibin "burcutmaq" üçün variantı qalmayıb. Güman ki, yaxın günlərdə Elxan Məmmədov Dadaşlinskinin hüzurunda olacaq.

Amma baş katibə veriləcək suallardan da çox şey asılıdır. Bu da Dadaşlinskinin Azərbayacn futboluna nə qədər bələd olmasından qaynaqlanır.

Əgər Dadaş müəllim futbol olmayan ölkədə Avropa Liqasının finalının, Avropa çempionatının final mərhələsinin oyunlarının keçirilməsi ilə bağlı suallar versə, onda baş katib özünü suda balıq kimi hiss edəcək.

Əvəzində isə Dadaş müəllimin nüfuzuna ciddi zərbə dəyəcək. Düşünürük ki, Dadaşlinski Elxan Məmmədov ağılda deyil və ictimai rəyi nəzərə alır. Ona görə də nüfuzunu Elxan Məmmədova görə zədələməz.

Bəs Dadaşlinski baş katibə hansı sualları verməlidir? Bir neçəsini biz qeyd edək, bəlkə gərəyi oldu:

1. Elxan müəllim, Berlində açdığınız futbol məktəbinin yetirmələrinin aqibəti necə oldu? Ora milyonlarla manat vəsait xərclənmişdi və Azərbaycan xalqı böyük səbirsizliklə Berlində yetişən futbolçuların Azərbaycan yığmasında oynayacağı günü gözləyir axı.

2. Vaxt vardı, Azərbaycanda bütün stadionları süni örtüyə bürüyürdünüz. Azərbaycanın iqlimi imkan verir ki, bütün ilboyu təbii örtüyü yüksək səviyyədə saxlamaq olsun. Ümumiyyətlə, bütün dünya süni örtükdən imtina etdiyi halda, sizin süni örtüyə üstünlük verməyiniz hansı planın tərkib hissəsi idi? Deyilənlər görə, bu, sizin biznesiniz olub. Nə qədər qazandınız o biznesdən? Və indi niyə imtina edirsiniz süni örtükdən?

3. Şəhərin mərkəzində böyük ərazidə yerləşən “Şəfa” kimi stadion-kompleksi, məsələn, Tovuzda 4 milyon manata tikmək olar? Səmimi olsanız “yox” cavabı verəcəksiniz. Elə isə deyin, yığma komandaların təlim mərkəzi ola biləcək bu unikal stadion-kompleksi su qiymətinə - 4 milyon manata necə və kimə satdınız?

4. Ötən il Premyer Liqada sonuncu pilləni tutmuş “Keşlə”nin büdcəsi təxminən 6 milyon manat olub. Bu komanda AFFA-dan maliyyələşir. Birinci dəstənin qalibini isə Premyer Liqaya buraxmadınız, dediniz ki, bank təminatı yoxdur. Nə fərq vardı ki, o 6 milyonu “Keşlə”yə və ya birinci dəstənin qalibinə verməkdə? Ümumiyyətlə, belə idarəçilik prinsipini hansı Avropa ölkəsindən mənimsəyibsiniz?

5. Berti Foqtsun Azərbaycan futboluna heç nə verməyəcəyini anlamaq üçün 7 il çox vaxt deyildi? Adi bir həqiqəti anlamaq üçün bu qədər vaxt sərf etdinizsə, bu o demək deyil ki, siz futbol adamı deyilsiniz?

6. Siz Azərbaycan çempionatında tətbiq oluna legioner limitinin tərəfdarısınız. İddia edirsiniz ki, yerli futbolçular inkişaf etmək üçün mütləq oynamalıdırlar. Amma bəziləri də iddia edir ki, limit sağlam rəqabəti pozur və yerli futbolçuların inkişafını əngəlləyir. Bircə futbolçu göstərin ki, o, tətbiq etdiyiniz limitdən yararlanaraq inkişaf edib və Avropanın heç olmasa ortabab komandasının maraq dairəsinə düşüb.

7. Elxan müəllim, bir vaxtlar top çiləmə festivalı keçirirdiniz və buna da xeyli vəsait xərclədiniz. Sizcə, ən yaxşı futbolçu ən çox top çiləyəndir?

8. Elxan müəllim, əlifbanı bilməyən uşağa 50 min manat verib, “bu kitabı oxu” desəniz, yəqin ki, o uşaq o kitabı oxuya bilməyəcək. Bəs nədən, belə hesab edirsiniz ki, keyfiyyətli futbolçu olmayanlara 50 min manat mükafat vəd edəndə, onlar çıxıb meydanda yüksək səviyyəli oyun göstərəcəklər?

9. Elxan müəllim, Gürcüstan Futbol Federasiyasının bütün ölkə üzrə 170-ə yaxın akademiyası fəaliyyət göstərir. AFFA-nın neçə belə akademiyası var?

10. Elxan müəllim, Azərbaycan yığması məğlub olanda sosial şəbəkələrdə hər kəs sizin istefaya getməyiniz tələb edir. Siz isə deyəsən, ictimai rəyi nəzərə almırsınız. Bəzən sosial şəbəkələrdəki etirazlar az qala dövlətə qarşı yönəlir. Sizin maraqlarınızın Azərbaycanın maraqlarından üstün olduğu iddia edilir. Bu yaxınlarda Səyyad Aran demişdi ki, Elxan Məmmədov "nə matahdır ki, futbolumuzun maraqları ona qurban verilir". Niyə ictimai rəyi nəzərə almırsınız? Ümumiyyətlə, siz nə "matahsınız" ki, 11 ildir bacarmadığınız işdən yapışıbsınız?

Natiq Muxtarlı

Xəbər Lenti