"Qarabağ" milyonda bir şansa ümid bağlamamalıdır!

6 Noyabr 2019 21:30 Azərbaycan Futbolu 886
"Qarabağ" milyonda bir şansa ümid bağlamamalıdır!

Sabah Kiprin paytaxtı Nikosiyada Azərbaycan futbolu üçün yeni bir tarixin bünövrəsi qoyula bilər. Əsası 31 avuqst 2012-ci ildə "Neftçi" tərəfindən qoyulan "Avropa zəfəri"nin davamçısı "Qarabağ" cari mövsüm 4-cü dəfə üz-üzə gələcəyi - artıq oyun üslubunu əzbərlədiyi, çox yaxşı tanıdığı - APOEL-i yenidən səfərdə məğlub edə bilsə, bu, artıq müstəqil Azərbaycan futbolu üçün ən yeni tarix olacaq.

Məsəl var, su gələn arxa bir də gələr. Qurban Qurbanovun 11 ildir rəhbərlik etdiyi Ağdam klubu məhz Avropada böyük uğurumuzun başladığı ayda - avqustda APOEL-i öz azarkeşlərinin gözü qarşısında meydandan məyus yola salmışdı. Səfərdə məğlub edilən komandaya bunu bir daha yaşatmaq mümkündür. Üstəlik, futbol ictimaiyyəti də "köhlən atlar"ın adətən səfər oyunlarında daha yaxşı çıxış etdiyi qənaətindədir. Məncə də.

Tarix boyu heç vaxt Bakıda qalib gələ bilmədiyimiz Kipr klublarının cari-layiqli təmsilçisi "bərk qoz" olsa belə, "sınması" da sınaqdan keçirdiyimiz variantdır. Bir dəfə bacarmışıqsa, davamını da gətirə bilərik.

Təbii, düzgün psixoloji-fiziki hazırlıq, əzm-iradə, son saniyəyədək amansız mübarizə, hər hansı mümkün təxribata uymamaq və barışmaz mövqe təmsilçimizə yeni tarix yazmaq üçün böyük bir imkan yaradacaq. Nikosiyada meydana çıxacaq komanda mütləq və mütləq şəkildə son saniyəyə qədər vuruşmalı, döyüşməli, sözün hər mənasında rəqiblə savaşmalıdır. Avqustda - Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda səfərdə məhz son saniyələrdə buraxdığımız qol hesabına əldən verdiyimiz pley-off şansı üzüntüsünü, məyusluğunu yenidən yaşamamaq və ən yeni tarixə qədəm qoymaq üçün Qurban Qurbanovun komandası şəksiz nizam və iradə sərgiləməlidir.

APOEL-in alman baş məşqçisi Tomas Dollun əksər aparıcı futbolçularla, klub rəhbərliyi və hətta yerli azarkeşlərlə yola getməməsi, kiprli tamaşaçıların bu qarşılaşmaya soyuq yanaşması, biletlərin tam satılmaması və bu kimi nümunələr "Qarabağ"lılar üçün "rahat yastıq" kimi də görünə bilər. Ancaq komanda əsla və əsla aldanmamalı, arxayınlaşmağın "a" hərfini belə, dilə gətirməməlidir.

"Qarabağ" APOEL-lə indiyə qədər keçirdiyi 3 qarşılaşmanın hamısını - geridə qalan 270 dəqiqəni anbaan izləməli, təhlil etməli, ən xırda detalları, buraxılan səhvləri gözdən keçirməlidir. General olmaq istəməyən əsgər, əsgər deyil. Səhvlərindən nəticə çıxaran kəs uğur qazanmağı haqq edir! Qrupdan çıxmağın mümkün yeganə yolu GSP stadionundan keçir, ən pis halda uduzmamaq lazımdır. Səfərdə "Sevilya"ya qalib gələ bilməyin milyonda bir şansına ümid bağlamaq "Qarabağ"ın arzularının suya düşməsi ilə nəticələnəcək.

Elvin ƏHƏD

Xəbər Lenti