AFFA-nın uğursuz baş katibini irəli dartan "gizli əllər"

7 Noyabr 2019 11:27 Azərbaycan Futbolu 1 344
AFFA-nın uğursuz baş katibini irəli dartan "gizli əllər"

Dünən bəzi KİV-lər AFFA-nın baş katibi Elxan Məmmədovun "əlinə oynadı". Onunla bağlı xırda xəbəri böyük həvəs və şövqlə tirajladılar, manşetlərə daşıdılar, qeyri-adi hadisə olubmuş kimi təqdim elədilər.

İnformasiyanın məğzi ondan ibarətdir ki, İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında "Fair Play" və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) növbəti iclası keçirilib. İclasa komitənin rəhbəri Elxan Məmmədov sədrlik edib.

Bu il mayın 29-da UEFA İcraiyyə Komitəsinin Bakıda keçirilmiş iclasında Elxan Məmmədov UEFA-nın" Fair Play" və Sosial Məsuliyyət Komitəsinin sədri vəzifəsinə seçilib. İndi işə düşən "təbliğat maşını" isə onun şəxsi iradə və istəyini əks etdirir. Adətən, piar məsələlərində əldən-ayaqdan gedən, bu zaman özünü gözə soxmağa can atan və böyük iş görürmüş kimi təqdim etməkdən ötrü ürəyi gedən baş katib bu dəfə gözlədiyi reaksiyanı almadı.

O, artıq Azərbaycan futbolunda 1-2 nəfərdən başqa heç kimi maraqlandırmır və istənilmir. Bu, dəqiqdir. Çünki hamı bilir və qəbul edir ki, AFFA-nın baş katibinə yalnız özü maraqlıdır, futbol isə qətiyyən yox! Elxan Məmmədov burada çırpışdırdığı pulları böyük məmuniyyət hissi ilə ölkə xaricinə daşıyır. UEFA-da mövqelərini gücləndirmək, bir müddət sonra bu ali qurumda ciddi vəzifə almaq almaq üçün.

Baş katibin illərdir bu istiqamətdə apardığı çalışmaları analiz etsək, aydın olar ki, o, yalnız öz gücünə iş görmür. Bernard Lippert amilini ciddiyə və ya nəzərə almamışıq. 11 ildən artıqdır Azərbaycanda yaşayan, ötən illər ərzində U-17 və U-21-in sükanı arxasında olan, ardıcıl uğursuzluqlardan sonra müqaviləsinə xitam verilmək əvəzinə, AFFA tərəfindən bir qədər də irəli çəkilən almaniyalı təsadüfən Elxan Məmmədovun məhəbbətini qazanmayıb. Baş katib məvacibi barədə əfsanələr dolaşan Lippertdən hər iki mənada yararlanır. Ələlxüsus da UEFA ilə bağlı məsələdə.

AFFA-nın texniki direktoru postu medalın görünən üzüdür. Əslində isə Lippert Almaniya Futbol İttifaqında mənsəb sahibi olan bəzi tanışları vasitəsilə hörmətli Elxan Məmmədovun imicmeykerliyini edir, onları əlaqələndirir. Ortalıqda görünməyi xoşlamayan həmin şəxslər UEFA rəhbərliyinə təsir imkanlarından baş katibin xeyrinə yararlanmaqdadır. Bu proses illərdir gedir və əlbəttə, onun qara qaşına, qara qaşına aşiq olaraq deyil. AFFA-nın "kardinal"ı Lippert vasitəsilə almaniyalı müttəfiqlərin "qarnını doyuzdurulur". Var olsun, qara kürü, ağ şərab, qırmızı şampan və yaşıl əskinas. Necə deyərlər, bunlar varsa, basılmaz Elxan!

İlkin Vaqifoğlu

Xəbər Lenti