Bombardir Premyer Liqa klubuna bu sözlərlə “meydan oxudu”

22 Noyabr 2022 14:00 Azərbaycan Futbolu 329
Bombardir Premyer Liqa klubuna bu sözlərlə “meydan oxudu”

“Ötən il də “Qəbələ” ilə qarşılaşmışdıq. Premyer Liqa komandasına qarşı layiqli mübarizə aparmağı oyunumuzla sübut etmişdik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutacaq MOİK – “Səbail” oyunu ilə bağlı danışan “hərbçilər”in qol ümidi İlham Allahverdiyev deyib.

Birinci Divizionda mübarizə aparan MOİK-in heyətində təcrübəli futbolçular yer alsa da, komanda 10 oyundan sonra aktivinə 12 xal yazdırmağı bacarıb.

Əslində, “Səbail”in durumu da ürəkaçan deyil. Heyətində 10-a yaxın legioner olan “dənizçilər” 14 qarşılaşmadan sonra topladığı 10 xalla turnir cədvəlində 7-ci pillədə yer alıb.

Divizionda rəqib qapılarından 7 top keçirən İlhamın fikrincə, kubok mübarizəsi fərqlidir və növbəti mərhələyə yüksəlmək üçün MOİK-in əlinə yaxşı imkan düşüb:

“Rəqibin hansı vəziyyətdə olmasına baxmayaraq, Premyer Liqa təmsilçisidir. “Səbail”in heyətində təcrübəli yerli və əcnəbi futbolçular cəmlənib. İstənilən halda oyuna ciddi və inamla yanaşırıq.

Komandamızda vaxtilə Premyer Liqada oynamış və bu gün də oynamağa layiq olan futbolçular var. Rəqibdən çəkinmirik. Ələ düşən fürsətlərdən maksimum yararlanmalıyıq ki, mərhələni adlaya bilək.

Onu da nəzərə alaq ki, kubokda limit yoxdur. Yəni təcrübəli futbolçuların hamısı ilk dəqiqələrdən meydana çıxa bilər.

Bu, bizim üçün olduqca xoş haldır. Digər tərəfdən “Səbail”lə müqayisədə bizim üzərimizdə əlavə təzyiq yoxdur. Meydana rahat çıxıb, oyunumuzu oynayacağıq”.

Noyabrın 22-də Binə qəsəbə stadionunda baş tutacaq MOİK – “Səbail” qarşılaşması saat 14:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı