Son illər "Qarabağ"ın ümidinə qalıb - Bunun nəyi pisdir ki?

19 Noyabr 2022 19:40 Azərbaycan Futbolu 757
Son illər "Qarabağ"ın ümidinə qalıb - Bunun nəyi pisdir ki?

.Azərbaycan millisi son illər "Qarabağ"ın ümidinə qalıb desək, yəqin ki, yalan nəsə demiş olmarıq.

Əbəs deyil ki, stabil olaraq son 7-8 ildə heyətin 50-60%-in, bəzən isə 80-85%-in "Qarabağ"dan gələn futbolçular təşkil edir.

Təbii ki, bu da normal qarşılanır. Çünki komanda daim avrokuboklarda uğurlu qrafik cızır, ağır oyunlar keçirir və bu da ordakı yerliləri digərlərindən bir baş üstün hala gətirir.

Amma yığmanın hazırkı toplanışında bir qədər fərqli mənzərə görməkdəyik. Belə ki, "Sabah" komandasında 7 oyunçu Canni De Byazinin dəvətinə layiq görülüb.

"Qarabağ"dan dəvət olunan futbolçu sayı da 7-didir. Bəlkə də son illər ilk dəfə belə hal yaşanır.

Bunda Masazır təmsilçisinin güclənməsi, xüsusi ilə Murad Musayev kimi savadlı mütəxəsissin baş məşqçi postunda yer alması böyük önəm daşıyır.

Rusiyalı çalışdırıcı qısa müddətdə çox iddialı kollektiv formalaşdıra bilib. Heyətdə əsas və ehtiyat oyunçu anlayışı yoxdur.

Əlbəttə, aşağı-yuxarı əvəzolunmaz oyunçular var. Sadəcə ehtiyatda qalan sanballı adlar hər hansı mənfi ab-hava yaratmır.

Hər biri məşqlərdə əsas heyət üzvü kimi çalışır ki, hər verilən şansda hazır olsunlar. Təbii ki, bu da yerli oyunçuların formada qalmasına böyük təkandır.

Bir "Sabah"ın gətirdiyi rəqabət mühiti milli komandada canlanma yarada bilirsə, deməli, digər klubların da oxşar güclənməsinə zəmin yaradılmalıdır.

Bu gün "Qarabağ" və "Sabah"da olan oxşar rəqabət, iddialı kollektivlərdən sayılan "Neftçi"də, "Zirə"də, "Qəbələ"də və digər klublarda da olsa, həm Premyer Liqanın səviyyəsi qalxar, həm də ölkənin bir nömrəli komandasının.

Bunun nəyi pisdir ki?

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti