Federasiya istədi, klublar razılaşdı – ADLARINIZI DƏYİŞİN

11 Noyabr 2022 16:00 Azərbaycan Futbolu 855
Federasiya istədi, klublar razılaşdı – ADLARINIZI DƏYİŞİN

Azərbaycan Minifutbol Federasiyası növbəti ölkə çempionatında çıxış edəcək klublar qarşında yeni tələb irəli sürüb.

Bu haqda Sportinfo.az-a qurumun mətbuat xidmətinin rəhbəri Sərxan Abuşov məlumat verib.

Onun sözlərinə görə, federasiyanın istəyi iştirakçıların adlarıyla bağlıdır.:

“Ad önəmli məsələdir. Bir çox klublar var ki, onlara sonsorluq edən şirkət və müəssisələrin, restoranların, kafelərin adıyla çempionatda mübarizə aparır.

Milli komandamız son Avropa çempionatında qızıl medal qazanandan sonra bu idman növünə diqqət və maraq artıb.

Nəzərə almalıyıq ki, artıq Azərbaycan çempionu ölkəmizi Çempionlar Liqasında təmsil edir. Avropda klub adlarına xüsusi fikir verirlər.

Klublara bildirmişik ki, kafe və restoran adlarını başqasıyla əvəzləyin. Onlar da razılaşıblar”.

Bugünlərdə Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiyası təsdiqlənən Azərbaycan Minifutbol Federasiyası noyabrın 14-də püşkatma mərasimi keçirəcək.

Yarışmada 16 komanda qüvvəsini sınayacaq. Sevindirici haldır ki, Bakı ilə yanaşı, digər şəhər və rayonların təmsilçiləri də çempionatda mübarizə aparacaq. Bura, Şuşa, Gəncə və Sumqayıt kollektivləri daxildir.

Ümumiyyətlə, birincilikdə bu klubların çıxıhı dəqiqləşib: «Veteran», «Dəmir Yumruq», «Bakı», «Zəngəzur», «Sumqayıt», «Qarabağ», «Aznur», «Galaxy Şuşa», «Zəfər», «Muğan», «Dəyirman», «Dinamo Gəncə», «Qaradağ», «Real Bakı», «Xəzər», «Birbaşa».

Müqayisə üçün deyək ki, bu rəqəm ötənilki yarışmadan iki dəfə artıqdır. Sözsüz ki, bunun da səbəbi var. Minifutbol üzrə Azərbaycan yığması tarixdə ilk dəfə Avropa çempionu olub.

Slovakiyada keçirilən qitə birinciliyində titul qazanan komanda ölkəmizin futbol həyatında yeni səhifə açıb. Federasiyanın məqsədyönlü və uğurlu fəaliyyətinin nəticəsi olan bu zəfər respublikada minifutbola marağı daha da böyüdüb.

Azərbaycan Minifutbol Federasiyasının Akkreditasiyasının təsdiqlənməsi gözləməyə əsas verir ki, qurum öz fəaliyyət dairəsini daha da genişləndirəcək.

Həm təşkilati, həm də bazalaşma mənasında. Eyni zamanda, yaddan çıxarmayaq ki, ölkə çempionatının qalibi Çempionlar Liqasına vəsiqə əldə edir.

Budəfəki respublika birinciliyi iki dövrədən ibarət olacaq. Oyunlar Bakı Olimpiya Stadionunun ərazisində yerləşən «Azfar»ın qapalı meydançalarında keçiriləcək.

Xəbər Lenti