Gözlənilməzi bacaran “Neftçi” və bəxtsiz “Qəbələ”...

30 İyul 2022 00:40 Azərbaycan Futbolu 995
Gözlənilməzi bacaran “Neftçi” və bəxtsiz “Qəbələ”...

Azərbaycan klubları ötən gecə Avropa arenalarında növbəti oyunlarını keçirdilər

“Neftçi”, “Qəbələ” və “Zirə” Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşlərində güclərini sınadılar.

Maraqlı məqam odur ki, heç bir klubumuz meydandan məğlub ayrılmadı və bununla da ölkəmizin reytinqinə xallar əlavə etdilər.

Ən çox növbəti mərhələ ümidi olan “Neftçi” fantastik geridönüş edərək adını 3-cü mərhələnin iştirakçıları siyasına yazdırdı. Səfərdə keçirdiyi ilk matçda olduqca inamsız təsir bağışlayan “ağ qaralar” bu dəfə meydanda hər qarış üçün mübarizə apardı, döydüşdü. Laurentsiu Reqhekampfın komandası özündən daha hazırlıqlı rəqib qarşısında əlinə düşən şansları boşa verməyərək süpriz etməyi bacardı.

“Neftçi”nin meydanda ortaya qoyduğu futbola gəlincə, komandanın problemləri kifayət qədərdir. Rumın məşqçinin kifayət qədər vaxtı olmadığı, komandanı tam istədiyi sistemə uyğunlaşdıra bilmədiyi açıq-aşkar göz önündədir. Üstəlik, fiziki olaraq problemlər də atletik cəhətdən daha yaxşı olan “Aris” qarşısında çətinliyə çevrilmişdi. Hələ ikinci hissənin ortalarında futbolçuların ağırlığı özünü biruzə verirdi. Hətta, mərkəz müdafiəçisi kimi çıxış edən Solomon Kverkveliya da tənginnəfəs görünürdü.

Bunun nəticəsi özünü son dəqiqələrdə göstərdi. Eddi İsrafilov, Kenni Sayef yorğunluğun zədələrindən xilas ola bilməyib əvəzlənmələrini istədilər.

“Neftçi”nin matçında ən maraqlı və hər kəsdə sual yaradan məqam isə Mamadu Mbodjun sağ cinah müdafiəçisi kimi oynamasıdır. Doğma mövqeyi olan mərkəz xəttində belə çox da inamlı təsir bağışlamayan futbolçunun yeni mövqedə uğurlu olmasını gözləmək də doğru deyil. İlk matçda olduqca uğursuz müdaxilələrdən sonra hər kəs Bakıda Mbodjun meydanda olmayacağını düşünsə də, Reqhekampf yenə öz istəyindən əl çəkmədi. Seneqallı futbolçu bu dəfə də səhvləri ilə diqqət çəkirdi. İlk hissədə olduqca bərbad oynayan müdafiəçi nisbətən ikinci hissədə özünə gəldi. Lakin yarana mənzərə odur ki, “Neftçi”nin müdafiənin sağında daha aktiv və sürətli futbolçuya ehtiyacı var. Əks-halda daha güclü və təcrübəli “Rapid” halqanın ən zəif bəndindən istifadə edə bilər.

Matçın ən yaxşısı isə Eddi İsrafilovu saymaq olar. Kifayət qədər uğurlu müdaxilələr və kritik ötürmələrlə meydanda drijor kimi görünə bildi. Vurduğu qol isə olduqca vacib idi və komandanın növbəti mərhələdə çıxmasında önəmli rol oynadı.

“Qəbələ” isə evdə Macarıstan “Fehervar”ına 2:1 hesabı ilə qalib gəldi. Lakin Elmar Baxşıyevin komandası daha çox qol vurmağa yaxın idi. Di gəl ki, qapı dirəkləri, futbolçuların qeyri-dəqiqliyi komandanı növbəti mərhələ şansından etdi. Əslində, “Qəbələ” səfərdə 1:4 uduzduğu matçda da bu məğlubiyyəti haqq etmirdi. Komanda Budapeştdəki oyuna yaxşı başlamışdı və hətta hesabı da açmışdı. İlkin Qırtımovun zədələnib huşunu itirməsindən sonra “qırmızı qaralar” oyundan “düşmüşdü” və nəticədə 1:4 hesabı qeydə alınmışdı. Buna baxmayaraq evdə kifayət qədər şans yaradan əyalət təmsilçisinin mübarizəni dayandırmasını bəxtsizlik də adlandırmaq olar.


“Zirə”nin 2-ci təsnifat mərhələsində dayanmasının səbəbi isə evdəki bərbad futbol idi. “Qartallar” Təl-Əviv “Makkabi”sinə “Dalğa Arena”da keçirilən matçda istədiyini etməyə imkan verməsəydi, hər şey fərqli ola bilərdi. Rəşad Sadıqovun komandası ötən gecə İsrail paytaxtında kifayət qədər baxımlı oyun ortaya qoydu. Dəfələrlə qol şansları qazanmasına baxmayaraq rəqib qapısına yol tapa bilməslər də, oynadıqları futbolla göz oxşadılar. Sadıqovun gəlişindən sonra dirçələn komandadan növbəti illərdə daha uğurlu çıxış gözləməyə dəyər.

Problemin digər səbəbi isə “Zirə”nin heç də yaxşı transferlər etməməsi ilə bağlı idi. Hansı amillərə görə avrokuboklarda oynayan klubun vacib bir neçə futbolçunu göndərib onların yerini doldurmaması da qaranlıq qalır.

Azərbaycan üçün isə avrokuboklar davam edir. Qitə səhnəsinin daimi iştirakçısı “Qarabağ” və azarkleşlərdə böyük ümidlər yaradan “Neftçi” qrup mərhələsi üçün mübarizə aparır. Ağdamlılar Konfrans Liqasının qrupunu təmin etsə də, hədəf Çempionlar Liqasıdır. “Neftçi”ni isə KL-in qrupuna düşmək üçün cəmi 2 ağır sınaq gözləyir (qafqazinfo).

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı