Unudun "Qarabağ"ı, bu ölkənin futbolu dünənki “Neftçi”dir, “Zirə”dir, "Qəbələ"dir və...

24 İyul 2022 23:00 Azərbaycan Futbolu 4 583
Unudun "Qarabağ"ı, bu ölkənin futbolu dünənki “Neftçi”dir, “Zirə”dir, "Qəbələ"dir və...

Həftəiçi “Qarabağ”ın ardınca, daha üç təmsilçimiz – “Neftçi”, “Zirə” və “Qəbələ” avrokuboklarda mübarizəyə start verdi.

Əslində stop elədi də deyə bilərik.

Mübarizəyə başladı dediyimiz hər üç klubdan da heç bir mübarizə görə bilmədik. “Qəbələ”nin oyununa kompüterdə, “Zirə”nin matçına telefonda, nəhayət “Neftçi”yə də televiziyada baxa bildim.

Bir sözlə, məqsədim olduğu üçün böyük əziyyət bahasına olsa da hər üç görüşü də izləməyə nail oldum. Ki, oyunlar barədə məlumatım olsun və növbəti gün sayt üçün yazı yaza bilim.

Amma meydandakı futbolçular nə əziyyət çəkdilər, nə müqavimət göstərdilər, nə də hər hansı məqsədin siqnalın verə bildilər.

3 klub qapısında gördüyü 9 topa qarşılıq olaraq rəqib qapılarından cəmi 1 top keçirə bildi. Onu da 50 dərdinin üstünə ikisi də meydanda gələn “Qəbələ”!

Sanki meydandakı futbolçulara nə klubun, nə də ölkənin xal reytinqi lazım deyildi. Hər birində məqsədsizlik, məramsızlıq "göz deşirdi".

Deyəcəksiniz ki, əcnəbi üçün belə şeylər maraqlı deyil. Amma o əcnəbinin yanında kifayət qədər sanballı, təcrübəli yerli futbolçular da var axı. Bunu onlara başa salmalı, diqqətlərinə çatdırmalıdılar. Bəs məşqçi, bəs rəhbərlik hara baxır?

Hərəsi bir səbəb göstərə bilər. Biri rəqibdən, digəri vaxtdan, bir başqası da puldan şikayətlənə bilər. Haqqları da var, amma bunlar bu gün üçün bəhanədən başqa bir şey deyil.

Meydana çıxanda bəhanələri, lap elə haqqlı səbəbləri də unutmaq və döyüşmək lazımdır. Əvvəl öz adın, öz prinsiplərin üçün, sonra isə formasını geyindiyi klub, təmsil etdiyin ölkə üçün mütləq bunu etmək lazımdır. Bu, birində alınmadı, digərində şans gətirmədi. Bəs üçünə nə izah verəsən?

Nə danışsanız, nə desəniz də, bu, rüsvayçılığa bəraət verə bilməz. Sizə qədər o qədər günahkar var ki...

Biləcəridən o tərəf sınaq, imtahan, həqiqət meydanıdır. Orda hər şey qatıq kimi ağ, gün kimi aydındır.

Ki, Azərbaycanı təmsil edən klubların ordakı performansı(zlığı) Azərbaycan futbolunun real durumunun təcəssümüdür. Düşdüyümüzün bataqlığın açıq izahıdır. Futbolumuzun qara gününün ağ ifşasıdır.

Bəs “Qarabağ”?

Unudun, “Qarabağ”ı. Yox bilin “Qarabağ”ı. O klub bu ölkənin futbolundan deyil. Özəldi, xüsusidir, başqadı o klub.

Bu ölkənin futbolu dünənki “Neftçi”di, “Zirə”di, “Qəbələ”di. Sabahkı “Səbail”di, “Şamaxı”dır.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı