Azərbaycan gəncləri əzab çəkir, serbiyalı da xan kefində...

25 İyun 19:00 Azərbaycan Futbolu 1 410
Azərbaycan gəncləri əzab çəkir, serbiyalı da xan kefində...

AFFA bir neçə gün əvvəl açıqladığı qərarla Azərbaycan U21 millisinin çalışdırıcısı Milan Obradoviçlə yolların ayrıldığını bildirdi.

Serbiyalı mütəxəssis 2019-cu ilin yanvar ayından gənclər millisinin başına keçmişdi. İlk sınaq Lixtenişteyn millisinə qarşı səfərdə baş tutmuşdu. Əgər buna sınaq demək olarsa...

Futbolçular özü heyət qursa, özü taktika seçsə bu rəqibi rahatlıqla udardı. Amma Milanın seçdiyi xətt üzrə gedən uşaqlar sonda ağır qəza keçirmiş oldular. Belə ki, səfərdə baş tutan matç rəqibin minimal hesablı (0-1) qələbəsi ilə başa çatmışdı. Bu, “Çırtdanlar”ın tarixində ilk qələbə idi. Üzərindən azalır 3 il keçsin və o qələbə həm də son qələbə kimi qalır. Millimiz üzərindəki həmin tarixi zəfərdən sonra Lixtenişteyn gəncləri meydana çıxıdğı 19 matçın hamısını uduzublar. Top fərqi isə göz qamaşdırır – 3:98.

Əslində Milanın startı onun həm də finişi olmalıydı. Amma bütün tənqidlərə, qınaqlara rəğmən o, postunda saxlanıldı.

44 yaşlı mütəxəssis yola salınmasına kimi 24 qarşılaşmada gənclər millimizi meydana çıxardı. 17 məğlubiyyət və 2 bərabərlik əldə edən gənclər yalnız 5 oyunda qələbəyə sevindi. Əgər ona sevinmək demək olarsa...

İki oyunda estonlar, birində isə lixtenşteynli gənclər məğlub edilib. 3 ildən artıq Azərbaycanın çörəyini yeyən, 1 milyondan artıq pulunu ölkəsinə daşıyan serbiyalı bunun üçünmü ölkəmizə gətirilmişdi?

Hələ utanmaz-utanmaz bir qəpiklik iş görməyən adama federasiya 200 min dollarlıq yeni müqavilə təklif edibmiş. Sadəcə mütəxəssis bu təklifə “Yox” cavabı verib. Baxın, futbolumuza cavabdeh olan qurumun idarəetməsinin, simasının əyani göstəricisi, həqiqəti budur. Sabahımız olan gənclər millisi görün kimlərə və necə etibar edilir.

Bilirəm, yaşanan məğlubiyyətlərə, uğursuzluqlara görə damarında azərbaycanlı qanı axan uşaqlarımız məyus olur, əzab çəkillər.

Amma Milan Obradoviç getdi, həm də yığdığı milyonlarla bir yerdə. Hələ uzun illər işləməsə belə, ölkəsində xan kefində yaşaya biləcək. Nə Azərbaycan milllisi yada düşəcək, nə məğlubiyyətlər, nə gənc futbolçularımız, nə də haqqını yediyi xalqım.

Hələ arada ilk görüşdəki məğlubiyyəti yada salıb, qəh-qəhə çəkəcək, onu postunda saxlayanların şəninə “təriflər” deyib, şənlənməyə davam edəcək.

Olan isə Azərbaycan futboluna, Azərbacan futbolçusuna olacaq. Necə ki, AFFA-nın yarıtmaz idarəçiliyi sayəsində illərdi bu, belədir...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
18 Avqust 11:20 Gözləyirik… ELAN!