Elmar Baxşıyevin "Neftçi" həsrəti bu gün başa çatacaqmı?

9 May 2022 15:00 Azərbaycan Futbolu 651
Elmar Baxşıyevin "Neftçi" həsrəti bu gün başa çatacaqmı?

Premyer Liqada 25-ci tura bu gün yekun vurulacaq. Qəbələdə meydan sahibləri son çempion "Neftçi"ni qəbul edəcək.

Qarşılaşamaya turun matçı da deyə bilərik. Düzdü, qonaqlar üçün nəticənin heç bir əhəmiyyəti yoxdur. Artıq "ağ qaralar" gümüşü özləri üçün təmin ediblər.

Amma meydan sahibləri barədə bunu demək olmaz. Ötən tur gözlənilmədən səfərdə "Zirə"ni darmadağın (3-0) edən bölgə klubu avrokuboklarla bağlı ümidsizləyə bir "dirilik" qatmış oldu.

Əla oyun, gözəl qələbə ilə mübarizədə "mən də varam" dedi.

İndi bunun davamını doğma məkanda, yerli fanatların gözü önündə gətirmək lazımdır.

Bəli, rəqib son çempion və bu mövsümün gümüş medalçısı "Neftçi"dir. Elmar Baxşıyevin komandasının büdcəsi də, heyətindəki oyunçu potensialı da rəqibdən aşkar geridir.

Amma "Qəbələ" bunlara görə əl-qolu bağlı meydana çıxmalı deyil. Ki, bu mövsümün daha əvvəl oynanılan 3 matçının ikisində komanda rəqibinə məğlub olmayıb - 1:1, 2:2. Deməli, xal almaq təcrübəsi var.

Bundan başqa mövsüm boyu hətta "Qarabağ"la bəzən kollektiv başa-başa oynamaq bacarığını meydanda əyani göstərib. Bu gün niyə də olmasın?

Ən önəmli nüanslardan biri isə odur ki, rəqibin bu gün meydana çıxmaq üçün xüsusi motivasiyası olmayacaq. Hətta Samir Abasovun bir neçə gənc futbolçuya şans vermək ehtimalı da yüksəkdir.

"Qırmızı-qaralar"ın son turlardakı ən ideal heyəti də indi cəm olub deyə bilərik. Ciddi narahatlıq yaradacaq cəza və ya zədə gözə dəymir.

Tək ümidsizlik Baxşıyevin baş məşqçi kimi rəqibi üzərində hələ də qələbəsinin olmamasıdır. Ümumiyyətlə, bölgə klubunun "ağ qaralar" üzərində sonuncu 3 xal sevinci nə az, nə çox 4 il əvvələ, Sənan Qurbanov baş məşqçi olan dövrə təsadüf etməsidir.

Arxada qalan 4 ildə "Qəbələ"nin "Neftçi" üzərində bugünkü kimi qələbəyə ehtiyacı olduğu gün xatırlamıram. İndi qalır qarşıdakı 90 dəqiqədə yuxarıda sadaladığımız müsbət məqamların gücü ilə 4 illik mənfi sindromu müsbət məcraya sonlandırmaq. Gözləyək axşam 19:45-i...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi