KUBOK GÜNÜ - Rahat və narahatlar

20 Aprel 2022 10:40 Azərbaycan Futbolu 614
KUBOK GÜNÜ - Rahat və narahatlar

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk matçları baş tutacaq.

"Qəbələ" doğma meydanda hazırkı "Qarabağ"ı qəbul edəcək. Ardınca isə "Zirə" son çempion "Neftçi"ni qonaq edəcək.

Təbii ki, istənilən klubun hədəfi mövsümü titulla başa vurmaqdır. Ən zəif klubun da hədəfi olmasa belə, arzusunun belə olduğu mütləqdir.

Bu mərhələdəki 4 rəqibin hamısı da yaxşı mövsüm keçirən komandalardı. Əbəs deyil ki, məhz Premyer Liqanın ilk dördlüyündə bu komandalar qərar tutub.

İlk baxışdan "Qarabağ" - "Neftçi" finalının bizi gözləməsinin işartıları hiss olunur.

Amma son illər ölkə kubokundakı nəticələrə baxanda fərqli düşünməyə, surpriz ehtimalla barədə düşünməyə vadar olursan.

Məsələn, götürək lider "Qarabağ"ı. Kollektiv sanki son illər bu turnirə bir qədər barmaqarası yanaşır. Çünki baş tutan son 3 finalda "Qarabağ"ın ümumiyyətlə adı olmayıb. "Köhlən atlar" titulsuz qaldığı ötən ili də, pik formada olduğu, çempionluqları sıraladığı öncəki illərdə də ölkə kubokunu götürməyə o qədər də maraqlı görünməyib. Yox, iddia etmirəm ki, özü yarışdan kənarlaşmaqda maraqlı olub. Sadəcə istək, motivasiya çempionluq üçün olanla eyni olmayıb. Bir sözlə, futbolçularda bir rahatlıq sezilib. Olmazsa-olmaz düşüncəsi başlarda var-gəl edib.

"Qarabağ"dan fərqli olaraq "Qəbələ"ni kubok komandası adlandıra bilərik. Son 4 finalın 3-də tərəflərdən biri "Qəbələ" olub. Hazırkı yarımfinalçılardan ən son ölkə kubokuna sahib çıxanı da "Qəbələ"dir. Bu, 2018-2019 mövsümünə təsadüf edir. "Qırmızı-qaralar" finalda "Sumqayıt" üzərində minimal hesbalı (1-0) qələbə ilə titula sahib çıxmışdı. Surpriz mövsüm keçirən bölgə klubu ənənəsini bu gün də davam etdirməyə çalışacaq. Son turlardakı uğursuzluğu nəzərə alsaq, kollektivin buna böyük ehtiyacı var.

Yuxarıdakı dördlükdən ölkə kubokunun ən təcrübəsiz kollektivi adına "Zirə"nin sahib olduğu deyə bilərik. Komanda tarixi ərzində final mərhələsi görməyib. Rəşad Sadıqovun yetirmələri bu gün məhz həmin tarixi günün təməlini qoymağa çalışacaqlar. Bu potensial "qartallar"da var. Son çempionla son matçda göstərilən performans da "Zirə"lilərin şansını yüksək edir. Komandaların ölkə kubokundakı son dueli də Rəşad Sadıqovun Samir Abasov üzərində qələbəsi ilə yadda qalmışdı. Belə ki, ötən mövsüm 1/4 final mərhələsində üz-üzə gəlmiş tərəflərin mübarizəsində "Zirə" mərhələ adlayan tərəf olmuşdu (1:0, 0-0). Bir sözlə, meydan sahiblərinin dadına çata biləcək belə təcrübəsi də var.

Mübarizədə ən böyük təzyiqlə meydana çıxacaq kollektiv sözsüz ki, son çempion "Neftçi" olacaq. Samir Abasovun yetirmələrinin ötənilki tituli əldən verdiklərini demək olar. Mövsümü boşa verməmək üçün ölkə kubokuna sahib olmaq mütləqdir. Yalnız bu halda rəhbərlik və azarkeşlər mövsümü nisbətən qənaətbəxş hesab edə bilərlər. Əks halda Abasovun "Neftçi"dəki gələcəyi də sual altına düşəcək. Təzyiqlər təkcə bununla bitmir. "Ağ-qaralar"ın "Zirə" ilə qarşılaşmaları çox ağır keçir. Son matçda bərbad çıxış edən Abasovun yetirmələri, yalnız son dəqiqə qolu ilə bərabərlik qolunu vura bilmişdi. Yuxarıda qeyd etdiyimiz kimi, bu komandaların son kubok mübarizəsində də qalib gələn tərəf "Zirə" olub. Təbii ki, bu da əlavə mənfi psixoloji məqamdır.

Bütün sadaladıqlarımız bu günə kimi yaşananların ehtimalına söykənir. Amma futbolda şablon fikir var - kubok mübarizəsində nə olacağını bilmək olmaz. Nə olacağını bilmək üçün isə qarşıdakı 2 matçı gözləmək mütləqdir. Amma bizləri gərgin, dinamik və maraqlı 4 görüşün gözlədiyini 100% demək olar. Əsas odur ki, sonda haqq edən qalib gələn tərəf olsun.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti