Azərbaycanın hansı rayonlarında yeni klubların yaradılması planlaşdırılır?

14 Aprel 2022 19:20 Azərbaycan Futbolu 806
Azərbaycanın hansı rayonlarında yeni klubların yaradılması planlaşdırılır?

Sportinfo.az Futbolun İnkişafı Fondunun (FİF) icraçı direktoru Tural Piriyevin müsahibəsini təqdim edir:

- AFFA İcraiyyə Komitəsinin (İK) qərarı ilə FİF-in icraçı direktoru təyin olunmusunuz. Təyinatınız necə gerçəkləşib?
- Fevralın 2-də İK-nın iclasında namizədliyim irəli sürüldü. Daha sonra təyinatım qurum tərəfindən təsdiqləndi. Təyinat barədə elə də deyəcək söz yoxdur. Mənə göstərilən etimatı doğrultmağa çalışacağam. Bu, çox vacib və məsuliyyətli işdir. Məsuliyyəti də çox böyükdür. Çünki region klublarının gələcək taleyinin həll olunmasında yaxından iştirak edəcəyik. Bunun uğurlu alınması isə regionlarda futbolun inkişafına birbaşa dəstək deməkdir.

- İndiki dönəmdə qarşıya qoyulan məqsədlər nədən ibarətdir?
- Hazırda fəaliyyətimiz 5 istiqamətdə qurulub. Gəncə, Tovuz, Lənkəran, Mingəçevir və Zaqatala regionlarına nümayəndələrimizin təyin olunması üçün işlər gedir. Bakı ofisində də işlərimiz davam edir. Demək olar ki, strukturu tamamlamaq üzrəyik. Strategiyamız hazırlanıb və Himayəçilər Şurasının ilk iclasından sonra nizamnamədə müəyyən dəyişiklik olub. 9 nəfərdən ibarət Himayəçilər Şurasının yeni heyətinin ilk iclası da keçirilib. Vəli Qasımov bir il müddətinə sədr seçilib. Hər il digər üzvlərin də Himayəçilər Şurasına sədrlik imkanı olacaq.

- Sizin icraçı direktor təyin olunmağınızdan iki ay ötür. Bu müddət ərzində hansı işləri görə bilmisiniz?
- Qeyd etdiyim kimi ilk olaraq, Himayəçilər Şurasının iclası baş tutub. Burada nazamnamədə olan məsələlər müzakirə edilib. Şura hansı formatda, neçə dəfə görüş keçirməlidir, kommunikasiyanı necə qurmalıyıq, hansı məsələri müzakirəyə çıxarmalıyıq kimi mövzularda söhbətlər aparılıb. Qərara alınıb ki, il ərzində 4 dəfə görüş baş tutsun. Amma mütəmadi olaraq kommunikasiyanı saxlayaq. Yekun nizamnaməni Ədliyyə Nazirliyinə təqdim etmişik. Bundan əlavə, regionlarda müxtəlif görüşlər keçirmişik. Gəncə, Tovuz və Mingəçevirdə görüşlərimiz baş tutub. Şəhərlərin icra başçılarına da məktublarla müraciətlər olub. Artıq Zaqatala və Gəncədə icra hakimiyyətlərinin nümayəndələri ilə danışıqlarımız olub. Hazırda əsas məqsəd I Divizionda komandaları olan regionları aktivləşdirməkdir. Bunlar Zaqatala, Tovuz və Gəncədir. İlk olaraq, burada nümayəndəliklə qurmaq istəyirik, daha sonra digər iki region - Mingəçevir və Lənkəranda işlər görəcəyik.

- Himayəçilər Şurasının heyəti nəyə əsasən müəyyən edilib?
- Bizdə müxtəlif sahələrdən insanlar var. Hər şəxs fərqli sahələrdən dəstək göstərə bilər. Himayəçilər Şurasının ümimi müzakirə etdiyi mövzulardan başqa, hər insanın özünün də ayrılıqda fərdi dəstəyi var. Nümunə üçün Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanı deyə bilərəm. O, fond barədə məlumatlılığın artırılması ilə bağlı böyük fəallıq göstərib. Artıq bizim üçün Milli Məclisdə müəyyən görüşlər də planlaşdırır. Gənclər və idman komitəsi, digər komitələrlə görüşlər nəzərdə tutulur. Qənirə xanım həmişə bu sahəyə dəstək olur. O, Milli Məclisdə Tovuzun deputatı olmaqla yanaşı, regionlarda ictimaiyyətin yaxşı tanıdığı insandır. İctimaiyyət və iş adamları arasında fəaliyyətimiz barədə məlumatların artırılmasında köməklik göstərir. Digər üzvlərdən “Yelo Bank”ın İdarə Heyətinin sədri Anar Həsənovu nümunə göstərə bilərəm. Korporativ kommunikasiya üzrə mütəxəssis Sona Abbasova da var. Məsələn, Anar müəllimin maliyyə məsələlərinin qurulması, hesabatların hazırlanması, şəffaflığın təmin olunası və s. mövzularda tövsiyələri olub. Sona xanım da korporativ kommunikasiya və təbliğat prosesi üzrə öz tövsiyələrini verib. Himayəçilər Şurasında futbol adamları da var. Beynəlxaq dərəcəli hakim-inspektor Asim Xudiyev, veteran futbolçulardan Vəli Qasımov, Yunis Hüseynov regionları yaxşı tanıyırlar. Onların hər birinin regionlardakı müxtəlif şəxslərlə tanışlıq imkanı olub. Onların da regionlar barədə müxtəlif tövsiyələrini almışıq. CBC Sport telekanalının Proqram Direktoru Rüstəm Əfsərlinin də media sahəsi və təbliğatla bağlı dəstəyi var. Sahibkar Şaiq Qəribzadə də çox böyük aktivlik göstərir, artıq bir neçə şirkətlə əməkdaşlığın qurulması üçün müzakirələr aparır, görüşlər keçirir. Hətta təklif və təşəbbüsləri də var.

- Futbolun İnkişaf Fondunun (FİF) daha hansı planları var?
- Paralel olaraq ianə portalı üzərində işləyirik. İanə portalının texniki tapşırıqları və digər məsələləri təsdiqlənib. Hazırda portalın hazırlanması prosesindəyik. Bunu tələsik etmək istəmirik. Mükəmməl portal ərsəyə gətirmək niyyətindəyik. Çünki insanların oraya cəlb olunmaları üçün müəyyən resurslar cəlb ediləcək. Portalın insanlar üçün mükəmməl işləməsinə çalışacağıq. Hansısa anlaşılmazlığın olmasını və prosesin bu səbəbdən dayanmasını istəmirik. Bu portal haqqında bir qədər məlumat vermək istəyirəm. Bizim iki əsas məqsədimiz var: İlk olaraq, region klublarına dayanıqlı maliyyə mənbəyi tapmaq və köməklik göstərmək, ikincisi, ictimaiyyətin prosesdə iştirakına imkan yaratmaqdır. Dediyimiz imkan da bu ianə portalıdır. İnsanların imkanı olacaq ki, dəstək vermək istədikləri regiona, bölgəyə birbaşa ianə etsinlər. Bizim cəlb etdiyimiz dövlət qurumları və fərdi sponsorlardan fərqli olaraq buradakı ianə birbaşa kluba gedəcək. Məsələn, siz Gəncə regionuna ianə edirsinizsə, oraya yönləndirdiyiniz məbləğ başqa kluba xərclənə bilməz. O, sırf həmin regiona cəlb ediləcək. Portal haqqında çox detallı danışmaq istəmirəm. Bunun çox maraqlı tərəfli var, hazırda ilkin test versiyasının hazır olmasını istəyirik. Ondan sonra təqdimat və detallı açıqlama verə biləcəyik.

- Dayanıqlı maliyyə mənbələri tapmaq üçün hansı işlərin görülməsi planlaşdırılır?
- Dövlətin, beynəlxalq qurumların və müxtəlif şirkətlərin dəstəyi qısa müddətdə olacaq. Amma ianə portalındakı dəstək uzun müddəti əhatə edəcək. İstəmirik ki, ianə portalına kimsə gəlib birdəfəlik 100 manat köçürsün. İstəyirik ki, bir manat olsun, amma hər ay olsun. Burada məbləğin azlığı, ianənin çoxluğu uzunmüddətli dayanıqlığı təmin edə bilər. Amma təbii ki, işlər bununla yekunlaşmır. Biz həmişə klublara kömək edəcəyik ki, dayanıqlı maliyyə mənbələrinin formalaşması üçün fəaliyyət qursunlar. Onların strategiyaları elə olmalıdır ki, klub pul qazana bilmir. Onlar tək FIF-dən və hansısa bir sponsordan maliyyə gözləməli deyil.

- Azərbaycanda iş adamlarının futbola sərmayə qoymaq istəməməsinin səbəbini nədə görürsünüz?
- Bunu çox eşitmişəm və mediada belə fikir var ki, iş adamları futbola vəsait ayırmaq istəmir. Amma bununla bağlı kiminsə, geniş araşdırması ilə rastlaşmamışam. Düşünürəm ki, bu, reallığa baxaraq insanlar arasında formalaşmış subyektiv fikirdir. Məncə, bəlkə də iş adamlarına futbola yatırım etmək üçün düzgün formada təkliflər olunmur. Biz hansısa işin adını sponsor qoyuruqsa, həmin şirkət yatırdığı pulu hansısa sosial proqram, sosial yardım kimi yatırırsa, bunun qarşılığında geridönüş gözləmirsə, bu artıq sponsorluq deyil, həmin şirkətin yardım kampaniyasıdır.

- Bəs sizcə, sponsorluq necə olmalıdır?

- İş adamının, şirkətin qoyduğu pulun onun biznesinə də faydalı olmasını istəyiriksə, ona verilən təklif və sponsorluq bu yöndə qurulmalıdır. Biznesmenin verdiyi pul qarşılığında müəyyən geridönüşlər olmalı və öz biznesinə fayda gəlməlidir. Potensial sponsorlarla danışıqlara daha effektiv formada getmək lazımdır. Bəzən ənənəvi yanaşmalar olur, sponsora deyilir ki, siz bizə pul verin və qarşılığında meydanın ətrafında, formada sizin reklamınızı qoyacağıq. Dünya təcrübəsində bu, çox da yaxşı işləmir. Sponsorlar hazırda bütün məsələləri çox ölçüb-biçirlər. Onlar qoyduqları puldan 5 qat qazanc əldə etməyi hədəfləyirlər. Bunun üçün dünya təcrübəsinə baxmaq lazımdır. Sponsorluq hüquqlarının aktivləşdirilməsi deyə bir anlayış var. Həmin sponsorlara verilən hüquqlardan maksimum istifadə olunmalıdır. Orada tək standart reklam yerləri nəzərdə tutulmamalıdır. Onlara müxtəlif hüquqlar verilməlidir ki, öz biznes fəaliyyətlərində bunu aktivləşdirə bilsinlər. Klublarımız dünya təcrübəsindən istifadə edərək təkliflərə bir az yaradıcılıq qatmalıdırlar.

- Bu istiqamətdə hansı dəstəyi göstərə bilərsiniz?

- FIF olaraq, region klublarına fərdi sponsorların tapılmasında da yardımçı olacaq, prosesin birbaşa özündə iştirak edəcəyik. I Divizion klublarında vəziyyət bir qədər fərqlidir. Buradakı klublarda marketinq şöbəsindən məsul olan şəxslər də yoxdur. Fond həmin klubların Marketinq departementi kimi fəaliyyət göstərəcək. Onlara sponsorların cəlb edilməsi, təkliflərin hazırlanması və s. məsələrlərdə iştirak edəcəyik.

- Yerli icra hakimiyyətlərinin hazırda region klublarına dəstək olmamalarının səbəbini nədə görürsünüz?
- Daha əvvəl sırf bu prosesin içində olmadığımdan, nə isə deyə bilmərəm. Amma düşünürəm ki, icra hakimiyyətləri və regionlardakı qurumlar klublara dəstək olmalıdır. Çünki futbol klubu tək hansısa azarkeşlərin marağı üçün fəaliyyət göstərmir. Klubun olmasının region üçün iqtisadi geridönüşləri var. Bu, iş yerlərinin açılması, insanlara sağlam həyət tərzinin təbliği, asudə vaxtının düzgün şəkildə keçirilməsidir. Hətta UEFA-nın araşdırmasına görə, kütləvi futbola qoyulan maliyyədən ölkələr üçün geridönüşlər olur. Bunun Avropa üçün orta göstəricisi var, Azərbaycan üçün isə bu yaxınlarda hazır olacaq. Geridönüş göstəriciləri UEFA, AFFA və müxtəlif dövlət qurumlarından yığılan məlumatlar əsasında hazırlanacaq. İnanıram ki, regionlardakı icra hakimiyyətləri və digər qurumlar klublara dəstək olacaq. İndiyədək görüşlərimizdə həmişə nümayəndələrdən müsbət fikirlər eşitmişik. Bu, maliyyə dəstəyi və başqa cür dəstəklər ola bilər. İnanıram ki, bu dəstəyi görəcəyik. Dünya praktikası göstərir ki, bu proses bir çox ölkələrdə inkişaf edir.

- 5 regionda nümayəndəliklər yaratmağı planlaşdırırsınız. Digər bölgələrin kənarda qalmasının əsas səbəbi nədir? Məsələn, Qubadakı Olimpiya İdman Kompleksi yeni bərpa olunub və oradakı stadion əsaslı təmir edilib. Orada nümayəndəlik yaratmaq fikriniz var?

- Tamamilə doğru vurğuladınız. Hələlik Gəncə, Tovuz, Lənkəran, Mingəçevir və Zaqatala nümayəndəlikləri olacaq. Bu siyahını kifayət qədər də böyütmək olar. Burada əsas səbəb effektivlikdir. Biz fəaliyyətimizin effektiv olmasını istəyirik. Nə isə etmək xatirinə nümayəndəlik yaratmaq istəmirik. 5 nümayəndəlik yaratmışıq, amma hamısında fəaliyyətə aktiv başlaya bilmirik. Bunları seçərkən əsasən, regionların futbol tarixlərinə baxmışıq. Klubların fəaliyyəti və yerli ictimaiyyətin futbola marağı da nəzərə alınıb. Bu 5 region müəyyən prioritetlər əsasında müəyyən edilib. Əlbəttə, bununla kifayətlənmək istəmirik. Əhatə dairəsinin daha da böyüməsinin tərəfdarıyıq. Şimal zonasında, mərkəzdə və Naxçıvanda da nümayəndəliklər yaratmaq niyyətindəyik. Amma inanmıram ki, biz 2022-ci ildə 5-dən daha çox nümayəndəlik yarada bilək. Effektiv fəaliyyət üçün ciddi işlər görməliyik. İlk 5 region həm də təcrübədir. Yəqin ki, hansısa səhvlərimiz olacaq və onların üzərində işləməyə çalışacağıq. Növbəti regionlarda biz fəaliyyətimizi daha effektiv quracağıq. Bu il yalnız 5 region üzrə nümayəndəliklərimiz olacaq. Növbəti il Quba və digər regionlarda nümayəndəlik yarada bilərik (report).

Xəbər Lenti