Futbolumuzun inkişafı bölgələrdən keçir, amma belə yox...

18 Noyabr 2021 22:20 Azərbaycan Futbolu 747
Futbolumuzun inkişafı bölgələrdən keçir, amma belə yox...

"Keşlə"nin bir gecədə "Şamaxı" adlandırılması və Bakını Şamaxıya dəyişməsi həm gözlənilməz oldu, həm də geniş müzakirələrə yol açdı. Qərarın verilməsindən günlər keçsə də hələ əksər suallar cavabsız qalmaqdadır.

İndi də "Sabah"ın Şuşaya göndəriləcəyi söhbətləri gedir. İlk baxışdan alqışlanası qərarlardı.

Azərbaycan futbolunun inkişafı bölgələrimizdən keçir. Bu, birmənalı və dəyişməzdi. Bu baxımdan Şamaxıya, Şuşaya böyük futbolun qayıtmasına, ancaq sevinmək olar.

Zatən biz illərdi bunu deyirik ki, "Keşlə" "Səbail" kimi komandaların paytaxtda yox, bölgələrimizdə, məsələn; Tovuzda, Gəncədə, Lənkəranda fəaliyyət göstərməsinə maraq göstərmək, cəhd etmək lazımdır.

Amma hər dəfə AFFA rəsmiləri həmin klubların müstəqil olduğunu, onları buna məcbur edə bilmərik deyirdilər.

Bir neçə gün əvvəl bir andaca "Keşlə"nin "Şamaxı" adı ilə dəyişdirilib, Şamaxıya göndərilməsi təsdiq eləmiş oldu ki, adı çəkilən klublar birbaşa AFFA-nın idarəetməsindədirlər. Bu, özü-özünü təkzib deyil, bəs nədir?

İllərdi yox, indi belə qərarın verilməsi isə çox süni görünür. Ümumiyyətlə, son dönəmlər AFFA rəhbərliyi sanki özünü kimlərəsə göstərir.

"Mən də varam" demək istəyir. Hər halda illərlə yada düşməyən bölgələr məhz son aylar AFFA-nın vitse-prezidenti Elxan Məmmədovun yadına düşdü.

Ki, əlinə 3-5 topdan, formadan alıb, düşdü regionların canına.

İndi də "Keşlə"ni "Şamaxı"ya dəyişib, "böyük futbolu bölgələrə aparırıq" görüntüsü yaradılır. Həm də Lənkəran, Gəncə, Quba, Tovuz kimi futbol ənənələri olan bölgələrə yox, məhz "Şamaxı"ya.

Elə burdan görünür, niyyətin nə qədər süni və saxta olduğu. Əgər belə olmasaydı, indi yox, neçə illər əvvəldən buna qərar verilərdi.

Güya AFFA indiyə kimi yox, məhz indi belə qərarın doğruluğuna inanmış oldu? Mənə görə belə inkişaf olmur. Zaman isə hər şeyi özü göstərəcək. Hər zaman olduğu kimi.

Xanoğlan İmanov

Xəbər Lenti