Azərbaycan millisi niyə "Qarabağ" olmur?

2 Sentyabr 2021 22:20 Azərbaycan Futbolu 2 249
Azərbaycan millisi niyə "Qarabağ" olmur?

Qələbədən fərqli olaraq, Azərbaycan millisinin hər məğlubiyyətində "Qarabağ" yada düşür. Ki, əsas millinin əsasını məhz Qurban Qurbanovun yetirmələri təşkil edir. Təbii ki, burada məqsəd "Qarabağ"ı "vurmaq" və bunun arxasında gizlənmək dayanır.

Narazılıqlar isə ondan ibarətdir ki, futbolçular "Qarabağ"da oynadığı kimi millidə oynamırlar və ya oynaya bilmirlər. Daha zəif təsir bağışlayırlar.

Əvvəla bu belədirsə, arxada qalan 10 ildə niyə aşağı-yuxarı hər dəfə milli komandada "Qarabağ" 7-8 futbolçu ilə təmsil olunur?

Əgər qanedici oyun göstərmirlərsə, oynamırlarsa, ümumiyyətlə, çağırılmasınlar. Çağırmaq nədi, sonra şər-böhtan atmaq nədir?

Yox, min oyundan çıxa-çıxa "Qarabağ"ın eynisini millidə görmək istəyirsinizsə, bu olmayacaq. Mümkün deyil!

Bu, ötənlərdə Bert Foqts, Robert Prosineçki və Yurçeviç ilə olmadı, bu gün də De Byazi ilə olmur. Heç sabah da olmayacaq. Hətta Qurbanov özü gəlsə də olmayacaq. Necəki olmadı, daha dəqiqi olmağa qoymadılar.

Olması üçün "Qarabağ"dakı rəhbərliyin, baş məşqçinin və ümumilikdə sistemin Azərbaycan millisində olması lazımdır.

"Qarabağ"da da Qurbanovla 6 illik müqavilə bağlayıb, 1 il sonra "sağ ol" deyən prezident olsaydı, bəlkə də bu gün nə indiki "Qarabağ" vardı, nə də Qurban Qurbanov.

Deməli, hazırkı "Qarabağ" Qurban Qurbanovla bərabər, həm də yaxşı rəhbərlik və vahid bir sistemin bəhrəsidir.

Bunlardan biri olmasa, Azərbaycan millisindən də "Qarabağ" gözləməyə dəyməz.

Xanoğlan İmanov

Xəbər Lenti