Bu yenilik Azərbaycan futbolunda da tətbiq olunacaq?

30 İyun 2021 19:00 Azərbaycan Futbolu 1 205
Bu yenilik Azərbaycan futbolunda da tətbiq olunacaq?

UEFA 2021/2022 mövsümündən klub yarışlarında səfər qolu qaydasını ləğv edib.

Qol sayı bərabər olarsa, hərəsi 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılacaq.

Burada da qalib müəyyənləşməsə, penaltilər seriyası baş tutacaq.

UEFA prezidenti Aleksandr Çeferin bildirib ki, bu prinsip meydan sahibi olan komandaya xüsusilə ilk oyunlar zamanı rəqiblərinə üstünlük verə biləcək qoldan qorxduqları üçün hücum etməyə imkan vermirdi:

"Səfər qolu qaydası 1965-ci ildən tətbiq olunan UEFA yarışlarının ayrılmaz hissəsi idi. Amma bu qaydanın ləğvi son bir neçə il ərzində qurumun müxtəlif iclaslarında müzakirə edilib.

Ümumi fikir birliyi olmasa da, bir çox məşqçi, azarkeş və digər maraqlı tərəflər bu qaydanın ləğv edilməsinin lehinə səs verdi.

Qonaq komanda fərqləndikdən sonra ev sahiblərinin 2 qol vurmaq məcburiyyətində qalması haqsızlıq sayılırdı və buna görə xeyli tənqidlər var idi".

Çeferinin sözlərinə görə, bu qaydanın ləğvindən sonra ev üstünlüyü əvvəlkitək önəm daşımayacaq: "Bütün amilləri nəzərə alan UEFA İcraiyyə Komitəsi düzgün qərar verdi".

Azərbaycan Kubokunda da səfər qolunun ləğvi məsələsi müzakirə edilir. Bizdə kubokun 1/8 final mərhələsi bir oyundan ibarət olduğundan, bu qayda 1/4 və 1/2 final matçlarında tətbiq olunur.

Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev Sportinfo.az-a bildirib ki, məsələ barədə qərar vermək tezdir:

"UEFA-nın məlum qərarı barədə rəhbərliyə məlumat vermişdik. UEFA-nın tətbiq etməyə başlayacağı yenilik hələlik avrokuboklara aiddir.

Ancaq görürük ki, artıq Avropanın bəzi ölkələrində də səfər qolundan imtina olunur. Azərbaycanda növbəti futbol mövsümü avqustda start götürəcək.

Kubok mübarizəsi isə ondan xeyli sonra başlayacaq. Peşəkar Futbol Liqası olaraq UEFA-nın qərarını müzakirə etmişik.

Onu da bilirik ki, təşkilat bu məsələdə daxili yarışmalar üzrə nə qərar verməyi yerli federasiyaların öz ixtiyarına buraxıb. Hələ 2-3 ay vaxtımız var. Onadək yekun qərarımızı müəyyənləşdirəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu