Futbolda məşhurlaşıb, "həndbolda ölən" Şıxlarov

2 İyun 2021 15:30 Azərbaycan Futbolu 544
Futbolda məşhurlaşıb, "həndbolda ölən" Şıxlarov

Dünən günorta saatlarında yayılan xəbər Azərbaycan futbol camiəsini sarsıtdı: Səmədağa Şıxlarov faciəvi şəkildə vəfat edib.

Həsən Əliyev küçəsi ilə "Azadlıq" prospektinin kəsişməsində, evinin yaxınlığında yolu keçərkən, təxminən elə Şıxlarovla həmyaşıd bir sürücünün idarə etdiyi "Şevrolet" vurmuşdu...

Nə bilmək olar, bəlkə də məşhur futolçumuzun həyatına son qoyan həmin yaşlı sürücü 40 il əvvəl Səmədağa Şıxlarov "Neftçi"nin heyətində "Spartak"a qollar vuranda stadionda onu alqışlayan, ekran qarşısında "qoool" deyib hayqıran azarkeşlərdən olub.

Axı, Sovet dövründə bütün Azərbaycan respublikanın SSRİ futbol elitasındakı yeganə təmsilçisi "Neftçi"yə azarkeşlik edir, komandanın əksər futbolçularını tanıyırdı. Şıxlarov isə həmin komandanın ən məşhur hücumçularından idi.

Səmədağa Şıxlarov 1955-ci ildə Neftçala rayonun Xıllı kəndində çilingər ailəsində dünyaya göz açıb. 2 yaşı olanda ailəsi o vaxt Əli Bayramlı adlanan indiki Şirvan şəhərinə köçüb. Təhsili yox, idmanı seçib. Uşaqlıqdan güləş, boks, yüngül atletika və sambo ilə də məşğul olsa da, sonda özünü futbolda tapıb.

"Üzləşdiyim çətinliklər xarakterimin möhkəmlənməsinə səbəb olub" - müsahibələrində belə deyib Şıxlarov. 18 yaşında İdman Akademiyasına imtahandan kəsildikdə Bakı Neftayırma Zavodunda çilingər köməkçisi işləməyə başlayır. Zavodda səhər 7-dən gunortaya 12-yə kimi yarımnövbə işləyən fəhlə Şıxlarov nahardan sonra Respublika Stadionuna futbol məşqinə gedirdi. Özü danışırdı ki, "günortayadək zavodda fəhləlik, sonra məşq, axşam da məhəllədə futbol oynamaq - evə çatanda taqətim qalmırdı".

Məqşçilər futbol oynamaq istəyi ilə alışıb yanan gəncin ağır qrafikini nəzərə alıb onu Respublika stadionunda işə düzəldirlər. Burada həm işləyir, həm də məşq edirdi. İşi isə yaşıl meydanı sulamaq idi. Bir neçə ildən sonra isə Şıxlarov artıq öz oyunu ilə "meydan sulayırdı".

1974-də "Neftçi"də debüt edir. Cəmi 9 oyunda meydana çıxır. Hücumdakı güclü rəqabət üzündən "Neftçi"dən ayrılıb Sumqayıt "Xəzər"inə keçir. Həm burada, həm də daha sonra oynadığı "Avtomobilçi Bakı"da vurduğu qollarla diqqət çəkir. 1977-ci ildə yenidən "Neftçi"yə dönür. Əfsanəvi Anatoli Banişevskinin SSRİ çempionatlarında 100-cu qolunu vurduğu tarixi matçın - "Dnepr"lə qarşılaşmanın qəhrəmanlarndan biri də İsgəndər Cavadovla yanaşı məhz Səmədağa Şıxlarov olur. Onun Ermənistan təmsilçisi "Ararat"ın qapısına vurduğu qol isə "Neftçi"nin SSRİ çempionatlarında yubiley - 600-cü qolu olur. 1980-82-ci illərdə hərbi xidmətlə əlaqədar karyerasını Ukraynanın ordu klublarından birində davam etdirir. 1982-ci ildə karyerasında "3-cü "Neftçi" dövrü" başlayır. Ən uğurlusu da elə bu dövr olur. Onun həm 1982, həm də 83-cü il mövsümlərində nəinki SSRİ-nin, Avropanın ən yaxşı qolkiperlərindən olan "Spartak"çı Renat Dasayevin qapısına vurduğu qolları o dövrün azarkeşləri indi də fərəh və qürurla xatırlayır.

Karyerasının 1988-ci ildə Gəncdə bitirir: "Kəpəz"də 42 oyuna 24 qol! Amma bu son deyilmiş, 4 illik fasilədən sonra o yenidən karyerasının bərpa etməli olur. 1992-ci ildə müstəqil Azərbaycanın ilk milli çempionatı təşkil ediləndə, dostu Əbdülqəni Nurməmmədov Siyəzənin "Çıraqqala" komandasının oynayan məşqçisi olur, Səmədağanı da kömək üçün dəvət edir. Dostunun dəvətini geri çevirməyən 37 yaşlı Şıxlarov Siyəzən komandasında 11 oyun keçirir və 3 qol vurur.

O, futbola bir də 12 ildən sonra dönür. 2004-cü ildə sevimli "Neftçi"sində köməkçi-məşqçi kimi işə başlayır. Ümumiyyətlə, Şıxlarov heç vaxt baş məşqçi olmur. Həm "Neftçi"də, həm də "Olimpik-Şüvəlan" və AZAL-da seleksioner, köməkçi məşqçi vəzifələrində çalışır. Dostları bunu Şıxlarovun xarakteri ilə bağlayırlar.

Həyatının son illərində küskün, incik idi. Xanımı hələ 1994-cü ildə Şıxlarovdan ayrılmış, yeganə oğlu Ruslanı da götürərək Almaniyaya köçmüşdü. Səhhətində ciddi problemlər yaranmışdı. Futboldan ona qalan "acı miras" vardı: ayaq damarlarındakı problemə görə 6 dəfə əməliyyat olunmuşdu. 2020-ci ildə isə ürəyindən ağır əməliyyat keçirmişdi. Üstəlik, ömrünü həsr etdiyi Azərbaycan futbolundan gördüyü münasibət onu sıxırdı. Bir neçə il əvvəl məşqçi işlədiyi "Neftçi"dən kənarlaşdırıldı. Son müsahibələrində "həyatımı həsr etdiyim Azərbaycan futboluna niftrtə edirəm" deməsi Şıxlarovun üsyanı idi... Və daha acınacaqlısı: Azərbaycan futbolunda özünə yer tapa bilməyən Səmədağa Şıxlarov iş üçün nə qədər acı olsa da həndbola üz tutdu. Ömrünün sonuna kimi Həndbol Federasiyasında menecer postunda çalışdı...

Səmədağa Şıxlarov futbol oynayarkən müdafiəçilər onu çətinliklə dayandırırdı. Daha çox da qaydaları pozmaqla. Ölümü də belə oldu. Qaydaları pozan sürücü onu həyatdan məhrum etdi...

Onu yaxından tanıyanlar deyir ki, Səmədağa müəllimin qaranlığa qarşı fobiyası vardı. Yatarkən mütləq kənardan - qonşu otaqdan və ya küçədən işıq düşməli idi... Məzarın işıqlı olsun, "Neftçi"nin unudulmaz hücumçusu, nur içində yat!

İlkin Fikrətoğlu

Xəbər Lenti