Niyə avrokuboka vəsiqə əldə edən 3 klub Avroliqaya getməyəcək?

13 Mart 2021 17:20 Azərbaycan Futbolu 2 279
Niyə avrokuboka vəsiqə əldə edən 3 klub Avroliqaya getməyəcək?

Sportinfo.az xəbər verir ki, Azərbaycan klublarının Avroliqaya deyil, yeni yaradılan Konfrans Liqasına qatılacağı ilə bağlı yayılan informasiyalardan sonra azarkeşlərin beynində bir çox suallar yaranıb.

Görəsən, Konfrans Liqası nədir?

Ölkə çempionu ÇL-in təsnifat mərhələlərindən mübarizəyə başlayacaqsa, niyə avrokuboka vəsiqə əldə edən 3 klub Avroliqaya getməyəcək? Bu dəyişikliklərdən sonra Azərbaycan çempinu ÇL-in hansı raundundan mübarizəyə qoşulacaq?

Peşəkar Futbol Liqasının (PFL) Texniki-İdman Şöbəsinin rəisi Elgiz Abbasovla əlaqə saxlayıb , qatıldığı konfransda - "Club ADVISORY PLATFORM"da (CAP) tanış olduğu yeniliklər barədə məlumat verməsini istədik.

"UEFA Konfrans Liqası Çempionlar Liqası və Avropa Liqasından sonra qitənin 3-cü nüfuzlu klub turniri olacaq. Məsələ artıq çoxdandır ki, müzakirə mövzusu idi və artıq bu ildən yəni, UEFA-nın 2021/2022-ci illər mövsümündən keçirilməyə başlayacaq.

Son olaraq qatıldığımız CAP-da (Club ADVISORY PLATFORM) məsələ bir daha müzakirə olunmuşdu. Hansı ki mən həmin zoom proqramı üzərindən olan konfransa Avropa Liqalarının xətti ilə qoşulmuşdum.

Dünyadan ümumilikdə 35-i liqa olmaqla 37 ölkədən 303 klub ümumilikdə 490 iştirakçı burada iştirak edirdi. Bir sıra müzakirələr oldu və müzakirələrdən biri də UEFA-nın klub liqaları üzərindən idi.

Yəqin ki, sizi eləcə də azarkeşlərimizi maraqlandıran məqam ondan ibarətdir ki, yaydan etibarən klublarımız hansı liqalarda iştirak edəcək və mükafat fondu nə qədər olacaq.

Konfrans Liqanın mükafat fondu ilə bağlı hələ rəsmi məlumat yoxdur. Çünki yarış 1-ci il keçirilir, ona görə də dəqiq rəqəm hələ ki yoxdur.

Klublarımız başlanğıc olaraq 2021/22-ci illər mövsümündə Çempionlar Liqasında və Konfrans Liqada mübarizəyə başlayacaq.

Çempionumuz reytinq əsasında 18-51-ci yerlərin çempionları ilə birgə 1-ci təsnifat mərhələsindən başlayacaq. Sonradan müvafiq olaraq nəticələr əsasında ya ÇL-də davam edə bilər, ya da Avropa Liqasında və Konfrans Liqada oynaya bilər.

Avrokuboklarda oynamaq şansı qazanacaq digər 3 komandamız Konfrans Liqasından mübarizəyə başlayacaq. Ölkə reytinqinə görə biz 1-ci mərhələdən azadıq.

16-31-ci yerlərin 16 kubok qalibi(Azərbaycan 26-cı yerlə bu qrupa aiddir), 16-29-cu yerlərin 14 liqa 2-cisi (Azərbaycan 26-cı yerlə bu qrupa aiddir), 14-28-ci yerlərin 15 liqa 3-cüsü (Azərbaycan 26-cı yerlə bu qrupa aiddir).

Bir sözlə digər 3 komandamız Konfrans Liqasında təmsil olunacaq. Konfrans Liqanın ümumilikdə 8 iyulda başlaması nəzərdə tutulub ki, bizim üçün bu yarış 2-ci mərhələdən 22 iyuldan başlayacaq.

Nəzərdə tutulan odur ki, KL oyunları AL oyunları ilə eyni gündə baş tutacaq və ev-səfər prinsipi ilə keçiriləcək.

Yarışın ilk finalı 25 May 2022 ildə Tirana şəhərinin Arena Kombetare stadionunda olacaq. KL qalibi növbəti mövsüm AL-in qrup mərhələsində iştirak edəcək, əgər o öz ölkəsinin təmsilçisi kimi Çempionlar Liqasının qrupunda təmsil olunmayacaqsa.

Avropa Liqası ilə bağlı isə onu deyə bilərəm ki, yarış qruplara qədər 3-cü təsnifat mərhələsi və pley-offlardan ibarət olacaq” (fanat.az).

Digər Xəbərlər
Xəbər Lenti