Məşhur ixtiraçı Azərbaycanda bu klubu himayəsinə götürmək istəyir - VİDEO

12 Mart 2021 21:00 Azərbaycan Futbolu 1 567
Məşhur ixtiraçı  Azərbaycanda bu klubu himayəsinə götürmək istəyir - VİDEO

Sportinfo.az xəbər verir ki, “ağıllı” hakimlik sistemini kəşf edən azərbaycanlı məşhur ixtiraçı Sirus Paledi Azərbaycanda klub himayəyə götürmək istəyir.

“Allahın adıyla. Antalyadan bütün azərbaycanlılara, gözəl Bakı, qəhrəman Təbrizə Salam göndərirəm. Atam Bakıda, anam Təbrizdə dünyaya gəlib” deyən tanınmış iş adamı, Azərbaycanın Qarabağ zəfərini xüsusi qabardaraq bildirib ki, şəhidlərə borcluyuq:

“Ordumuz Qarabağda qəhrəmanlıq göstərdi. Əsgərlərimiz vətənin erməni işğalçılarından azad olunması üçün canlarından, qanlarından keçdilər və onlarla qürur duyuruq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qarabağda qələbəyə görə onlara borcluyuk. Şəhidlərimizin analarına, atalarına, ailələrinə, övladlarına Salam göndərirəm, hamısının əllərindən öpürəm. Yaralı əsgərlərimizə də şəfa diləyirəm”.

S.Paledi Şuşanın futbol klubuna himayədarlıq etməyə diqqət çəkib:

“Üç il əvvəl “Şuşa Qalası”nın (“Şuşa-Qarabağ” – keçmiş adı) baş məşqçisi Nadir Qasımovla Təbrizdə görüşümüz olmuşdu. Arzu etmişdik ki, Qarabağ erməni işğalından xilas edilsin. Allaha sonsuz şükürlər olsun bu diləyimiz alındı. Çox istərdim ki, hazırda “Şuşa Qalası”na sponsorluq edim. Qarabağ üçün də xüsusi önəm daşıyan Şuşanın komandasıyla həm ölkədaxili, həm də Avropa yarışlarında uğurlar qazanmaq niyyətindəyik”.

Tanınmış iş adamı, Qarabağ, Şuşa naminə komandaya kömək üçün ölkə prezidenti İlham Əliyev, AFFA rəhbərliyinə müraciət edib:

“Torpaqlarımıza, şəhidlərimizə hər zaman dəyər verməliyik. Hamımız birlikdə vətənin bayrağını daha da ucaltmalı, “Şuşa Qalası” Futbol Klubuna dəstək olmalıyıq. Şəhidlərimiz kimi mən də ölkəmiz üçün bütün varlığımı sərf etməyə hazıram. Nadir müəllimə söz verdiyim kimi “Şuşa Qalası”na hərtərəfli kömək etməyə çalışacağam. Ancaq tək əldən çıxmaz. Ölkə prezidenti İlham Əliyev, AFFA rəhbərliyi, sponsorlardan xahiş edirəm ki, bu komandaya xüsusi diqqət yetirilsin. Bizimlə birgə dostlarımız, qəlbimiz, eşqimiz, ruhumuzla Şuşa klubu üçün əlimizdən gələni edəcək. Şuşaya yaraşan, layiq, möhtəşəm komanda formalaşdırıb Avropa yarışlarında ölkəmizə zəfərlər qazandırmağa nail olmalıyıq.
Türkiyədən Qarabağ, Şuşa eşqinə əsgər olaraq “Şuşa Qalası” komandasına dəstək olmaq üçün Bakıya gələcəyəm. Məsləhət olsa, Şuşa şəhər stadionumuzda meydana çıxacağıq. Hər biriniz Allahın əmanətində olun. Azərbaycana bir daha Salam göndərir, torpağını öpürəm. Bir millətik, çox dövlətlər qardaşdır: Azərbaycan, Türkiyə, İran və s. Yaşasın Azərbaycan! Ya Haqq!”

Məşhur ixtiraçı, kəşf etdiyi sistemlə ölkəmizə böyük fayda vermək istədiyini söyləyib:

“FİFA texnologiyaların referilərə kömək etməsinə çalışır. Futbolda “ağıllı” hakim sistemini kəşf etmişəm. Buna görə iki qızıl medal qazanmışam. “Paledi sistemi”nin adı sonradan “Traktor sistemi” oldu. Bununla bağlı bəzi ölkələrdən təklif gəlsə də, razılıq verməmişəm. Sistemi Azərbaycanımızın adıyla dünyaya təqdim etmək, ölkəmizi daha da məşhurlaşdırmaq və dünya futboluna böyük töhfə vermək istəyirəm. Bu, Azərbaycan futboluna yeni etibar qapıları açar. Futbol iqtisadiyyat, ticarət, gəlir deməkdir. Əgər bu sahə qazanc gətirməsə, qapısını bağlamaq lazımdır. İnşəAllah icad etdiyim sistemə Azərbaycanda başlasaq, vətənimizə milyonlar, hətta milyardlarla dollar qazandırmaq olar” (supersport).

“Traktor sistemi” “ağıllı” hakim funksiyasını yetirir və Virtual Köməkçi Hakim (VAR) texnologiyasının inkişaf etmiş, güclü formasıdır. Azərbaycanlı ixtiraçının sistemi epizodları dəqiq, sürətlə müəyyən etməklə, vaxt itkisi minimum olmaqla futbolda işi asanlaşdırır.

“Traktor sistemi” 2016 və 2017-ci illərdə beynəlxalq səviyyədə bir neçə Qızıl medala layiq görülüb. FİFA da bu sistemə müsbət yanaşır. 2018-ci ildə Təbrizin “Səhənd” stadionunda “Paledi sistem”indən uğurlu şəkildə istifadə olunub.

Xəbər Lenti