Azərbaycan futboluna ayrılan milyonları KİMLƏR BATIRIR?

29 Yanvar 2021 14:40 Azərbaycan Futbolu 797
Azərbaycan futboluna ayrılan milyonları KİMLƏR BATIRIR?

2021-ci il yanvarın 24-də imzaladığı fərmanla Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurası yaradılıb.

Bəzi ekspertlər deyirlər ki, SOCAR-da olan dəyişiklik bu qurumun sponsoru olduğu Azərbaycan futbolunda da radikal dəyişiklikləri qaçılmaz edir.

Qeyd edək ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev həm Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) rəhbərlik edir.

Doğrudanmı Dövlət Neft Şirkətində Müşahidə Şurasının yaradılması AFFA-nın işinə təsir edəcək? (modern.az)

"Qol.az" saytının redaktoru Aydın Bağırov bildirib ki, SOCAR-das Müşahidə Şurası yeni yaranıb və onun AFFA-ya təsir edib-etməyəcəyi barədə danışmaq hələ tezdir:

"Şəxsi fikrim belədir ki, futbol sahəsində maliyyələşmə ilə bağlı mütləq şəkildə bir dəyişiklik olmalıdır.

Maliyyə ölçüsü ədalətli şəkildə aparılmalıdır, çünki uzun illərdir - yəni 13 ili əhatə edən prosesdə yetərincə klublar, milli komandalar və AFFA-nın özü SOCAR-ın xətti ilə maliyyələşib.

Bu müddətdə də kifayət qədər yüksək pul xərclənib. Burada söhbət yüz milyonlarla dollardan gedir. Futbol elə bil sahədir ki, pulun xərclənməsi o qədər də təəccüblü deyil.

Problem ondadır ki, bu qədər maliyyə ayrılsa da, nəticələr adekvat olmayıb. Həm milli komandalar, həm də AFFA-nın maliyyələşdirdiyi klubların nəticələri ümumiyyətlə çox bərbad səviyyədədir.

Yalnız "Nefttçi" 2012-ci ildə Avropa Liqasının qrupuna düşüb, digər klubların isə heç bir nəticəsi olmayıb. Avropa Liqasının qruplarında oynayan "Qarabağ" və "Qəbələ" isə müstəqil klublardır, onlar nə SOCAR, nə də AFFA-dan maliyyələşiblər".

Aydın Bağırov qeyd edib ki, digər problemli məsələ futbola ayrılan maliyyənin əsasən paytaxt Bakını təmsil edən klublara yönləndirilməsidir:

"Bölgələrdə isə bu maliyyələşmə eyni səviyyədə olmayıb. Paytaxtın "Keşlə" klubunun illik 4-5 milyon manat büdcəsi olubsa, "Kəpəz" komandasının 300-400 min manatlıq büdcəsi olub.

Bölgə klublarının büdcəsi az olduğu üçün yüksək liqada oynaya bilmirlər. Buna görə də Gəncə, Tovuz, Zaqatala və digər klublar maliyyəsi az olduğuna görə lisenziyalaşdırma tələblərinə cavab verə bilmir və nəticədə Premyer Liqaya çıxmırlar.

Bu səbəbdən bölgə futbolu çox böyük çətinliklər çəkir və futbola ümumiyyətlə maraq, həvəs qalmayıb. Düşünürəm ki, SOCAR-ın Müşahidə Şurası bu məsələyə baxa bilər.

Əgər maliyyələşmə yenə də SOCAR tərəfdən olacaqsa, bu zaman bölgələrə, maliyyə prinsipinə xüsusi fikir verilməlidir. Bölgülər ədalətli şəkildə deyil, haradasa qeyri-şəffaflıq olub, bunu artıq özləri ciddi şəkildə araşdırmalıdırlar.

Maliyyələşmə elə olmalıdır ki, bu zaman bizim bölgə klubları da fayda götürə bilsin. Əvvəl olduğu kimi, heç bir iş adamı klublara dəstək göstərə bilmir, ona görə də hər kəsin ümidi AFFA və SOCAR-dan gələn pula qalıb. Dost-tanışlıq, qohumbazlıq kimi prinsiplərə artıq son qoymaq vaxtıdır".

Matç.az idman portalının redaktoru İxtiyar Əsgərov deyib ki, SOCAR-la bağlı dəyişikliyin necə nəticə verəcəyini zaman göstərəcək.

"Hazırkı durumda ölkədə ən vacib məsələ futbol yox, 44 günlük müharibədən sonra işğaldan azad edilən ərazilərdə abadlıq, bərpa işləridi. Yəqin ki, müharibənin kölgəsində qalan futbol yenə arxa planda olacaq. Amma Dövlət Neft Şirkətinin ölkə futboluna dəstəyini danmaq olmaz.

Bir vaxtlar milli komanda səfər oyunlarına, yoldaşlıq görüşlərinə getmək üçün vəsait tapmırdı. Həmin problemləri SOCAR həll edirdi. SOCAR indiyədək ölkə futboluna milyonlarla manat pul ayırıb və təəssüf ki, bəzi klub rəhbərliyinin yarıtmaz idarəçiliyi səbəbindən həmin vəsait havaya sovrulub.

Səviyyəsiz transferlərə külli miqdarda pullar xərclənsə də, ölkə futboluna heç bir faydası olmayıb.

Əvəzində cibləri dolan bəzi bacarıqsız, arxalı klub rəhbərləridi. SOCAR-ın əzizləyib, yağ-bal içində saxladığı, ölkənin ən köklü komandası olan “Neftçi”nin son 10 ildəki statistikasına baxaq: ən ciddi uğuru Sadıq Sadıqovun prezidentliyi dövründə Avropa Liqasının qrup mərhələsinə düşməsidi.

Güclü, stabil maliyyəyə baxmayaraq, bu komanda son 3-4 ildə Avropada “qapazaltı”ya çevrilib. Ölkə çempionatında qızıl medal üzünə həsrətdi. Amma klub rəhbərliyindən milyonların hara xərcləndiyini soruşan yoxdu.

Belə faktlar çoxdu, SOCAR istər “Neftçi”, istər “Keşlə” klublarına dəstək verir. Amma mənə görə, futboldakı uğursuzluğa görə problem Neft Şirkətində yox, həmin klubların rəhbərlərindədi.

Ümid edək ki, dəyişiklikdən sonra da SOCAR futbola maliyyə ayıracaq. Amma inkişaf istəyiriksə, futbola ayrılan həmin milyonların düzgün istiqamətdə xərclənməsinə ciddi nəzarət mütləq lazımdı".

Digər Xəbərlər
Xəbər Lenti