AFFA rəhbərliyi üçün əla yeni il “təbriki”!

28 Dekabr 2020 15:00 Azərbaycan Futbolu 1 052
AFFA rəhbərliyi üçün əla yeni il “təbriki”!

Azərbaycan futbolunun veteranı Asəf Namazov yenə də zəng etmişdi.

Dedi ki, AFFA-nın “ağıllı” rəhbərlərini təbrik etmək istəyirəm. Həm həmrəylik günü, həm yeni il münasibətilə, həm də “müdrik” qərarlar verdiklərinə görə.

Nə imiş AFFA-nın “müdrik” qərarı? Azərbaycanın əsas yığması da, U-21 yığması da olduqca uğursuz çıxış edib. Uğursuz çıxış etməyib ey, batırıb üst-başını, amma AFFA rəhbərliyi hesab edir ki, yığmaların nəticələri qənaətbəxşdir.

Elə ona görə də əcnəbi baş məşqçiləri daha bir neçə il Azərbaycanda saxlamaq qərarı verilib. Daha bir neçə il Azərbaycan onlara dollarla məvacib ödəyəcək. Daha bir neçə il 10-15 əcnəbi ölkədən külli miqdarda valyuta çıxaracaqlar.

“İki düşmənlə ermənilər və koronavirusla müharibə aparan bir ölkədə belə qərarı verə bilmək üçün çox “müdrik” olmaq lazımdır” deyir Asəf müəllim.

Nəinki “müdrik” olmaq, həm də çılxa “vətənpərvər” olmalısan ki, Vətənin mənafeyini belə “qoruya” biləsən. Asəf müəllim də AFFA rəhbərliyinə “minnətdarlıq” etməyi özünə borc bilib.

Deyir ki, nə yaxşı bizim belə AFFA-mız, qurumun belə “müdrik” rəhbərləri, futbolumuzun gələcəyi üçün “ağıllı” qərarlar qəbul edən İcraiyyə Komitəmiz var.

Biz də özümüzə borc bildik ki, Asəf müəllimin “minnətdarlığını” onlara çatdıraq. Hesab edirik ki, bu, AFFA rəhbərliyi üçün əla yeni il “təbriki” olar. Onlar belə “təbriki” haqq ediblər.
***
Yeri gəlmişkən, Azərbaycanda koronavirusa yoluxanların sayı sürətlə azalır. Deyəsən, son qadağalardan sonra xəstəliyi nəzarət altına almaq mümkün olub.

Yəqin ki, hamınız buna sevinirsiniz. Amma sevinməyənlər də ola bilər. Bu, gümandır ha. Amma belə gümana düşməyimiz üçün tutarlı arqumentimiz də var.

Bilirsiniz ki, Azərbaycan Premyer Liqasının oyunlarına həmişə 200-300 tamaşaçı gəlirdi. Bu da baş qaxınclığı sayılırdı. Peşəkar Futbol Liqasının prezidenti öz çempionatını tərifləyəndə, bu faktı atırdılar qarşısına,

Ramin Musayev də söz tapa bilmirdi. Baxmayaraq ki, Ramin müəllimin söz ehtiyatı böyükdür. Pandemiya bütün dünyada futbol oyunlarının azarkeşsiz keçirilməsini şərtləndirdi.

Yəni İngiltərə Premyer Liqası da oxşadı Azərbaycan Premyer Liqasına. Bir ilə yaxındır ki, Ramin Musayev “çempionat oyunlarına azarkeş gəlmir” danlağından qurtulub. İndi biz heç, siz deyin, PFL prezidenti pandemiyanın başa çatmasını arzulayar?

Ramin Musayevi deyə bilmərik, amma Sportinfo.az ailəsi sizlərə yeni ildə pandemiyasız, sağlam və xoşbəxt həyat arzulayır.

2020-ci ildə torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Arzulayaq ki, 2021-ci ildə futbolumuz da “işğaldan” qurtulacaq.

Nikbin olaq, nikbinlik qələbə gətirir. Bayramınız mübarək!

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!