"Qarabağ” haqda çox eşitmişəm, m’n üzərimə düşən işi gördüm"

14 Avqust 2023 11:00 Azərbaycan Futbolu 1 402
"Qarabağ” haqda çox eşitmişəm, m’n üzərimə düşən işi gördüm"

“Qələbə qazansaq da, ən yaxşı oyunumuzu keçirdiyimizi deyə bilmərəm”.

Sportinfo.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın futbolçusu İsmail Azzaui “Qəbələ”ni 2:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının II turunun oyunu ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Belçikalı yarımmüdafiəçi hələ tam formada olmadıqlarını söyləyib:

“İlk matçda “Turan Tovuz”la qarşılaşdıq. Müqayisə etsək, həmin dueldə də yaxşı çıxış etdik, sadəcə, epizodları dəqiq dəyərləndirə bilmədik və yenildik.

Həmin qarşılaşmadakı səhvlərimizdən nəticə çıxardıq, “Qəbələ”yə qarşı matçda onları təkrarlamadıq.

Vacib məqam epizodları məntiqi sonluğa çatdırmağı bacarmağımızdır. Komanda addım-addım irəliləyir.

Kollektivimiz yeni yığışıb. Təlim-məşq toplanışı və yoldaşlıq oyunları keçirmədən çempionata başladıq.

Həmin vaxt görməli olduğumuz səhvləri, çatışmazlıqları rəsmi oyunlarda görürük. Çətinliklərimiz var, ağır məşqlərlə bunu yoluna qoymağa çalışırıq”.

Cari mövsümdə Naxçıvan təmsilçisinin ilk qolunun müəllifi olan 25 yaşlı oyunçu buna görə xoşbəxt olduğunu bildirib:

“Bu qolu vurmaq özüm üçün də əhəmiyyətli idi. Çünki yeni ölkəyə, liqaya gəlmişəm.

Uyğunlaşma baxımından vacibdir. Ən əsası, komandamın qələbə qazanması üçün üzərimə düşən işi gördüm. Ümid edirəm ki, bu qolun davamı gələcək”.

İsmail Azzaui III turda “Qarabağ”a qarşı baş tutacaq görüşə də toxunub:

“Növbəti oyunda qarşılaşacağımız “Qarabağ” haqda çox eşitmişəm. Çempionatın ən güclü komandalarından biridir.

Xüsusilə də, avrokuboklardakı çıxışı ilə fərqlənir. Qarşıda bir həftə vaxtımız var.

Yaxşı hazırlaşacağıq, baş məşqçinin nə istədiyini, bizim meydanda nə edəcəyimizi öyrənəcəyik. Maraqlı oyun olacaq”.

“Qarabağ” – “Araz-Naxçıvan” matçı avqustun 20-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti