“Hərbçilərin pensiya təminatında heç bir azalma olmayacaq”

29 Noyabr 2023 13:50 Gündəm 1 167
“Hərbçilərin pensiya təminatında heç bir azalma olmayacaq”

Hazırda parlamentin müzakirəsində olan yeni Qanun layihələrində gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (MAXE) üçün xidmətdə olmanın son yaş həddinin 45-dən 48-ə çatdırılması təklifi öz əksini tapır.

Bu barədə Müdafiə Nazirliyi tərəfindən yayılan məlumatda bildirilib.

Bildirilib ki, yeni islahatın tərkib hissəsi kimi, hərbi qulluqçuların pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması da nəzərdə tutulub.

Hazırda 25 təqvim ili hərbi xidməti olan hərbi qulluqçuların təminat xərcliyinin 60 faizini pensiya kimi alması, lakin yeni layihələr qəbul olunduğu halda bu xərcliyin 5 faiz çox olmaqla 65 faizini alacaqları, bununla da pensiya təminatında hər hansı azalmanın olmayacağı qeyd edilib.

Bundan başqa, mülki işlərlə bağlı stajları olan hərbi qulluqçuların da həmin dövrün hər ili üçün 1 faiz əlavə hesablanması da layihədə nəzərdə tutulub.

Qeyd olunanlarla yanaşı, azı 17 təqvim ili xidmət etmiş hərbi qulluqçu 25 təqvim ilini tamamlayanadək xidmətdən buraxıldığı halda, onun əvvəlki normalara uyğun olaraq 20 təqvim ili xidmət etdiyinə görə hərbi qulluqçu kimi pensiya hüququ əldə etməsi, yəni ötən dövrdə qazanılmış pensiya hüquqlarının yeni dəyişikliklər qəbul edildikdən sonra da təmin olunması nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti