“Qarabağ”ın yeni baş məşqçisi: “Çempion olmaqla heç kimə heç nə verilmir”

27 Yanvar 02:10 Qarabağ 807
“Qarabağ”ın yeni baş məşqçisi: “Çempion olmaqla heç kimə heç nə verilmir”

"Qarabağ”da yeni təyinat gerçəkləşdi.

"Şamaxı”nın sabiq baş məşqçisi Vüqar Əsgərli Ağdam təmsilçisinin futbol akademiyasına təyin olundu.

İsteva verən "Qarabağ”ın U-15 komandasının sabiq baş məşqçisi Rakif Əliyevin boş qoyduğu posta təyin olunan mütəxəssis son çempionun uğurunun davamını gətirməyə çalışacaq.

Sportinfo.az xəbər verir ki, Əsgərli qaynarinfo-ya açıqlamasında yeni iş yeri ilə bağlı təəssüratlarını bölüşüb.

O, akademiyanın durumundan da danışdı:

"Akademiyanın rəhbəri Aftandil Hacıyev təklif etdi. Bu təklif mənim üçün uyğun idi. O, yaya qədər təcrübəmi uşaqlarla bölüşməyimi istədiyini, daha sonra yenə müzakirələr aparacağımızı bildirdi. Yayda hansısa Premyer Liqa komandasından təklif gələrsə, orada çalışa biləcəyimi də vurğuladı”.

Məşqçi akademiyanın hazırkı durumu ilə bağlı bunları söylədi:

"Yaxşı qiymətləndirirəm. Çox keyfiyyətli işlər görülür. Məsələn, akademiya son çıxan proqramlarla, avadanlıqlarla təmin olunmağa başlanılıb. Uşaqları xarici turnirlərə göndərirlər. Mən hazırda komanda ilə birlikdə növbəti turnirə hazırlaşıram. İlk turnir Türkiyədə keçirilmişdi. Bu dəfə isə Belarusa yollanacağıq. Futbolçuların inkişafı üçün belə turnirlər çox vacibdir ki, bunu da təşkil edirlər”.

Maraqlıdır, onun qarşısına hansısa hədəflər qoyulub?

"Bu komanda birinci yerdə gedir. Rəhbərliklə müzakirələr zamanı dedilər ki, nəticələr önəmli deyil. Vacib olan təcrübəmi bu uşaqlarla bölüşməkdir. Uşaqları əsas komandanın oyununa uyğun yetişdirməliyik ki, gələcəkdə oraya dəvət alanda əziyyət çəkməsinlər. Demək olar, aşağı yaş qruplarında sistem eynidir. Həm maraqlıdır, həm də mənim üçün yad klub deyil. 2017-2018-ci illərdə "Qarabağ”da çalışmışam. 17 yaşlılardan ibarət komandada ispan məşqçinin köməkçisi idim. Daha sonra U-19-da Rəşad Sadıqovla birlikdə işlədik. Həmin vaxtdan bəri, demək olar, çox dəyişiklik həyata keçirilib. Məsələn, hər məşqçinin öz köməkçisi var. Mən də "Şamaxı”da birlikdə çalışdığım analitiki dəvət etdim. Dron, "Go Pro” kimi avadanlıqlar mövcuddur və hamısından istifadə edəcəyik. "Şamaxı”da hansı proqramlar üzrə işləyirdiksə, burada da eynisi olacaq. Gələcəkdə fitnes məşqçisinin də dəvət edilməsi planlaşdırılır. Digər - qapıçı məşqçisi və köməkçi isə yerində qalcaq. Yalnız analitiki dəvət etmişik”.

Əsgərli qarşılarına heç də çempionluq məqsədi qoyulmadığını, əsas proqram üzərində çalışacaqlarını və hansı meydançada məşq keçəcəklərini də dedi:

"Bilirəm ki, Rakif müəllimin də qarşısına çempionluq məqsədi qoyulmamışdı. Amma bu, uşaq futboludur. Əsas hədəf nədirsə, onun üzərində çalışmalıyıq. Bizə lazımdır ki, uşaqlar eyni şəkildə oynasınlar. Hamısının inkişafını düşünməliyik. Çempion olmaqla heç kimə heç nə verilmir. "Sərhədçi”də məşq edirik. Ola bilsin, "Neftçi”nin köhnə bazasına köçək. Orada, yeni meydançada da məşqlərimiz olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti