AFFA-dan belə müdrik və qətiyyətli addım gözləməyə dəyərmi?

25 Noyabr 2020 17:00 Araşdırma 691
AFFA-dan belə müdrik və qətiyyətli addım gözləməyə dəyərmi?

“Mənim burdakı işim başa çatdı, mənə verilən vaxt bitdi. Fanatlara, jurnalistlərə və futbolçulara təşəkkür edirəm.

Biz çətin günlərdən birlikdə keçdik. Amma burda çox yaxşı günlər keçirdim. Belə olduğu üçün təəssüflənirəm” – Gürcüstan millisinin slovakiyalı baş məşqçisi Vladimir Vayss istefasını bu sözlərlə açıqlayıb.

Hiss etmək çətin deyil ki, 56 yaşlı mütəxəssis özü də xeyli məyusdu və bu qərarı açıqlamaq onun üçün çətindi. Hər halda, 4,5 il az müddət deyil. Vays 2016-cı ilin martından qonşu ölkənin yığmasını çalışdırırdı.

Özü də slovakiyalı mütəxəssis millinin baş məşqçi postunda bizə yaxşı tanış olan Kaxaber Tsxadadzeni əvəzləmişdi. Razılaşaq ki, Tsxadadze özü də yetərincə səviyyəli məşqçidi.

Elə bunun da nəticəsidi ki, adam illərdi ölkəsindən kənarda komanda çalışdırır. Uzun müddət Azərbaycanda işlədi. Sonra vətəninə qayıdıb, milli komandanı qəbul etdi. Ordan ayrılandan sonra yenidən xaricə yollanddı.

Almatı “Kayrat”ı, daha sonra isə Çimkənd şəhərini təmsil edən “Ordabası” Tsxadadzenin rəhbərliyi altında Qazaxıstan çempionatında pis çıxış etmir. Ən azı bu faktı xatırlayaq ki, hər iki komanda gürcü mütəxəssisin dövründə mükafatçılar sırasında yer alıb, avrokuboklara vəsiqə qazanıblar.

Bununla belə, Tsxadadze Gürcüstan millisində uzun müddət duruş gətirməmişdi. Maraqlıdı ki, həmin vaxt onunla Vayss arasında sirli bir yerdəyişmə baş verdi. Çünki Vayss Gürcüstana gələnə qədər məhz “Kayrat”ın “sükanı arxasındaydı”.

Tsxadadze də Gürcüstan millisindən ayrılandan sonra Almatıya, Qazaxıstanın “xalq komandası”na yollandı. Təsadüfdü, ya yox, bunu deyə bilməyəcəm.

Heç yazımın mövzusu da bu deyil. Demək istədiyim odu ki, 2016-cı ildə gürcü futbolunun başbilənləri yerli mütəxəssisdən imtina edib, əcnəbiyə güvəndilər.

Məlum məsələdi ki, Tsxadadzeyə nisbətən Vayss Gürcüstan Futbol Federasiyasından daha çox məvacib alırdı. Gürcülər daha çox xərcə ona görə düşmüşdülər ki, nəticələr müsbətə doğru dəyişsin və milli komanda böyük turnirlərin final mərhələsinə vəsiqə qazansın.

Az qalırdı ki, bu istəklərinə çatsınlar. Gürcüstan Millətlər Liqasının ilk mövsümündə əla çıxış etdi və öz qrupunda birinci yeri tutmağı bacardı. Bu isə o demək idi ki, gürcülər Avropa çempionatının final mərhələsinə qatılmaq uğrunda mübarizəni davam etdirəcəklər.

Yarımfinalda Belarus səddi aşılanda çoxları Gürcüstanı qitə çempionatının final mərhələsində görürdü. Bu da təsadüfi deyildi. Çünki final mərhələsindəki rəqib gürcülərə yad deyildi. Hələ qrupda Şimali Makedoniya millisi Gürcüstanla qarşılaşmışdı və iki görüşün heç birində qalib müəyyənləşməmişdi. Özü də hər iki oyunda hesabı açan gürcülər olmuşdu.

Deməli, bu nəticəyə gəlmək olardı ki, Gürcüstan Şimali Makedoniyadan daha yaxşı komandadı. Püşkə əsasən final görüşü Tiflisdə keçiriləcəkdi. Doğma meydan amili də gürcülər üçün əlavə üstünlüyə çevrilirdi. Cəmi bir oyunda qələbə kifayət idi ki, uzun illərin həsrəti bitsin və Gürcüstan millisi qitə çempionatına vəsiqə qazanan xoşbəxt ölkələr sırasında yer alsın. Şimali Makedoniya ilə final qarşılaşmasının boş tribunalar önündə keçirilməsi və rəqibin heyətində Qoran Pandev kimi təcrübəli hücumçunun yer alması həlledici oldu. 37 yaşlı Pandevin vurduğu qol gürcülərin arzusunun üzərindən xətt çəkdi, Avropa çempionatına gedən qatarın sərnişini Şimali Makedoniya oldu.

Buna bizim el dilində “soyub-soyub, quyruğunda murdar etmək” deyərlər. Vayss və futbolçuları da belə etdi. Bu məğlubiyyətin ağrısı, gərginliyi o qədər güclü oldu ki, slovakiyalı çalışdırıcı və Gürcüstan Futbol Federasiyası yolları ayırmaq üçün bir neçə gün səbr etmək belə istəmədilər. Bundan cəmi 6 gün sonra keçiriləcək Estoniya ilə qarşılaşmanı heç kim gözləmədi və əcnəbi məşqçinin istefası ictimaiyyətə açıqlandı.

Hazırda Gürcüstan millisini yenidən yerli mütəxəssis çalışdırır. Bu dəfə də bizə yaxşı tanış olan məşqçidi. Artıq sizin də xəbəriniz var ki, vaxtilə əmisi ilə birlikdə Azərbaycanda çalışan Ramaz Svanadze Gürcüstan millisinin baş məşqçisidi. 39 yaşlı Ramaz millini Estoniya ilə oyuna çıxardı. Ehtimal olunur ki, yerli federasiya bundan sonra yola elə gənc gürcü ilə davam edəcək. Əcnəbidən mədət ummaq, xarici mütəxəssisə qucaq açmaq gürcülərə xas xüsusiyyət deyil.

Deyirəm, nə olaydı, AFFA bütün bunları görəydi, qonşuların təcrübəsini öyrənəydi. Xaricdən gətirilən məşqçinin qarşısında konkret hədəf, tələb olmalıdı. Ona çatmaq mümkün olmadısa, yollar ayrılmalı və bu siyasətdən imtina edilməlidi. Necə ki, gürcülər belə edir.

Vladimir Vayss gürcülər üçün Prosineçkidən də, Foqtsdan da, Yurçeviçdən də, lap elə De Byazidən də uğurlu məşqçi idi. Ortada konkret nəticələri vardı.

Amma görəndə ki, onunla böyük məqsədlərə çatmaq mümkün olmayacaq, dərhal yollar ayrıldı və milli yerli gəncə tapşırıldı. Sizcə, AFFA-dan belə müdrik və qətiyyətli addım gözləməyə dəyərmi? (Futbol+)

Digər Xəbərlər
Xəbər Lenti