“Qarabağda qızıl talan edilərək qazancı Ermənistana daşınıb”

30 Oktyabr 2020 15:25 Araşdırma 237
“Qarabağda qızıl talan edilərək qazancı Ermənistana daşınıb”

“Qarabağda əldə edilən maliyyə resursları Ermənistana və Ermənistan vasitəsilə digər ölkələrin bank sisteminə daşınıb”.

Sportinfo.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistanın öz ərazisindən Azərbaycana atılan raketlər və mülki Azərbaycan əhalisinin öldürülməsi növbəti dəfə əsaslandırılmış şəkildə Ermənistanın məsuliyyətini təsbit edir: “Bu gün Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak edən silahlı qüvvələrin üzvləri də məhz Ermənistan vətəndaşlarıdır.

Azərbaycanın işğal olunmuş ərazilərində mülki əhaliyə qarşı zorakılıq cinayətləri, onların öldürülməsi, talan edilməsi kimi müharibə cinayətləri törədilib. Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində mədəniyyət abidələrini və mədəni irsi məhv edərək müharibə cinayəti törədib. Həmin ərazilərdə Ermənistan qanunsuz məskunlaşma siyasəti həyata keçirib. Biz dəfələrlə ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında bu məsələni qaldırsaq da, adekvat reaksiya verilməyib.

Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyəti ilə məşğul olunması halları da təsnif olunmalıdır. Həmin ərazilərdə zəngin mineral resursları, qızıl, gümüş və mis ehtiyatları yataqlarına xarici ölkələrin fiziki və hüquqi şəxsləri cəlb edilməklə talan edilib, üçüncü ölkələrin bazarına çıxarılıb və qazancı digər məqsədlər üçün istifadə olunub. Əldə edilən maliyyə resursları Ermənistana və Ermənistan vasitəsilə digər ölkələrin bank sisteminə daşınıb".

Hikmət Hacıyev bildirib ki, Azərbaycan xalqına qarşı törədilmiş hərbi və müharibə cinayətlərinə, həmçinin insanlıq əleyhinə törədilmiş cinayətlərə görə Ermənistan Respublikası dövlət olaraq məsuliyyət daşıyır: “Həmçinin bu kimi əməllərdə iştirak etmiş Ermənistanın hərbi-siyasi rəhbərliyində çalışan şəxslərin də fərdi məsuliyyəti var. Onlar da törətdikləri əməllərə görə məsuliyyət daşıyırlar. Azərbaycan bundan sonra da hüquqi müstəvidə Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərə görə məsuliyyət daşıyan fərdlərlə bağlı hüquqi təqib addımlarını davam etdirəcək. Milli məhkəmə hüquq sistemində qiymət verilərək bu məsələnin beynəlxalq müstəviyə çıxarılması üçün beynəlxalq platformalara çıxarılacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu