Azərbaycanın regionlarında yeni komandalar olacaq

26 Sentyabr 2020 20:20 Araşdırma 1 781
Azərbaycanın regionlarında yeni komandalar olacaq

Ölkə ərazisində karantin rejimi ləğv olunmasa da, artıq futbol həyatı yenidən əvvəlki günləri xatırlatmağa başlayır.

Avqustun 21-də Premyer Liqa start götürüb, oktyabrın 1-də birinci divizionda 2020/21 “futbol ili”nin ilk turu keçiriləcək.

Sportinfo.az xəbər verir ki, sentyabrın 15-dən isə Region Liqasında qeydiyyat başlayıb. AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif yaş qrupları üzrə liqaların da oktyabrın ilk həftəsində start götürəcəyi gözlənilir.

İstər Region Liqasının, istərsədə aşağı yaş qrupu üzrə liqaların təşkilinə cavabdehlik daşıyan AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevlə söhbətdə yeni “futbol ili”ndə hansı yeniliklərin olacağına aydınlıq gətirməyə çalışdıq:

“Region Liqasına qatılmaq istəyən komandaların qeydiyyatı davam edir. Dünən (srağagün) liqada iştirak etmiş və bu il debüt etmək niyyətində olan komandaların rəsmiləri ilə onlayn görüşümüz oldu.

Region Liqasında çıxış etmək üçün tələb olunan şərtləri bir daha onların diqqətinə çatdırdıq. Hələ ki say barədə danışmaq tezdi. Müraciət etmək o demək deyil ki, artıq onların liqada çıxış edəcəyi dəqiqləşib.

Bizim üçün vacib olan təminat məktubudu. Həmin məktubu dövlət qurumu, İcra Hakimiyyəti və ya özəl qurum təqdim edə bilər. Bunu etməkdə məqsəd həmin komandaların çempionatın gedişində kənara çəkilməsinin qarşısını almaqdı.

Say barədə hələ ki dəqiq məlumat verməsəm də, onu deyə bilərəm ki, Cənub, Qərb zonasında çıxış etmək istəyən yeni komandalar var. Formata gəlincə, çempionatı ötən il təşkil etdiyimiz kimi keçirəcəyik.

Ancaq zonalar üzrə komanda sayından asılı olaraq dövrə sayı dəyişə bilər. Hər il olduğu kimi, Naxçıvan komandaları da Region Liqasında iştirak edəcəklər. Pandemiya ilə bağlı qarşılaşmalar azarkeşsiz keçiriləcək”.

Digər Xəbərlər
Xəbər Lenti