Azərbaycan yığmasının üzvlərinin adı QALMAQALA QARIŞDI - ARAŞDIRMA

26 Sentyabr 2020 12:16 Araşdırma 443
Azərbaycan yığmasının üzvlərinin adı QALMAQALA QARIŞDI - ARAŞDIRMA

Ümumdünya Antidopinq Agentliyi (WADA) Ümumdünya Ağırlıqqaldırma Federasiyasından (IWF) Tamaş Ayanın prezidentliyi dövründə gizlədilmiş 130 dopinq-testlə bağlı tədbir görməyi tələb edib.

Sportinfo.az-ın "Inside The Games" nəşrinə istinadən məlumatına görə, həmin nümunələr IWF-nin Macarıstanın paytaxtı Buxarestdəki mənzil-qərargahında "dəfn olunub".

Bildirilir ki, testlər götürülsə də, onların üzərində işlənilməyib. Testlərin çoxu illər öncə, qalanları isə 2019-cu ildə - dopinqin geniş yayılması ilə əlaqədar ağırlıqqaldırmanın olimpiada proqramındakı yerini itirmə təhlükəsi ilə üzləşdiyi vaxt götürülüb.

Nümunələrin harada saxlanıldığı və neçə pozuntuya yol verildiyi məlum deyil. Ağırlıqqaldırmada korrupsiyanın müstəqil araşdırılması nəticəsində Ayanın dopinq-testlərin müsbət nəticələrini gizlətdiyi və cəzaların verilmə vaxtını uzatdığı üzə çıxıb.

Araşdırmaya rəhbərlik edən kanadalı professor Riçard Maklaren macarıstanlı funksionerin WADA İdarə Heyətinin üzvü olduğu vaxt da antidopinq prosedurlarına qeyri-qanuni müdaxilələr etdiyini bildirib. Gizlədilmiş nümunələrlə bağlı heç bir konkret detal açıqlanmayıb.

Ayanın qeyri-qanuni əməllərinin Türkiyə və Azərbaycanın da xeyrinə olduğu vurğulanıb. Belə idmançılardan biri kimi Valentin Xristovun adı çəkilir.

Maklarenin müstəqil araşdırması göstərib ki, 2013-cü ilin aprelində və iyununda dopinq-testi müsbət çıxsa da, Azərbaycan təmsilçisinin yarışlarda iştirakını davam etdirməsinə icazə verilib.

IWF-nin hesabatında 130 işlənilməmiş numunəyə 41 gizlədilmiş hal və 10 digər mümkün hal da əlavə olunub. Bu işlərdən bəzilərinin ixtisara salınmasının mümkünlüyü də vurğulanıb.

Çünki onların götürülmə vaxtından 10 il keçib və bu müddət istənilən dopinq pozuntusu üçün qüvvədən düşmüş sayılır. Test nümunələrindən bəzilərinin üzərində kimlərə və hansı ölkəyə məxsus olduğu göstərilməyib.

10 milyon dolların (8,6 milyon avro) yoxa çıxması, dopinqin ört-basdır edilməsi və seçkilərin saxtalaşdırılması Ayan IWF-ni tərk etdikdən 7 həftə sonra media vasitəsilə açıqlanıb.

O da bildirilir ki, ayrı-ayrı idmançılar, milli federasiyalar və IWF-nin keçmiş "müstəqil" antidopinq komissiyası ilə işləyənlərdən dopinq-testlər verildikdən sonra onların üzərində adi prosedurların işlənilməsinə cəhd göstərilməməsinin səbəbi soruşulacaq. Burada yerli antidopinq agentliklərinin rolu da müzakirə mövzusudur.

Tamaş Ayan IWF-yə 44 il rəhbərlik edib. Ağırlıqqaldırma onilliklər ərzində dopinq qalmaqallarından əziyyət çəkib. Nəticədə Rio-2016 Yay Olimpiya Oyunları ilə müqayisədə bu növ üzrə 64 idmançı kvotası azaldılıb. Tokio Yay Olimpiya Oyunlarında cəmi 196 ağırlıqqaldıran mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti