AFFA-nın başında duranlar “Neftçi”dəki BU ADAMI görmür?

21 Fevral 2022 19:00 Araşdırma 2 740
AFFA-nın başında duranlar “Neftçi”dəki BU ADAMI görmür?

Vaxtilə “Neftçi”nin “şineli”ndən çıxan Araz Abdullayev, Tərlan Quliyev, Amit Quluzadə, Məqsəd İsayev, Ağabala Ramazanov, Fəhmin Muradbəyli, Slavik Alxasov kimi futbolçular bu gün müxtəlif komandaların şərəfini qoruyur.

Məhz onların parlamasından sonra “ağ-qaralar”da uzun müddət durğunluq yaşandı.

İndiki “Neftçi”nin oturuşmuş heyətinə baxanda, klubun öz yetirməsi olan 1 ada rast gəlmirik. Hə, müəyyən mənada Ömər Buludovu ön plana çıxarmaq olar. Kamran İbrahimovla Mirabdulla Abbasov isə çoxdan əvəzedici statusu ilə barışıb.

Artıq bu həsrətə son qoyulmaqdadır. Ötən il “Neftçi-2”də Mahmud Qurbanovun rəhbərliyi altında çempion olmuş gənclər bu gün əsas komandada Samir Abasovun sərəncamındadır ki, həm təcrübəli futbolçularla məşq edir, həm meydana çıxır, həm də qol vururlar.

Bəli, Premyer Liqada qol vururlar.

16-cı turun “Neftçi” - “Keşlə” qarşılaşmasında qonaqların qapısına yol tapan Ramin Nəsirlinin 20 yaşı sentyabrın 24-də tamam olacaq. Meydanda olduğu müddətdə mübarizə apardı, qaçdı, “açıldı”, yekunda haqq etdiyi qolu vurdu.

Raminə qədər başqa bir gənc – Vüsal Əsgərov eyni sevinci yaşamışdı.

Cari Premyer Liqa mövsümündə 4 matçda start heyətində yer alan 20 yaşlı yarımmüdafiəçi “Neftçi”dəki ikinci oyununda “Səbail”in qapısına vurulan yeganə qolun müəllifi kimi adını tabloya yazdırmışdı.

İsmayıl Zülfüqarlı da “Neftçi”nin yetirməsidir. 20 yaşı olmasına baxmayaraq, onu əsas komanda üçün “köhnəlmiş gənc” hesab edə bilərik.

“Əsas”da Roberto Bordinin dönəmində debüt edən cinah oyunçusu cari mövsümdə 10 oyunda meydana çıxmaqla 1 qola imzasını yazdırıb.

Siyahı bu adlarla yekunlaşmır. Samir Abasovun məşqlərə cəlb etdiyi digər gənclər də var: Famil Camalov, Fərid Yusifli, Rüfət Abbasov. “Dauqavpils”lə müqavilə bağlamağa hazırlaşan Asim Əlizadə də “Neftçi-2”nindir.

Bu futbolçular son 2 ildə “Neftçi”nin əvəzedici komandasında hansısa İvan-Petrovun yox, Mahmud Qurbanovun əlinin altında yetişib, üzə çıxanlardır.

Və həmin gənclər bu gün nəinki əsas komandada forma geyinmək şansı qazanır, həm də Bezerra, Maçado, Meza Kolli, Mahmudov kimi təcrübəlilərin yer aldığı kollektivdə qol vurmaq sevincinə nail olur.

AFFA-nın başında oturub Miloş Velebit, Milan Obradoviç kimi əcnəbilərə qucaq açanlar azərbaycanlı mütəxəssisin zəhmətinə önəm verməz, baxmaz, görməz.

Çünki onlara futbolçu yetişdirən, gənclərlə işləməyi bacaran, onların psixologiyasına bələd olan, nəticə verməyi bacaran yox, başqa şeylərə xidmət edən məşqçilər lazımdır.

Özünüz bildiniz də...

Həbib Aslanov

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə hazırlanıb. Əyalətdə futbolumuz və sağlam cəmiyyət naminə fəaliyyət göstərən akademiya

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
8 İyun 07:00 Günün hava proqnozu